24 avqust 2026 10:58
137

Azərbaycanın turizm potensialı Malayziyada keçirilən iki beynəlxalq tədbirdə təqdim edilib

Azərbaycan Turizm Bürosu (ATB) və turizm sənayesinin 4 yerli tərəfdaşı Malayziyanın Saravak ştatının Kuçinq şəhərində keçirilən “PATA Travel Mart (PTM) 2026” beynəlxalq turizm sərgisində ölkəmizi təmsil edib.

“İki sahil” xəbər verir ki, Asiya-Sakit Okeanı regionunun aparıcı turizm tədbirlərindən biri olan sərgidə Azərbaycan milli stendlə təmsil olunub. Tədbir çərçivəsində ölkəmizin turizm imkanları və məhsulları xarici bazarların nümayəndələrinə təqdim edilib, potensial tərəfdaşlarla işgüzar görüşlər keçirilib.

“PATA Travel Mart 2026” istirahət, lüks və işgüzar tədbirlər (MICE) sahəsində fəaliyyət göstərən şirkətləri bir araya gətirib. Avropa, MDB, Cənubi və Cənub-Şərqi Asiya, Yaxın Şərq, Şərqi Asiya, Afrika və Sakit okean regionlarından olan iştirakçılar arasında turizm agentlikləri, turoperatorlar və digər sektor nümayəndələri yer alıb.

Sərgi çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın turizm məhsullarının müxtəlif bazarlarda tanıdılması, yeni əməkdaşlıq əlaqələrinin qurulması və mövcud işgüzar əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Həmçinin ATB yerli tərəfdaşlarla birgə Malayziyanın Kuala Lumpur şəhərində keçirilən “World Islamic Tourism & Trade Expo (WITEX 2026)” tədbirində iştirak edib

Malayziya Turizm Agentlikləri Assosiasiyası (MATA) tərəfindən təşkil olunan “WITEX 2026” tədbirində hökumət nümayəndələri, turizm sektorunun aparıcı şirkətləri və beynəlxalq bazar iştirakçıları bir araya gəlib. Tədbir çərçivəsində islam iqtisadiyyatı çərçivəsində turizm sahəsində əməkdaşlıq imkanları, turizm üçün nəzərdə tutulan proqram təminatı məhsullarının inkişafı istiqamətində yeniliklər, eləcə də yerli və beynəlxalq təchizatçılarla əlaqələrin qurulması məsələləri diqqət mərkəzində olub.

Tədbirdə, həmçinin halal turizmin inkişafı ilə bağlı məsələlər müzakirə olunub, müxtəlif istiqamətlərdən turizm şirkətləri və destinasiyalar tərəfindən təqdim olunan halal səyahət təcrübələri, məhsul və xidmətlər nümayiş etdirilib.