02 sentyabr 2026 14:30
87

ANAMA ilə ARMAC arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda lV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində ANAMA ilə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) üzv ölkələrin mina təhlükəsi ilə mübarizə üzrə regional təşkilatı olan ASEAN Regional Minatəmizləmə Mərkəzi (ARMAC) arasında Anlaşma Memorandumu imzalanıb.

“İki sahil” xəbər verir ki, humanitar minatəmizləmə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və ARMAC-ın icraçı direktoru Rotna But tərəfindən imzalanıb.

Sənəd iki qurum arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə və bilik mübadiləsinin genişləndirilməsi, qabaqcıl yanaşmaların paylaşılması və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə fəaliyyətin təşviqini nəzərdə tutur.

İmzalanan sənəd Azərbaycanın mina probleminin həlli istiqamətində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, eləcə də müxtəlif regionlarda fəaliyyət göstərən minatəmizləmə qurumları arasında bilik və təcrübə mübadiləsinin gücləndirilməsi baxımından əhəmiyyətli addımdır.