22 avqust 2026 14:52
100

Azərbaycan və Özbəkistan çoxtərəfli müstəvidə əməkdaşlığı uğurla inkişaf etdirirlər

"Azərbaycan ilə Özbəkistan arasında münasibətlər  dövlətlərarası sənədlərlə və daimi fəaliyyət göstərən institusional mexanizmlərlə möhkəmləndirilmiş müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin Daşkəndə növbəti dövlət səfəri ərəfəsində Özbəkistan Milli İnformasiya Agentliyinə verdiyi müsahibə də bunu aydın şəkildə təsdiqləyir. İkitərəfli əlaqələrin möhkəm təməlini iki türk xalqını birləşdirən ortaq tarix, dil, mədəniyyət və mənəvi yaxınlıq təşkil edir. Prezident İlham Əliyev qeyd edib ki, onunla Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı etimada əsaslanan münasibətlər qardaşlıq əlaqələrinin möhkəmlənməsində və dövlətlərarası münasibətlərin hazırkı yüksək səviyyəyə yüksəlməsində xüsusi rol oynayıb".

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. 

Deputat bildirib ki, son beş il ərzində dövlətin başçıları qarşılıqlı səfərlər və yüksək səviyyəli təmaslar çərçivəsində 15 dəfə görüşüblər. Qarşıdakı səfər Prezident İlham Əliyevin Özbəkistana yeddinci səfəri və son beş ildə üçüncü dövlət səfəri olacaq. 2024 və 2025-ci illərdə həyata keçirilmiş dövlət səfərləri zamanı Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə və Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb. Bu mühüm sənədlər iki müstəqil, güclü və suveren dövlət arasında təbii şəkildə formalaşmış müttəfiqlik münasibətlərini rəsmən təsbit etməklə yanaşı, ikitərəfli əlaqələrin hüquqi və siyasi bazasını daha da möhkəmləndirib. 2023-cü ilin avqustunda yaradılmış Ali Dövlətlərarası Şura strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsinin mühüm institusional mexanizminə çevrilib. Şuranın iclaslarının Daşkənddə və Bakıda keçirilməsi iki ölkə arasında siyasi dialoqun yüksək dinamizmini və ardıcıl xarakterini nümayiş etdirir.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan və Özbəkistan çoxtərəfli müstəvidə də əməkdaşlığı uğurla inkişaf etdirirlər. Bu baxımdan Türk Dövlətləri Təşkilatı xüsusi əhəmiyyət daşıyır. Təşkilatın 12-ci Dövlət Başçıları Zirvə Görüşünün Qəbələdə keçirilməsi və onun yekununda TDT-nin möhkəmləndirilməsinə, Türk dünyasının birliyinin gücləndirilməsinə, siyasi, iqtisadi və müdafiə potensialının artırılmasına yönəlmiş sənədlərin qəbul edilməsi bu əməkdaşlığın geniş perspektivlərini bir daha nümayiş etdirib.
Bundan başqa, ötən ilin noyabrında Özbəkistanın sədrliyi ilə Daşkənddə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün yekunlarına əsasən Azərbaycanın bu formatda tamhüquqlu iştirakı barədə qərar qəbul edilib. Bununla da əvvəlki “C5” formatı faktiki olaraq “C6” formatına transformasiya olunub, regional dialoq isə yeni məzmun və daha geniş miqyas qazanıb.
"Prezident İlham Əliyev vurğulayıb ki, onun Özbəkistana hər bir səfəri müstəsna qonaqpərvərlik, qardaşlıq, səmimiyyət və qarşılıqlı anlaşma şəraitində keçir. Dövlətimizin başçısı son illərdə Özbəkistanın bütün sahələrdə nümayiş etdirdiyi sürətli tərəqqinin xüsusi məmnunluq doğurduğunu bildirib. Müasir şəhərlərin salınması, iqtisadiyyatın şaxələndirilməsi, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, elmə, təhsilə, mədəniyyətə və idmana göstərilən diqqət ölkənin inkişaf dinamikasını aydın şəkildə əks etdirir. Prezident qeyd edib ki, əldə olunan nailiyyətlər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin düşünülmüş siyasətinin, strateji baxışının və səmərəli dövlət idarəçiliyinin nəticəsidir" - deyən Sevinc Fətəliyeva əlavə edib ki, bu gün Azərbaycan–Özbəkistan siyasi münasibətləri iqtisadiyyat, investisiyalar, sənaye, nəqliyyat, logistika, energetika, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıqla daha da zənginləşir. Həyata keçirilən layihələr təkcə iki ölkənin iqtisadi potensialını bir araya gətirmir, eyni zamanda, xalqlar arasında dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirir. Prezident İlham Əliyev əminliyini ifadə edib ki, qarşıdakı səfər hərtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, yeni birgə təşəbbüslərin həyata keçirilməsi və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyacaq.
"Azərbaycan və Özbəkistan, həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki qardaş ölkənin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda mühüm məsələlərin həlli istiqamətində göstərdiyi birgə səylər yüksək qiymətə layiqdir və qürur hissi doğurur" - deyə, deputat vurğulayıb.