01 sentyabr 2026 18:56
113

ÖMRÜN ŞƏRƏFLİ 60 İLİ – HÜSEYN ZƏRBƏLİYEV

Peşəkarlıq, zəhmət və insani dəyərlərlə zəngin ömür yolu

İnsan ömrünün dəyəri yalnız yaşanan illərin sayı ilə deyil, bu illər ərzində görülən işlər, qazanılan hörmət və yaddaşlarda qoyulan izlə ölçülür. Sentyabrın 5-də Azərbaycan neft sənayesində uzun illər səmərəli fəaliyyət göstərmiş təcrübəli neftçi-mühəndis və peşəkar idarəçi Hüseyn Zərbəliyevin 60 yaşı tamam olur.

1966-cı il sentyabrın 5-də Sabirabadda dünyaya göz açan Hüseyn Zərbəliyev gənc yaşlarından zəhmətkeşliyi, məqsədyönlülüyü və seçdiyi peşəyə bağlılığı ilə fərqlənib. 1983–1990-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında – indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alaraq qazma mühəndisi ixtisasına yiyələnib. Tələbəlik illərində, 1985–1987-ci illərdə hərbi xidmət keçərək Vətən qarşısındakı borcunu layiqincə yerinə yetirib.

Hüseyn Zərbəliyevin əmək fəaliyyəti neft sənayesində peşəkar inkişafın və zəhmətlə qazanılan uğurun bariz nümunəsidir. Əmək yoluna qazmaçı köməkçisi kimi başlayan Hüseyn müəllim bilik və təcrübəsi, işgüzarlığı və məsuliyyətli münasibəti sayəsində qazma ustasının köməkçisi, qazma ustası, sahə rəisi və daha yüksək rəhbər vəzifələrədək yüksəlib. SOCAR-ın Qazma İşləri İdarəsində çalışdığı illərdə mürəkkəb geoloji şəraitdə qazma işlərinin təşkili və idarə olunması sahəsində zəngin praktiki təcrübə qazanıb.

Sonrakı illərdə onun peşəkar fəaliyyəti beynəlxalq neft-qaz layihələri ilə davam edib. “Gobustan Operating Company” və “Bahar Energy Operating Company” kimi şirkətlərdə departament rəisi, əməliyyat meneceri, vitse-prezident və direktor vəzifələrində çalışan Hüseyn Zərbəliyev istehsalat proseslərinin səmərəli təşkili, əməliyyatların idarə olunması və təhlükəsizlik standartlarının tətbiqi istiqamətində mühüm təcrübə əldə edib.

2023-cü ildən etibarən Hüseyn Zərbəliyev SOCAR Upstream International Management şirkətində Aktivlərin idarəedilməsi üzrə menecer vəzifəsində fəaliyyət göstərir. O, qurudakı PSA layihələrinin idarə olunması, strateji planlaşdırma, istehsalat proseslərinin səmərəliliyinin və təhlükəsizliyinin təmin edilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.

Uzun illər neft sənayesində göstərdiyi səmərəli fəaliyyət və peşəkar xidmətləri yüksək qiymətləndirilən Hüseyn Zərbəliyev SOCAR rəhbərliyi tərəfindən “Fəxri Neftçi” döş nişanı ilə təltif olunub.

Hüseyn müəllimin həyatında ailə hər zaman xüsusi yer tutub. O, iki qız atası və sevimli nəvəsinin babasıdır. Gərgin və məsuliyyətli əmək fəaliyyətinə baxmayaraq, doğmaları üçün hər zaman etibarlı dayaq, qayğıkeş ata və mehriban baba olmağı bacarıb. Ailəsinə bağlılığı, doğmalarına göstərdiyi diqqət və qayğı onun zəngin mənəvi dünyasının ən gözəl ifadəsidir.

Bu gün 60 illik ömür yoluna nəzər saldıqda arxada zəhmətlə, məsuliyyətlə və ləyaqətlə keçilmiş illər görünür. Peşəsinə sədaqəti, yüksək məsuliyyət hissi, səmimiyyəti və insanlarla münasibətdə etibarlılığı Hüseyn Zərbəliyevə həmkarları, dostları və doğmaları arasında böyük hörmət qazandırıb.

60 yaş insan ömrünün yalnız bir yubiley məqamı deyil, görülən işlərə nəzər salmaq, qazanılan təcrübəni dəyərləndirmək və qarşıdakı illərə yeni məqsədlərlə addımlamaq üçün mühüm bir mərhələdir.

Hörmətli Hüseyn Zərbəliyevi 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, tükənməz həyat enerjisi və peşəkar fəaliyyətində yeni uğurlar arzulayırıq.

60 yaşınız mübarək, Hüseyn müəllim!

Zamin Məmmədov, "İki sahil"