22 avqust 2026 12:42
167

Azərbaycan–Özbəkistan müttəfiqliyi Türk dünyasının gücünü artırır

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini geniş şəkildə təqdim etməklə yanaşı, Türk dünyasında yeni geosiyasi və iqtisadi reallıqların formalaşması baxımından mühüm siyasi mesajlarla zəngindir. Müsahibədə səsləndirilən fikirlər göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq yalnız tarixi, mədəni və mənəvi yaxınlıq üzərində qurulan dostluq əlaqələri çərçivəsində deyil, konkret siyasi, iqtisadi, investisiya, nəqliyyat, enerji və humanitar layihələrlə möhkəmlənən hərtərəfli müttəfiqlik formatında inkişaf edir. Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən tarixi bağlar əsrlərin sınağından keçib. Ortaq türk kökləri, dil və mədəni yaxınlıq, adət-ənənələr, mənəvi dəyərlər və tarixi yaddaş iki xalq arasında qarşılıqlı rəğbətin təbii əsasını təşkil edir. Məhz bu möhkəm sosial-mədəni təməl üzərində son illərdə dövlətlərarası münasibətlərin siyasi və hüquqi məzmunu daha da zənginləşdirilib. Cənab Prezidentin də vurğuladığı kimi, Azərbaycan–Özbəkistan əlaqələri son illərdə misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyaraq ən yüksək səviyyəyə – müttəfiqlik səviyyəsinə yüksəlib. Burada iki ölkə lideri – Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq, qarşılıqlı hörmət və etimad xüsusi əhəmiyyət daşıyır. Liderlər arasında siyasi dialoqun yüksək səviyyəsi dövlətlərarası münasibətlərin bütün istiqamətlərinə müsbət təsir göstərir və qarşıya qoyulan strateji hədəflərin ardıcıl şəkildə reallaşdırılmasına imkan yaradır. Son beş ildə dövlət başçıları səviyyəsində həyata keçirilən 15 qarşılıqlı səfər Azərbaycan–Özbəkistan münasibətlərinin dinamikliyinin mühüm göstəricisidir. Bu intensiv siyasi təmaslar iki ölkənin xarici siyasət gündəliyində bir-birinə verdiyi əhəmiyyəti nümayiş etdirir. 2024-cü ilin avqustunda Prezident cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri münasibətlərin hüquqi-siyasi bazasını daha da möhkəmləndirən mühüm hadisələr olub. Həmin səfərlər çərçivəsində imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkənin münasibətlərində yeni mərhələnin hüquqi əsaslarını formalaşdırıb. Bu sənədlər yalnız siyasi bəyanat xarakteri daşımır. Onlar qarşılıqlı fəaliyyətin uzunmüddətli istiqamətlərini müəyyənləşdirən, əməkdaşlığı institusional və hüquqi müstəvidə möhkəmləndirən mühüm strateji sənədlərdir. 2023-cü ilin avqustunda yaradılmış Ali Dövlətlərarası Şura isə Azərbaycan–Özbəkistan münasibətlərinin institusional baxımdan daha da dərinləşdirilməsinə xidmət edən mühüm mexanizmə çevrilib. Şuranın Bakı və Daşkənddə keçirilmiş iclasları iki ölkə arasında strateji prioritetlərin əlaqələndirilməsi, yeni təşəbbüslərin müəyyənləşdirilməsi və qarşılıqlı fəaliyyətin sistemli şəkildə inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Bu mexanizm münasibətlərin yalnız cari məsələlər üzərində deyil, uzunmüddətli strateji hədəflər üzərində qurulduğunu göstərir. Müttəfiqliyin ən mühüm dayaqlarından biri isə iqtisadi əməkdaşlıqdır. Son illərdə Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin sürətli artımı iqtisadi münasibətlərin potensialını əyani şəkildə nümayiş etdirir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatması diqqətəlayiq göstəricidir. