03 sentyabr 2026 00:58
63

Hindistanda daşqınlar səbəbindən 16 mindən çox şəxs təxliyə edilib

Hindistanın Uttar-Pradeş ştatında baş verən daşqınlar nəticəsində 16 784 nəfər təxliyə edilib, 3 nəfər ölüb.

“İki sahil” xəbər verir ki,  bu barədə "Hindustan Times" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, təbii fəlakətin nəticələri ştatın 35 dairəsindən 23-nə təsir edib. Bəzi ərazilərdə təkrar daşqın təhlükəsi qalmaqdadır. Xüsusilə Balliya dairəsində Qanq və Sarayu çaylarında suyun səviyyəsinin yüksəlməsi təxminən 20 500 nəfərə təsir edib.

Daşqınlar nəticəsində 3 nəfər, o cümlədən Pratapqarhda 18 aylıq uşaq, Qacraula şəhərində isə 32 yaşlı qadın və 55 yaşlı kişi həlak olub. Həmçinin yüzlərlə evə ziyan dəyib. Qeyd olunur ki, axtarış-xilasetmə əməliyyatlarına 1 499 qayıq və motorlu kater, eləcə də 1 067 tibbi briqada cəlb edilib. Ştat hakimiyyəti 1 311 müvəqqəti yaşayış məntəqəsi yaradıb.