01 sentyabr 2026 20:45
74

Dünya şöhrətli azərbaycanlı nüvə alimi

Azərbaycan elminin dünya miqyasında tanınmış simalarından biri, dünya şöhrətli nüvə alimi, kimya elmləri doktoru, professor və SSRİ Dövlət mükafatı laureatı Abbas Abbasəli oğlu Çayxorskidir. Onun adı sovet atom layihəsinin ən məxfi və mühüm səhifələrində öz əksini tapmışdır. Çayxorski uzun illər (1969–1991) SSRİ-nin nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik etmiş, nüvə kimyası və transuran elementlərin tədqiqi sahəsində mühüm elmi nəticələr əldə etmişdir.

Bu yazıda məqsədimiz Abbas Çayxorski barədə dərc edilmiş çoxsaylı kitab, jurnal, məqalə və s. nəşrlərdə alimin həyatı haqqında dərc olunmuş məlumatlara bir yenilik gətirməkdən ibarət deyil. Əsas məqsədimiz Azərbaycanın bir sıra görkəmli alimlərinin, ziyalarının tədqiqatlarına və analitik yazılarına əsaslanaraq Abbas Çayxorskinin fəaliyyəti ilə bağlı bir sıra fakt və epizodlardan söz açmaqla bəzi fikir və mülahizələrimizi oxucularla bölüşmək istərdik.

A.Çayxorski 1917-ci il yanvarın 21-də indiki  Ermənistan ərazisində mövcud olmuş İrəvan quberniyasının  Basarkeçər qəzasında, Çaxırlı kəndində, Abbasəli bəyin ailəsində anadan olub. 1918-ci ildə azərbaycanlıların Ermənistandan deportasiyası zamanı onun uşaqlıq və yeniyetməlik illəri əsasən Ağdaşda keçir, o, burada orta məktəbi bitirir, sonra isə Bakıda texnikuma daxil olur. A.Çayxorski 1939-cu ildə  Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində qəbul olunur.

1941-ci il iyunun 22-də İkinci dünya müharibənin başlanması ilə əlaqədar A.Çayxorski  universitetdə təhsilini yarımçıq qoyaraq cəbhəyə yollanmış və Cənub, Qafqaz, Krım və Şimali Qafqaz cəbhələrində gedən döyüşlərdə iştirak etmişdir. Abbas Çayxorski 1945-ci ilin 21 aprelində Pillau (indiki Baltiysk, Kalininqrad vilayəti) şəhəri uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə “Qızıl ulduz” medalına layiq görülür. Müharibədən sonra Bakıya dönən Çayxorski Bakıda Universitetdə təhsilini davam etdirir və tezliklə onu təhsil əlaçısı kimi keçmiş SSRİ  hökumətinin qərarı ilə Leninqrad Universitetinin kimya fakültəsinin 4-cü kursuna, yenicə açılmış radiokimya bölməsinə keçirirlər. Daha sonra 1947-ci ildə  o, Çelyabinskdə təşkil olunmuş Atom mərkəzinə işləməyə göndərilir və burada akademik İqor Kurçatovla birlikdə fəaliyyət göstərməyə başlayır.

“Çelyabinsk - 40” (indiki Ozersk şəhəri) adlanan ərazidə çalışan I.Kurçatov uran reaktorunun yaradılması üzərində işləyirdi. Bütün SSRİ-dən ən savadlı gənc kimyaçılar məhz buraya göndərilirdi və Çayxorski də onlardan biri idi. Həmin şəhərdə Abbas Çayxorski tələbə yoldaşı Yevgeniya Romanova ilə ailə qurur və 1953-cü ildə onların övladı Aleksandr dünyaya gəlir.

1969-cu ildə A.Çayxorski atom enerjisindən dinc məqsədlərlə istifadə üzrə SSRİ Dövlət Komissiyasının rəhbəri təyin olunur. Həmin ildə  o, həmçinin elementlərin yeni dövri cədvəli üzərində işləməyə başlayır. Onun nəzəri elmi tədqiqatları da SSRİ-də yüksək qiymətləndirilir. Abbas Çayxorski neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçı kimi tanınır. Belə ki, hələ 1970-ci ildə hazırladığı elementlərin dövri sistemi cədvəli (Mendeleyev cədvəlinin modifikasiyası) SSRİ-də radiokimya sahəsində müəllimlərin ixtisasartırma fakültələrinin tədris proqramına salınmışdı. SSRİ-nin süqutundan sonra Abbas Çayxorski həyat yoldaşı ilə birlikdə 1997-ci ildə ABŞ-a, oğlunun yanına yollanır. O, burada  elmi fəaliyyətini davam etdirir, molekulyar biologiya ilə maraqlanır.

