Gürcüstanın “Sakartvelos Respublika” qəzetində iki ölkə arasındakı mədəni və dostluq əlaqələrinə həsr olunmuş “Azərbaycan-Gürcüstan: Yeni tanışlıqlar və xoş xatirələr” sərlövhəli məqalə dərc olunub.
“İki sahil” xəbər verir ki, məqalədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və layihələri çərçivəsində reallaşan gənclər düşərgəsi barədə ətraflı məlumat verilib. Bildirilir ki, avqustun 17-dən 20-dək davam edən təşəbbüsün əsas məqsədi Gürcüstanda yaşayan azərbaycanlı və gürcü gəncləri bir araya gətirmək, onların milli-mədəni dəyərləri daha yaxından tanımasına və dünyagörüşlərinin zənginləşməsinə şərait yaratmaqdır.
Qeyd edilir ki, düşərgə çərçivəsində gənclər arasında yeni dostluq körpülərinin salınması və asudə vaxtın səmərəli təşkili ön plana çəkilib. Proqram daxilində silsilə maarifləndirici görüşlər, interaktiv komanda oyunları, intellektual yarışlar və rəngarəng mədəni tədbirlər keçirilib.
Məqalədə vurğulanır ki, bu cür layihələr regionda yaşayan gənc nəsillər arasında dialoqun dərinləşməsinə və tarixi qonşuluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.