Bu ilin yanvar-iyul aylarında "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC 38,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“İki sahil” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın avqust sayına istinadən xəbər verir ki, bu, 2025-cü ilin 7 ayı ilə müqayisədə 14,5 milyon ABŞ dolları və yaxud 60,7 % çoxdur.
7 ay ərzində Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 % artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azərpambıq" 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə və Biləsuvarda yerləşirlər), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy və Ucarda), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.