20 avqust 2026 10:17
172

Ermənistanın torpaq altında gizlətdiyi “qatillər”

Ermənistanın 30 illik keçmiş işğalı dövründə Qarabağ və Şərqi Zəngəzur misli görünməmiş vandalizmə məruz qalıb. Təkcə bir faktı qeyd edək ki, ölkəmizin ərazisinin təxminən 14 faizində Ermənistan tərəfindən basdırılmış mina və naməlum sayda partlamamış hərbi sursatlar vardır. Xatırladaq ki, Azərbaycan adambaşına düşən göstəriciyə görə dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir.

Avqust ayında baş verən hadisələr bu mina təhlükəsinin nə qədər ciddi olduğunu bir daha göstərir. Rəsmi məlumatlara görə, avqustun 3-də işğaldan azad edilmiş Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı, 1994-cü il təvəllüdlü Əlzamin Vəzir oğlu Surxaylı xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minanın partlaması nəticəsində sağ ayaq nahiyəsindən xəsarət alıb. Hadisə zamanı digər əməkdaş – 1998-ci il təvəllüdlü Füzuli Rizvan oğlu Mirzəyev yüngül bədən xəsarətləri alıb.

Avqustun 7-də Qazax rayon sakini, 1961-ci il təvəllüdlü Abbasov Elçin Telman oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozer minaya düşüb. Hadisə nəticəsində traktora zərər dəysə də, xəsarət alan olmayıb. Avqustun 12-də Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində təmizlənməmiş zonada hərəkət edən buldozerin minaya düşməsi nəticəsində mülki şəxslər xəsarət alıblar. Bir gün sonra, avqustun 13-də Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində oxşar faciə yaşanıb. Tərtər rayon sakini, 1953-cü il təvəllüdlü Kamran Süleymanov təmizlənməmiş ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb.

Bununla da 2020-ci il Vətən müharibəsinin başa çatmasından keçən dövr ərzində minaya düşərək həyatını itirən və ağır yaralanan insanların sayı 436 nəfərə çatıb. Qeyd olunan dövr ərzində 73 nəfər həlak olub, 363 nəfər isə müxtəlif dərəcəli fiziki xəsarətlər alıb. Bütün bunlar göstərir ki, müharibənin başa çatmasına baxmayaraq, mina təhlükəsi hələ də qalmaqdadır. Başqa sözlə desək, Ermənistanın azərbaycanlılara qarşı terroru davam etməkdədir.

Azərbaycan bu təhlükə ilə öz imkanları hesabına mübarizə aparır. Beynəlxalq dəstək isə mövcud ehtiyacları tam qarşılamır. Halbuki minalardan təmizləmə işlərinin sürətləndirilməsi üçün beynəlxalq ictimaiyyətin daha güclü dəstəyinə ciddi ehtiyac var. Yeri gəlmişkən, Prezident İlham Əliyev avqustun 18-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edərkən minatəmizləmə sahəsində yardıma görə Böyük Britaniya hökumətinə minnətdarlığını ifadə etməklə yanaşı, bu sahədə ölkəmizin daha sıx beynəlxalq əməkdaşlığa ehtiyacı olduğunu da bildirib.

Qeyd edək ki, ötən həftə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 107, tankəleyhinə 25 mina və 614 ədəd digər partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 1 700,4 hektar ərazi mina və digər partlamamış hərbi sursatlardan təmizlənib. Amma bu, bir həqiqətdir ki, mina təhlükəsi Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərini, həmçinin keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışını ləngidir. Yeri gəlmişkən bildirək ki, dövlətimiz vətəndaşlarının minaya düşməməsi üçün bütün lazımi tədbirləri görür.

Problemi çətinləşdirən amillərdən biri Ermənistan tərəfindən təqdim edilmiş mina xəritələrinin natamam olmasıdır. Rəsmi məlumatlara görə, Azərbaycana təqdim olunan xəritələrin dəqiqliyi 25 faizdir. Xəritələrdə təxminən 400 min mina qeyd olunsa da, işğaldan azad edilmiş ərazilərdə 1,5 milyondan çox mina və partlamamış hərbi sursatın olduğu bildirilir. Amma rəsmi Bakının bu məsələni beynəlxalq platformalarda ardıcıl şəkildə qaldırmasına baxmayaraq, qarşı tərəf hələ də buna məhəl qoymur. Daha doğrusu, dəqiq mina xəritələrini ölkəmizə təhvil vermir. Beynəlxalq ictimaiyyətin də bu məsələdə susqunluğu, olayları soyuqqanlılıqla müşahidə etməsi təəssüf doğurur. Halbuki bütün beynəlxalq təşkilatlar mövcud problemin həlli üçün hüquq normaları çərçivəsində Ermənistana təzyiq göstərməli, sözügedən ölkəni məsuliyyətə cəlb etməlidirlər.

Qvami Məhəbbətoğlu, “İki sahil”