25 avqust 2026 22:00
106

Azərbaycan Özbəkistanın Avropaya çıxış yollarından birinə çevrilir - İqtisadçı

Azərbaycan və Özbəkistan arasında münasibətlərin “əbədi dostluq” mərhələsinə keçməsi iki ölkənin iqtisadi əməkdaşlığı qarşısında da daha geniş imkanlar açır. Siyasi etimad və uzunmüddətli tərəfdaşlıq yalnız qarşılıqlı ticarətin genişlənməsi üçün deyil, iqtisadi əlaqələrin daha dərin inteqrasiya mərhələsinə keçməsi üçün də mühüm zəmin yaradır. Bu baxımdan qarşıdakı dövrdə əsas məsələ sadəcə daha çox məhsul alıb-satmaq deyil, iki ölkənin iqtisadi imkanlarını birləşdirərək birgə istehsal, sənaye kooperasiyası, investisiya və yeni bazarlara çıxış imkanlarını genişləndirməkdir.

Azərbaycan və Özbəkistanın coğrafi və iqtisadi mövqeyi də bu əməkdaşlığa xüsusi məzmun verir. Azərbaycanın Xəzər üzərindən Avropa bazarlarına çıxış imkanları, Özbəkistanın isə Mərkəzi Asiyanın mühüm iqtisadi potensialına malik olması iki ölkəni Orta Dəhlizin inkişafında təbii tərəfdaşlara çevirir. Eyni zamanda, nəqliyyat marşrutlarının şaxələndirilməsi hər iki ölkə üçün yeni bazarlara çıxış və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından əlavə imkanlar yaradır.

Növbəti mərhələdə əməkdaşlığın əsas istiqamətlərindən biri isə xammal və hazır məhsul mübadiləsindən daha yüksək əlavə dəyər yaradan birgə istehsala keçid ola bilər. Avtomobil sənayesi, tekstil, kənd təsərrüfatı, yaşıl enerji və digər sahələrdə iki ölkənin imkanlarının birləşdirilməsi həm investisiyaların daha səmərəli istifadəsinə, həm də yeni istehsal və ixrac imkanlarının formalaşmasına şərait yarada bilər.

Dostluqdan iqtisadi inteqrasiyaya

İqtisadçı Emin Qəribli “İki sahil”ə açıqlamasında bildirdi ki, iqtisadi baxımdan ölkələrin inkişafı üçün onların bir-biri ilə inteqrasiya prosesinin həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Bu proses çərçivəsində ölkələr arasında qarşılıqlı güzəştlərin tətbiq edilməsi, ticarət münasibətlərinin genişləndirilməsi və xüsusilə səmərəli iqtisadi kooperasiyanın qurulması əsas istiqamətlərdən hesab olunur. Uzunmüddətli perspektivdə isə bu inteqrasiya vahid bazarın formalaşdırılmasına qədər inkişaf edə bilər.

Belə proseslər, adətən, uzun zaman tələb edir. Bu baxımdan Avropa İttifaqının təcrübəsi nümunə kimi göstərilə bilər. Ölkələr arasında “Əbədi dostluq müqaviləsi” kimi uzunmüddətli və strateji xarakter daşıyan sənədlərin imzalanması isə dövlətlər və xalqlar arasında münasibətlərin daha da möhkəmlənməsinə imkan yarada bilər.

Belə razılaşmalar ölkələr arasında strateji müttəfiqlik münasibətlərinin iqtisadi sahəyə də sirayət etməsinə və iqtisadiyyatların daha sıx inteqrasiyasına şərait yaradır. Əgər dövlətlər arasında bu cür uzunmüddətli və etibarlı münasibətlər formalaşmazsa, iqtisadi əməkdaşlığın və dayanıqlı inkişafın möhkəm təməl üzərində qurulması da çətinləşir.

