Gürcüstanın Tbilisi şəhərində professor Lütfi Zadənin elmi irsinə həsr olunmuş “Yumşaq hesablama, sözlərlə hesablama, qavrayış, süni intellekt nəzəriyyəsi və tətbiqi” üzrə XIII Beynəlxalq Konfrans təşkil edilib.
“İki sahil” xəbər verir ki, elmi forumun təşkilatçıları arasında “Zadeh’s Legacy and Artificial Intelligence” Assosiasiyası, Gürcüstan Milli Elmlər Akademiyası, Gürcüstan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Berkeley Initiative in Soft Computing (ABŞ), müxtəlif universitet və elmi mərkəzlər, eləcə də İqtisadiyyat İnstitutu yer alıb.
Konfransı ICSCCW-2026-nın sədri, professor Rafiq Əliyev açıb.
Tədbirdə qeyri-səlis məntiq, yumşaq hesablama və süni intellekt sahəsində tanınmış alimlər iştirak ediblər. Konfransın əsas məruzəçiləri sırasında Polşa Elmlər Akademiyasının professorları və nüfuzlu tədqiqatçılar yer alıblar. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun baş direktoru professor Nazim Müzəffərli (İmanov) konfransda “Müqayisəli iqtisadi tədqiqatlarda bipolyar ölçmə: qeyri-səlis yanaşma və genişləndirilmiş normallaşdırma” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bipolyar qiymətləndirmə, qeyri-səlis yanaşma, genişləndirilmiş normallaşdırma və iqtisadi göstəricilərin [0,1] intervalında qiymətləndirilməsi məsələləri, həmçinin ölkə və regionların müqayisəsində tətbiq olunan metodlar təqdim olunub. Professor Nazim Müzəffərli konfransda panel və seksiya iclaslarının moderatoru kimi iştirak edib, elmi müzakirələrə qoşulub və xarici tədqiqatçılarla əməkdaşlıq imkanlarını müzakirə edib. Müzakirələr Z-ədədlər, süni intellekt, yumşaq hesablama, qeyri-müəyyənlik şəraitində qərarvermə, maşın öyrənməsi və digər aktual mövzuları əhatə edib.
Konfransda qəbul olunan məqalələrin “Springer”in “Lecture Notes in Networks and Systems” seriyasında dərc olunması nəzərdə tutulur.
Konfransda iştirak İqtisadiyyat İnstitutunun elmi nəticələrinin beynəlxalq səviyyədə tanıdılması və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından əhəmiyyətli olub.