03 sentyabr 2026 01:12
85

Norveç məhkəməsi Rusiya gəmisini həbs edib

Norveç məhkəməsi Ukraynanın “Naftoqaz” şirkətinin müraciəti əsasında Rusiyanın “Professor Molçanov” elmi-tədqiqat gəmisini Şpitsbergendə həbs edib.

“İki sahil” xəbər verir ki, bu barədə Şpitsbergen qubernatorunun rəsmi saytında məlumat yayılıb. Məlumata görə, Nord-Tröms dairə məhkəməsinin qərarı ilə Barensburqda (Şpitsbergen) lövbər salmış Rusiya gəmisinə həbs qoyulub. Qərara əsasən, Şpitsbergen qubernatorunun müvafiq qərarı verilənədək gəminin hazırkı yerini tərk etməsinə icazə verilmir. Bildirilib ki, gəminin həbsi “Naftoqaz”ın Krımdakı aktivləri ilə bağlı arbitraj qərarının icrasını təmin etmək məqsədilə görülən tədbirdir.

Qeyd edək ki, “Professor Molçanov” 2025-ci ilin iyunundan Şpitsbergenə müntəzəm yük-sərnişin reysləri həyata keçirir. Gəmi bu il mart ayında Murmanskdan arxipelaqa ilk səfərinə çıxıb.