Azərbaycan Özbəkistan üçün iqtisadiyyatını şaxələndirmək və yalnız bir bazardan asılılığı azaltmaq baxımından mühüm tərəfdaşdır. Özbəkistanın Avropa bazarlarına çıxışında da Azərbaycanın alternativ marşrut kimi əhəmiyyəti artır. Çünki bəzi Özbəkistan məhsullarının Avropa bazarlarına çıxarılması daha səmərəli ola bilər. Hazırda Rusiya ərazisindən Avropa bazarlarına çıxışla bağlı müəyyən çətinliklər mövcuddur. İran istiqamətində də analoji məhdudiyyətlər nəzərə alınmalıdır. Bu baxımdan Azərbaycan Özbəkistan üçün alternativ və əlverişli marşrutlardan biri kimi çıxış edir.

Orta Dəhlizdə maraqlar kəsişir

Özbəkistanın Orta Dəhlizdə iştirakının Azərbaycan üçün də müsbət tərəfləri var. Hazırda Qazaxıstan üzərindən Orta Dəhlizə daxil olan yüklərin məsafəsi nisbətən uzun olur. Gələcəkdə Özbəkistan, Türkmənistan və digər Mərkəzi Asiya ölkələri ilə bağlantıların, o cümlədən dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi məsafələrin qısaldılmasına və daşımaların rentabelliyinin artmasına imkan verə bilər.

Ümumilikdə, marşrutların şaxələndirilməsi, alternativ nəqliyyat imkanlarının yaradılması və mümkün tıxacların qarşısının alınması bütün tərəflər üçün müsbət haldır. Bu baxımdan Azərbaycan və Özbəkistanın Orta Dəhlizin inkişafında qarşılıqlı maraqları mövcuddur.

Burada əsas məsələ yalnız investisiyaların artırılması deyil, həm də birgə istehsal və sənaye kooperasiyasının genişləndirilməsidir. Yəni hazır məhsulun istehsalı üçün ölkələrin mövcud imkanlarının birləşdirilməsi vacibdir. Azərbaycan və Özbəkistanın, məsələn, ipək və pambıq istehsalı kimi sahələrdə ixtisaslaşması birgə istehsal layihələri üçün imkanlar yaradır. Xammalın bir ölkədən digərinə göndərilməsi ilə kifayətlənməkdənsə, onun daha yüksək əlavə dəyər yaradan məhsula çevrilməsi istiqamətində əməkdaşlıq aparılmalıdır.

Bu baxımdan qarşılıqlı şəkildə müəssisələrin yaradılması, şirkətlərin digər ölkədə filial və istehsal sahələri açması mühüm əhəmiyyət daşıyır. Belə əməkdaşlıq həm texnologiya transferinə, həm də birgə məhsul istehsalına imkan verə bilər.

İndi söhbət konkret istehsaldan gedir

Artıq bu istiqamətdə müəyyən layihələr həyata keçirilir. Azərbaycan tərəfindən Özbəkistana investisiyaların artırılması, avtomobil sənayesi və digər sahələrdə birgə istehsalın genişləndirilməsi bunun nümunəsidir. Bundan sonra isə imkanların daha da genişlənməsi gözlənilir.

Hazırda avtomobil sənayesi, yaşıl enerji və enerji təsərrüfatı kimi konkret istiqamətlər üzrə əməkdaşlıq hədəfləri müəyyənləşdirilib. Digər sahələrin inkişaf istiqamətlərini isə bazarın tələbləri müəyyən edəcək.

Əsas yenilik ondan ibarətdir ki, əvvəlki dövrlərdə investisiyaların artırılması ilə bağlı ümumi niyyətlər və təşəbbüslər səsləndirilirdisə, hazırda konkret sahələr üzrə hədəflər müəyyənləşdirilir. Bu isə investisiyaların daha məqsədyönlü istiqamətləndirilməsi və Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığının konkret istehsal layihələri üzərində qurulması baxımından mühüm addımdır.

Nigar Orucova, "İki sahil"