19 avqust 2026 19:51
73

Bala gürzə...

Ermənistan parlamentinin spikeri seçilmiş Ruben Rubinyan həllini gözləyən məsələləri bir yana qoyaraq “köhnə palan içi tökərək” 1905-ci il hadisələrini eşələyib. O, söyləyib ki, ixtilafın yaranmasının əsas səbəblərindən biri “eyni coğrafi ərazidə ermənilər və azərbaycanlıların qarışıq şəkildə yaşaması olub”. Hər necə olsa daşnak balasıdır, həyasızcasına yalan danışacaq, öz ermənisini hara gəldi soxuşduracaq. Düzünü deməli olsa ayrıca qeyd etməlidir ki, Rusiya çarlarının himayəsi ilə digər ölkələrdən öküz arabası köçürülüb azərbaycanlıların ata-baba torpağına şərik olmuşuq. Boynuna diri ilan dolasalar da deməz.

Rubinyan, həmçinin, hesab edir ki, belə münaqişələr imperiyalar zəifləyəndə başlayır:  “1905-ci il hadisələri Rusiya imperiyasının ciddi problemlərlə üzləşdiyi dövrə təsadüf edib. İmperiyanın həm daxili inqilabi proseslərlə, həm də rus-yapon müharibəsindəki məğlubiyyətlə üzləşməsi regiondakı proseslərə təsir göstərib”. Ancaq demir ki, bütün imperiyalar zəifləyəndə ermənilər ondan yararlanıblar. 1991-ci ildə SSRİ dağılanda da onun köməyindən istifadə edən ermənilər Qarabağı və ona bitişik rayonları işğal etdilər. “Araba kölgəsində” yatan daşnaklar onu öz kölgəsi hesab etsələr də əsl həqiqət hamıya məlumdur.

 Ən mühümü odur ki, səhvini başa düşən parlament sədri fikrinə düzəliş verərək “ölkənin hazırkı reallığı qəbul etməli və gələcəyə yönəlməli olduğunu” vurğulayıb. Ardınca isə o, Ermənistanda ermənilərlə yanaşı yezidi kürdlərin, assuriyalıların, rusların və Qarabağdan gələn ermənilərin yaşadığına diqqət çəkərək, azərbaycanlıların da Azərbaycanda yaşadığını bildirib. Bunun ifadəsinə baxın, hər yerdən azan-təzəni ərazinin sahibi azərbaycanlılarla bir sıraya deyil, hətta onlardan da aşağı səviyyəyə qoymağa cəhd edir.  Çıxışının sonunda isə İrəvanın əsas məqsədinin mövcud vəziyyəti ciddiyə almaqla uzunmüddətli sülhə nail olmaq olduğunu söyləyib. Rubinyan unudub ki, ölkəsinin başçısı Ermənistanın yerləşdiyi 29 min kvadrat-kilometri qoruyub saxlamağı prioritet elan edib. Bu bala gürzə isə başını çomağın altına qoyduğunu anlamır, başından böyük qələtlər qırır. Yaddan çıxarır ki, İkinci Qarabağ savaşından cəmi altı il keçib və Azərbaycan Cənubi Qafqazın lider ölkəsinə çevrilib, hərbi qüdrəti orta güc səviyyəsinə yüksəlib.

Görünür, Paşinyan Rubinyanın qulağını yaxşıca burub. Hər halda, köçkünlərlə bağlı onun mövqeyi bəllidir: “Qarabağdan gələn ermənilər Ermənistanda yaşamalıdır”. Bu onun başlıca məqsədidir. Odur ki, Rubenin öz soydaşlarına müraciətlə, qayıdış mövzusu “güzgü effekti” üzrə “azərbaycanlıların da Ermənistana dönüşünü şərtləndirə bilər” xəbərdarlığı başa düşüləndır. Yəqin onu anladıblar ki, əgər 25-30 min erməni Qarabağa qayıdarsa 330 mindən artıq azərbaycanlı da Ermənistandakı yurdlarına qayıtmalıdırlar. Ermənilər göydən zənbildə düşməyiblər ki?  Onlara hər şey olar, başqalarına yox? Təməl insan haqları hər yerdə eynidir.

Xatırladaq ki, az əvvəl Ruben Rubinyan təzə postunda verdiyi ilk açıqlamasında sarsaqlamışdı. Bakıda layiqli cəzalarını almış erməni caniləri “hərbi əsir” adlandırmışdı. Halbuki baş nazir Nikol Paşinyan daha bu ifadəni işlətmir, “Bakıda saxlanılanlar” deyir. Halbuki bunun özü də sülhə və tərəflər arasında normallaşma prosesinə qarşı olan mövqedir. Çünki daşnak-kilsə, radikal-revanşistlərin ritorikası ilə uyğun gəlir. Münasibətlərin yumşaldılmasına doğru addımların atıldığı bir vaxtda naşı erməni spikerin üç üzünü göstərməsi dövlətin apardığı siyasətlə daban-dabana ziddir. Yəqin ki, yeni reallıq Rubenin də kələ-kötür “sifətini” rəndələyib düzəldəcək, insan kimi davranmağa məcbur edəcək.

Vəli İlyasov, “İki sahil”