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsinin daha 33 faiz artaraq 144 milyon dollara yüksəlməsi iqtisadi əlaqələrin inkişaf dinamikasının qorunduğunu göstərir. İnvestisiya əməkdaşlığı da Azərbaycan–Özbəkistan iqtisadi tərəfdaşlığının mühüm istiqamətidir. Üç il əvvəl 500 milyon ABŞ dolları ümumi kapitalla yaradılmış Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti bu sahədə mühüm institusional platformaya çevrilib. Şirkətin hər iki ölkədə müxtəlif iqtisadi sektorlar üzrə perspektivli layihələrin maliyyələşdirilməsinə və reallaşdırılmasına töhfə verməsi qarşılıqlı investisiyaların genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, Hökumətlərarası Komissiyanın fəaliyyəti iqtisadi, ticari və investisiya əlaqələrinin əlaqələndirilməsində mühüm rol oynayır. Komissiyanın artıq 15 iclasının keçirilməsi əməkdaşlığın sistemli xarakter daşıdığını göstərir. Bu platforma mövcud imkanların qiymətləndirilməsi, problemlərin operativ həlli və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından səmərəli mexanizmdir. İki ölkənin iqtisadi potensiallarının bir-birini tamamlaması qarşıdakı dövrdə daha geniş layihələrin həyata keçirilməsi üçün əlverişli imkanlar yaradır. Azərbaycan şirkətlərinin Özbəkistanda, özbək şirkətlərinin isə Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, birgə istehsal müəssisələrinin yaradılması və investisiya layihələrinin artırılması qarşılıqlı iqtisadi asılılığı deyil, qarşılıqlı iqtisadi faydanı və dayanıqlı tərəfdaşlığı gücləndirən amillərdir. Bu baxımdan avtomobil sənayesində əməkdaşlıq xüsusi qeyd edilməlidir. “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı üzrə birgə fəaliyyət Azərbaycan–Özbəkistan əməkdaşlığının real istehsal nəticələrinə çevrildiyini göstərir. 2026-cı il iyulun 13-nə olan məlumata görə, Azərbaycanda 10 720 “Chevrolet” avtomobili və 275 “Isuzu” avtobusu istehsal edilib. İşğaldan azad edilmiş Füzuli rayonunda 100 hektarlıq “Dostluq bağı”nın salınması isə iqtisadi əməkdaşlıqla yanaşı, Özbəkistanın Azərbaycanın Böyük Qayıdış prosesinə verdiyi mənəvi və praktiki dəstəyin ifadəsidir. Energetika sahəsində əməkdaşlığın da strateji xarakter daşıması diqqət çəkir. SOCAR ilə Özbəkistanın müvafiq qurumları arasında neft-qaz sahəsində həyata keçirilən birgə layihələr iki ölkənin enerji sektorlarında təcrübə və texnologiya mübadiləsini gücləndirir. Bununla yanaşı, “Turan Energy AFEZCO” vasitəsilə Azərbaycan istehsalı olan yüksəktəzyiqli polietilenin Özbəkistan bazarına çıxarılması qeyri-neft sektorunun və sənaye məhsullarının ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Yeni mərhələnin ən mühüm istiqamətlərindən biri isə yaşıl enerji sahəsində əməkdaşlıqdır. Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika qurumları tərəfindən 2025-ci ildə Bakıda “Yaşıl Dəhliz Birliyi”nin yaradılması regionda bərpaolunan enerji potensialının birləşdirilməsi baxımından strateji təşəbbüsdür. Azərbaycan–Mərkəzi Asiya yaşıl enerji dəhlizi ideyası yalnız enerji layihəsi deyil, Xəzər hövzəsini və Mərkəzi Asiyanı Avropa enerji bazarları ilə əlaqələndirə biləcək daha geniş geoiqtisadi layihə kimi qiymətləndirilə bilər. Nəqliyyat və logistika sahəsi də Azərbaycan–Özbəkistan tərəfdaşlığının gələcək inkişafında xüsusi yer tutur. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi onları Şərqlə Qərb arasında formalaşan yeni nəqliyyat bağlantılarında təbii tərəfdaşlara çevirir. 2025-ci ildə iki ölkə arasında tranzit daşımaların 6,7 faiz artaraq 1,4 milyon tona çatması, 2026-cı ilin yanvar-iyun aylarında isə daha 12,2 faizlik artım qeydə alınması bu potensialın artıq real iqtisadi göstəricilərdə öz əksini tapdığını göstərir. