19 avqust 2026 18:56
140

Ermənistandakı kövrək siyasi sabitlik hər an pozula bilər...

Revanşistlər Nikol Paşinyanın konstitusiya dəyişikliyinə  getmək niyyətini həzm eldə bilmirlər

Ermənistandakı həssas siyasi sabitliyin pozulma ehtimalı yüksəkdir. Çünki baş naziri Nikol Paşinyan ölkəsinin konstitusyasında ciddi dəyişikliklərə getmək niyyətindədir.  Məlumdur ki, bu konstitusiyada işğalçılıq notları mövcuddur. Konkret isə buradakı Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması əsas və ədalətli şərtdir. Xatırladaq ki, Ermənistan Konstitusiyasının preambulasındakı Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur.

Ermənistan müxalifəti isə bununla razılaşmır. Hətta bu layihəni Nikol Paşinyanın Azərbaycana növbəti güzəşti hesab edirlər. Qeyd edək ki, hakim partiyanın referendum təşəbbüsünü parlamentdən keçirmək üçün də əlavə dəstəyə ehtiyacı var. “Vətəndaş Müqaviləsi”nin 64 deputatı olduğu halda, referendumun keçirilməsi üçün azı 70 səs tələb edilir. Bu səbəbdən konstitusiya məsələsinin İrəvanda siyasi qarşıdurmanı daha da sərtləşdirəcəyi gözlənilir.

Xatırladaq ki, hələ bir müddət əvvəl  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mətbuata açıqlamasında bildirmişdi ki,  Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur və bu maddələrin ləğv edilməsini tələb edirik: “Bununla bağlı Ermənistandan qətiyyətli addımlar gözləyirik. Son zamanlar Ermənistan tərəfindən eşitdiyimiz arqumentlər bizi qane edə bilməz. Onu da qeyd etmək istərdim ki, Ermənistanın Konstitusiya Məhkəməsinin növbəti qərarı oldu. Belə ki, Konstitusiya Məhkəməsi Ermənistan Konstitusiyasının preambulasının dəyişməz olduğu və xüsusi olaraq preambulaya toxunmağın mümkün olmaması barədə qərar qəbul edib. Hesab edirik ki, bu, vəziyyəti daha da mürəkkəbləşdirir. Çünki məhz Ermənistanın Konstitusiyasının preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad var. Həmin Müstəqillik Bəyannaməsində də Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar yer alır”.

Vurğulamaq lazımdır ki, hələ  1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin birinci sessiyası «Ermənista­nın Müstəqilliyi haqqında Bəyannamə»ni qəbul edib. Müstəqillik yolunda hüquqi sənəd olan və Ermənistanın siyasi, iqtisadi və mədəni inkişaf yollarını göstərən bu Bəyannamə 12 bənddən ibarət idi. Bəyannamənin preambulasında Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Muxtar Vilayətinin İc­raiyyə Komitəsinin «Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında» 1989-cu il 1 de­kabr tarixli birgə qərarı əsasında müstəqil Ermənistan Respublikasının hüquqi ba­zası müəyyənləşdirilirdi. Həmin Bəyan­namənin 11-ci bəndində elan olunurdu: «Ermənistan Respublikası Osmanlı Tür­kiyəsi və «Qərbi Ermənistanda» (Türkiyənin Şərqi Anadolu vilayətləri nəzərdə tutulur) 1915-ci ildə «erməni soyqırımı»­nın beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir.»

Əvvəldə qeyd etdimiz kimi, 1991-ci ildə qəbul olunan Ermənis­tanın Müstəqillik Bəyannaməsində həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiaları irəli sürülüb.  Bu iddialar 1995-ci ildə qəbul olunan Ermənistanın Əsas Qanununda- Konstitusiyasında da yer almışdır. Söhbət  ondan gedir ki, Bə­yannamə və konstitusiyada Azərbaycanın əzəli torpaqları olan Qaraba­ğı Ermənistan ərazisinin ayrılmaz hissəsi kimi tanıyan maddələr bu gün də qalmaqdadır. Ermənistanda ayrı-ayrı il­lərdə Konstitusiya dəyişikliyi olsa da, bu maddələr dəyişdirilməmişdir.

Xatırladaq ki, 1992-ci ildə də Ermənistan parlamentinin qəbul etdiyi və hələ də qüvvədə olan qanuna əsasən, heç bir ermə­ni rəsmisi Qarabağın Azərbaycan tərkibində göstərildiyi hər hansı bir sənə­də imza ata bilməz. Bu dəyişikliklər olma­dan Azərbaycanla bağlanacaq müqavilə Konstitusiya ilə ziddiyyət təşkil edəcək. 11-ci maddənin qalması isə Türkiyə ilə mü­nasibətlərin qurulmasına mane olur. Ona görə də Ermənistan mövcud Konstitusiya ilə nə Azərbaycanla, nə də Türkiyə ilə sülh müqaviləsini imzalaya bilməz. 

Hətta 2009- cu ildə Türkiyə ilə münasibətlərin normallaşması və sərhədlərin açılması ilə bağlı imzala­nan protokollar Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən bu səbəbdən təsdiq olun­mamışdı. Ermənistanda bu anormal maddələrin Konstitusiyadan çıxarılmasını istəməyən revanşist qüvvələr bu tələbi Azərbaycanın növbəti diktəsi kimi qəbul edirlər. Əslində isə Azərbaycan dövləti haqlə və ədalətli olaraq Ermənistan Konstitusiyasındakı bu maddələrin çıxarılmasını və bundan sonra yekun sülh sazişi üçün masa arxasında oturmağı tələb edir.

Bundan başqa, Ermənistanda dəyişikliklər yalnız konstitusiyada deyil, həm də dövlətin atributlarında, rəmzlərində də edilməlidir. Məsələn, Ermənistanın gerbindəki «Ağrı dağı» təs­viri götürülməlidir. Çünki həmin Ağrı dağı min illərdir Türkiyənin ərazisi olub və belə də qalacaqdır. Qeyd edək ki, bu məsələni də anlayan Nikol Paşinyan ermənilər üçün Ağrıdağ iddisaının sonunun gəldiyini dəfələrlə həm parlamentdə, həm də ictimaiyyətlə görüşlərində bildirib.

Elçin Zaman, "İki sahil"