Ömrünün son illərində A.Çayxorski dəfələrlə Bakıya da gəlir, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru seçilir. Görkəmli alim çox istəyirdi ki, onu təkcə SSRİ-nin nüvə sənayesindəki təkrarsız fəaliyyətinə görə deyil, həm də Azərbaycanda nüvə enerjisinin inkişafına töhfə verən bir mütəxəssis kimi xatırlasınlar. Azərbaycan elminin nüfuzunu artırmaq üçün o, özünün bir sıra fundamental əsərlərini AMEA-nın elmi jurnallarında dərc etdirmişdir.

Abbas Çayxorski 91 yaşında – 30 noyabr 2008-ci ildə, ABŞ-nin Nevada ştatının Rino şəhərində vəfat etmişdir. 2009-cu ildə Azərbaycana gələn Aleksandr Çayxorski özü ilə Bakıya həm də atasının külü olan urnanı gətirir və onun külü öz istəyinə uyğun olaraq Bakıdakı köhnə qəbiristanlıqların birində basdırılır.

Şübhəsiz, Abbas Çayxorskinin həyatı təkcə dahi bir alimin elmi nailiyyətlərindən ibarət deyil. Bu, həmçinin ötən əsrin ən məxfi elmi layihələrindən birinin içində çalışmış, dünya nüvə elminin inkişafına töhfə vermiş azərbaycanlı bir ziyalının həyat hekayəsidir. Qərbi Azərbaycandan - Çaxırlı kəndindən başlayan bu yol onu dünya nüvə elminin ən mühüm simalarından birinə çevirmiş və onun adı dünya nüvə elminin tarixinə əbədi yazılmışdır.

Yekun söz əvəzinə. Son illər Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadalarda əldə etdikləri uğurlar, qazanılan medallar bu istiqamətdə ölkəmizdə aparılan sistemli və məqsədyönlü işlərin nəticəsidir. Məktəblilərimizin iştirak etdiyi müsabiqələrdən biri də Elm və Təhsil Nazirliyinin və Təhsil İnstitutunun təşkilatçılığı ilə riyaziyyat və informatika fənləri üzrə Lütfi Zadə adına Beynəlxalq Olimpiadadır. Bununla əlaqədar, hesab edirik ki, мəktəblilərimiz üçün kimya fənni üzrə Abbas Çayxorski adına Beynəlxalq Olimpiadanın təşkil edilməsi də məqsədəuyğun olardı.

Eyni zamanda, qeyd etmək lazımdır ki, 2027-ci ilin yanvarında Abbas Çayxorskinin anadan olmasının 110 illiyi tamam olur. Bununla əlaqədar müxtəlif formatlı tədbirlərin keçiriməsini də məqsədəuyğun hesab edirik. Nəzərdə tutulan tədbirlər sırasında görkəmli alimin fəaliyyətini əbədiləşdirmək üçün Bakıda abidə ucaldılması, memorial lövhə qoyulması, Bakı Dövlət Universitetində istedadlı və əlaçı tələbələr üçün Abbas Çayxorski təqaüdünün təsis edilməsi, küçələrdən birinə onun adının verilməsi, həyatı barədə sənədli film çəkilməsi, xatirə nişanlarının buraxılması barədə də düşünmək olar.

Dünya şöhrətli kimyaçı Abbas Çayxorskinin Qərbi Azərbaycanda anadan olduğunu nəzərə alaraq, Qərbi Azərbaycan İcması tərəfindən onun şərəfinə xatirə medalının təsis edilməsi ideyası da nəzərdən qaçırılmamalıdır. Yəqin ki, bu mükafat elm və texnologiyanın prioritet sahələrinin inkişafına verdiyi şəxsi töhfələrə görə görkəmli alimlərə təqdim olunacaq.   

Bəli, Abbas Çayxorskinin bütün elmi nailiyyətləri, onun mənəvi böyüklüyü və doğma vətəninə sadiqliyi onu Azərbaycan elmi tarixində xüsusilə əhəmiyyətli şəxsiyyətə çevirib. Məxfilik və geosiyasi maneələr dövrünə baxmayaraq, o, Azərbaycanı beynəlxalq səviyyədə layiqincə təmsil edən əsl elm fədaisi olub. Bu baxımdan müasir nəslin Abbas Çayxorski kimi görkəmli alimi tanıması çox vacibdir.

Leyla Səfərova