24 avqust 2026 12:16
92

"Alibaba"nın səhmləri 10% ucuzlaşdı

Bu gün səhər Honkonq birjasında Alibaba Group Holding Ltd-in səhmləri 10% dəyər itirib. Bir gün əvvəl Çin şirkəti 80 milyard Honkonq dolları ($10,2 milyard) həcmində əlavə səhm yerləşdirəcəyini və əldə olunan vəsaitin süni intellektin (Sİ) inkişafına yönəldiləcəyini bəyan etmişdi.

“İki sahil” xəbər verir ki,  bu barədə CNBC məlumat yayıb.

Səhmlərin əlavə yerləşdirilməsindən bir neçə gün əvvəl "Alibaba" rüblük mənfəətinin 75% azaldığını bildirmişdi. Mənfəətin kəskin azalmasının əsas səbəbi Sİ texnologiyalarının işlənilməsi ilə bağlı xərclərin 75% artması olub.

CNBC ekspertlərinin fikrincə, qiymətli kağızların ucuzlaşmasına investorların yeni səhmlərin dövriyyəyə buraxılmasının mövcud səhmlərin dəyərsizləşməsinə gətirib çıxaracağı ilə bağlı narahatlıqları səbəb olub.

Avqustun 26-dək davam edəcək əlavə yerləşdirmə çərçivəsində "Alibaba" hər biri 112,7 Honkonq dolları olmaqla 710 milyon yeni səhm buraxmağı planlaşdırır. Bu qiymət "Alibaba"nın avqustun 21-də ABŞ depozitar qəbzlərinin bağlama qiyməti ilə müqayisədə 3,6%-lik güzəşti ifadə edir.