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə mümkün inteqrasiyası isə daha geniş regional mənzərə yaradır. Bu bağlantıların inkişafı Mərkəzi Asiyanın dənizlərə çıxış imkanlarını genişləndirə, Azərbaycanı isə Şərq–Qərb və Mərkəzi Asiya–Avropa marşrutlarının əsas tranzit qovşaqlarından birinə çevirə bilər. Beləliklə, Azərbaycan–Özbəkistan əməkdaşlığı ikitərəfli iqtisadi münasibətlərdən çıxaraq regionlararası bağlantıların formalaşdırılmasına töhfə verən strateji əməkdaşlığa çevrilir. Azərbaycanın Özbəkistanda, Özbəkistanın isə Azərbaycanda həyata keçirdiyi layihələr qarşılıqlı investisiyaların coğrafiyasını genişləndirir. “PASHA Holding” tərəfindən Daşkənddə “The Ritz-Carlton” brendi altında həyata keçirilən hotel və yaşayış kompleksi, eləcə də Daşkənd vilayətində “Sea Breeze Uzbekistan” layihəsi Azərbaycan biznesinin Özbəkistan bazarına marağının göstəricilərindəndir. Digər tərəfdən, Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının fəaliyyət göstərməsi qarşılıqlı iqtisadi etimadın konkret göstəricisidir. Münasibətlərin gücünü yalnız iqtisadi rəqəmlərlə ölçmək isə düzgün olmazdı. Azərbaycan–Özbəkistan əlaqələrinin əsas üstünlüklərindən biri onların güclü humanitar və mədəni bazaya malik olmasıdır. Birgə mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, ədəbi layihələr və təhsil proqramları iki xalqın bir-birini daha yaxından tanımasına xidmət edir. 2023 və 2025-ci illərdə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin, 2024-cü ildə isə Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi, Xivədə “Şuşa Günləri”nin təşkil olunması bu əlaqələrin miqyasını göstərir. Bakı şəhərinin mərkəzində 5 hektarlıq ərazidə yaradılacaq “Özbəkistan” parkı isə xalqlarımızın dostluğunun paytaxt məkanında rəmzləşdirilməsi baxımından xüsusi məna daşıyır. Təhsil sahəsində əməkdaşlıq da humanitar tərəfdaşlığın mühüm istiqamətidir. 2025–2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşının Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşının Özbəkistanda təhsil alması gənc nəsillər arasında əlaqələrin inkişaf etdiyini göstərir. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilmiş Mirzə Uluqbəy adına məktəb isə təhsil əməkdaşlığının simvolik və praktiki baxımdan ən parlaq nümunələrindən biridir. Bu layihə həm Azərbaycan və Özbəkistan xalqlarının qardaşlığını, həm də Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsinə verdiyi dəstəyi nümayiş etdirir. Media və vətəndaş cəmiyyəti sahəsində formalaşan əməkdaşlıq da münasibətlərin çoxşaxəli xarakterini tamamlayır. Azərbaycan–Özbəkistan Media Forumlarının keçirilməsi, QHT əməkdaşlığı forumlarının təşkili və 2026-cı ildə iki ölkənin QHT-ləri üçün birgə qrant müsabiqəsinin elan edilməsi dövlətlərarası münasibətlərin cəmiyyətlərarası əlaqələrlə dəstəkləndiyini göstərir. Turizm əlaqələrinin dinamikası da diqqətəlayiqdir. 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min Özbəkistan vətəndaşının Azərbaycana səfər etməsi, 2026-cı ilin yanvar-avqust aylarında bu göstəricinin 44 minə çatması xalqlar arasında qarşılıqlı marağın artdığını göstərir. Bakı-Daşkəndlə yanaşı, Şuşa-Xivə, İsmayıllı-Riştan, Lənkəran-Buxara, Şəki-Kokənd, Füzuli-Gülüstan, Quba-Cizak və digər şəhərlər arasında qardaşlaşma münasibətlərinin yaradılması isə diplomatiyanın regional və ictimai səviyyələrə qədər genişləndiyini göstərir. Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm strateji istiqamətlərindən biri də Türk Dövlətləri Təşkilatıdır. Hər iki ölkə TDT-ni yalnız dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, ortaq tarixi, mədəni və mənəvi dəyərləri gələcəyə daşıyan mühüm birlik kimi qiymətləndirir. Qəbələdə keçirilmiş TDT Dövlət Başçıları Şurasının Zirvə Görüşü türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat, təhlükəsizlik və humanitar əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm mərhələ olub. Azərbaycan və Özbəkistanın TDT çərçivəsində fəal mövqeyi Türk dünyasında inteqrasiya proseslərinin güclənməsinə ciddi töhfə verir. Eyni zamanda, Özbəkistanın 2025-ci ilin mayında Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzvü qəbul edilməsi ortaq türk irsinin qorunması və təbliği baxımından mühüm hadisədir. Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin yeni mərhələyə daxil olması isə Azərbaycan–Özbəkistan münasibətlərinin regional əhəmiyyətini daha da artırır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə bağlı qərar ölkəmizin regionlararası əməkdaşlıqda artan rolunun göstəricisidir. Əvvəllər “C5” formatında olan əməkdaşlıq mexanizminin Azərbaycanın iştirakı ilə faktiki olaraq “C6” formatına çevrilməsi yeni geosiyasi və geoiqtisadi reallığı ifadə edir. Bu proses Azərbaycanın artıq yalnız Cənubi Qafqazın deyil, daha geniş Avrasiya məkanının nəqliyyat, enerji və iqtisadi əlaqələrində fəal aktora çevrildiyini göstərir. Mərkəzi Asiya ilə Cənubi Qafqazın daha sıx bağlanması, Xəzər üzərindən yeni enerji və nəqliyyat marşrutlarının inkişaf etdirilməsi və Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi uzunmüddətli perspektivdə regional sabitliyə və rifaha mühüm töhfələr verə bilər. Azərbaycan və Özbəkistanın beynəlxalq təşkilatlarda bir-birinə verdiyi dəstək də münasibətlərin siyasi çəkisini artırır. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və Qoşulmama Hərəkatı kimi çoxtərəfli platformalarda qarşılıqlı dəstək iki dövlətin beynəlxalq gündəliyə yaxın yanaşmalarının mühüm göstəricisidir. Prezident cənab İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlərdən aydın görünür ki, Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək gündəliyi artıq ənənəvi diplomatik əlaqələr çərçivəsindən xeyli kənara çıxır. Qarşıda daha çox birgə sənaye müəssisələrinin yaradılması, qarşılıqlı investisiyaların artırılması, nəqliyyat və logistika dəhlizlərinin inkişafı, yaşıl enerji layihələrinin genişləndirilməsi, rəqəmsal və texnoloji əməkdaşlığın gücləndirilməsi, təhsil və elm əlaqələrinin dərinləşdirilməsi kimi istiqamətlər dayanır. Bu mənada Azərbaycan və Özbəkistan münasibətləri müasir dövrdə iki müstəqil və suveren dövlətin milli maraqlarını, tarixi-mədəni yaxınlığını və regional baxışlarını bir araya gətirən uğurlu strateji tərəfdaşlıq modelidir. Burada söhbət yalnız iki dövlətin münasibətlərindən getmir. Azərbaycan–Özbəkistan əməkdaşlığı Türk dünyasında inteqrasiyanın, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmlənməsinin, Şərq–Qərb nəqliyyat və enerji bağlantılarının inkişafının mühüm dayaqlarından birinə çevrilir.
Prezident cənab İlham Əliyevin müsahibəsindəki əsas siyasi mesaj da məhz budur: Azərbaycan və Özbəkistan arasında münasibətlər artıq qarşılıqlı rəğbət və tarixi yaxınlıqdan başlayan, siyasi etimad və müttəfiqliklə möhkəmlənən, iqtisadi və humanitar layihələrlə real məzmun qazanan uzunmüddətli strateji tərəfdaşlıq mərhələsindədir. Bu münasibətlərin möhkəmliyi liderlərin siyasi iradəsi ilə yanaşı, xalqların qarşılıqlı rəğbətinə, ortaq tarixi yaddaşa və gələcəyə dair ümumi baxışa əsaslanır. Məhz buna görə Azərbaycan–Özbəkistan müttəfiqliyinin perspektivi yalnız ikitərəfli münasibətlər üçün deyil, Türk dünyasının birliyi, Mərkəzi Asiya–Cənubi Qafqaz əlaqələrinin inkişafı və bütövlükdə Avrasiyanın yeni əməkdaşlıq arxitekturasının formalaşması baxımından da mühüm strateji əhəmiyyət daşıyır.

Mehriban Vəliyeva,

Milli Məclisin deputatı