24 avqust 2026 11:43
105

Tayvan "Nvidia" əməkdaşlarını Çinə süni intellekt serverlərinin kontrabandasında ittiham edib

Tayvanın Kilun şəhər dairə prokurorluğu ABŞ sanksiyalarından yan keçməklə Çinə yüksəkməhsuldar süni intellekt (Sİ) serverlərinin qanunsuz ixracı işi üzrə doqquz nəfərə ittiham irəli sürüb.

“İki sahil” xəbər verir ki,  "Reuters" agentliyinin məlumatına görə, təqsirləndirilənlər arasında "Nvidia" və "Super Micro Computer" şirkətlərinin əməkdaşları da var.

İttiham bu ilin may ayında başlanmış təhqiqatın nəticəsidir. Tayvan prokurorluğunun iddia etdiyinə görə, təqsirləndirilən şəxslər ABŞ-nin sanksiya siyahısına düşən Sİ serverlərini Tayvanda satın alıb, daha sonra saxta ixrac sənədlərindən istifadə edərək bu məhsulları qanunsuz şəkildə Çinə çıxarıb və "nəhəng qanunsuz mənfəət" əldə ediblər. Ümumilikdə, təqsirləndirilən şəxslərin "Nvidia" şirkətinin qrafik prosessorları ilə təchiz olunmuş "Super Micro Computer" istehsalı olan 50-yə yaxın Sİ serverini qanunsuz ixrac etdiyi bildirilir. Partiyanın dəyəri 15 milyon dollardan çoxdur. Prokurorluğun məlumatına görə, daşınma həm birbaşa, həm də vasitəçilər (məsələn, Yaponiya vasitəçiləri) vasitəsilə həyata keçirilib.

ABŞ bu cür məhsulların ixracına məhdudiyyətləri 2024-cü ildən tətbiq etməyə başlayıb. 2026-cı ildə məhdudiyyətlər daha da sərtləşdirilib. Bunadək, 2022-ci ilin ortalarında ABŞ hakimiyyəti xüsusi lisenziya olmadan "Nvidia"nın qabaqcıl prosessorlarının Çinə tədarükünü rəsmən qadağan etmişdi. Son illərdə bu qadağa dəfələrlə genişləndirilib və hazırda yalnız çipləri deyil, həm də videokartları əhatə edir.