İslandiyada avqustun 29-da keçirilməsi planlaşdırılan referendum ərəfəsində ada sakinlərinin əksəriyyəti — 51,3%-i Avropa İttifaqına üzvlük üzrə danışıqların bərpa olunmasının lehinə, 48,7%-i isə əleyhinə çıxış edir.
“İki sahil” xəbər verir ki, bu barədə "Visir" portalı İslandiyanın "Maskina" Tədqiqat İnstitutunun keçirdiyi rəy sorğusuna istinadla məlumat yayıb.
Avqustun 21-dən 25-dək keçirilən sorğuda 1019 respondent iştirak edib. Ekspertlərin qeyd etdiyinə görə, Aİ istiqamətində hərəkətin lehinə olanların sayı avqustun 13-də keçirilmiş əvvəlki sorğu ilə müqayisədə cüzi dərəcədə azalıb — həmin vaxt "lehinə" 52,2%, "əleyhinə" isə 47,8% səs vermişdi. İnstitut nümayəndəsinin sözlərinə görə, danışıqların bərpasının tərəfdarlarının azalması meyilliliyi səsvermənin nəticələri ilə bağlı qeyri-müəyyənliyi artırır.

"Financial Times" qəzetinin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın qonşu Qrenlandiya ilə bağlı təhdidlərinə baxmayaraq, islandiyalıların böyük bir hissəsi hələ də Aİ-yə üzvlüyün üstünlüklərinə şübhə ilə yanaşır. Birliyə daxil olmaq İslandiyanı milli valyutasından — kronadan məhrum edə bilər və Reykyavikin dəyərli balıq resursları üzərindəki nəzarətini təhlükə altına qoyar. Ötən il ölkə ixracının 40%-ni dəniz məhsulları təşkil edib.
Danışıqların bərpasının tərəfdarları isə bu yanaşmanın iqtisadi üstünlüklərindən danışırlar. "Oxford Economics" analitik şirkətinin məlumatına görə, İslandiyada ipoteka faizləri təxminən 9% təşkil edir ki, bu da avrozonadakından təxminən 5 faiz bəndi yüksəkdir. "Gənclər üçün əsas problem ipoteka faizidir", — deyə FT Aİ-yə daxil olmanın tərəfdarlarından birinin sözlərini sitat gətirir. Nəşrin həmsöhbətinin fikrincə, birliyə üzvlük bu məsələdə kömək edə bilər.
İslandiya Aİ-yə daxil olmaq üçün müraciəti hələ 2009-cu ildə, maliyyə böhranı zamanı təqdim etmişdi. 2013-cü ildə İslandiya hökuməti iqtisadiyyatın sabitləşməsi ilə əlaqədar inteqrasiyanın 33 mərhələsindən 11-ni başa vuraraq üzvlük danışıqlarını dayandırdı. 2015-ci ildə isə Reykyavik Brüsseldən ölkəni Aİ-yə üzvlüyə namizəd hesab etməməyi xahiş etmişdi.