03 sentyabr 2026 14:16
49

Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir

Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər dünya mediasının və beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bu səfər təkcə ikitərəfli əlaqələrin dinamikasını deyil, Azərbaycanın qlobal müstəvidə artan çəkisini və strateji əhəmiyyətini bir daha nümayiş etdirir.

Səfər çərçivəsində keçirilən görüşlər rəsmi Bakının xarici siyasət kursunun milli maraqlara və qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını bir daha təsdiqləyir. Tərəfdaş və dost ölkələrlə münasibətlərin şaxələndirilməsi, çoxşaxəli diplomatiya imkanlarından səmərəli istifadə olunması Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirir. Bu gün Azərbaycan regionda sabitlik, sülh, təhlükəsizlik və dayanıqlı inkişafı təşviq edən aparıcı dövlətlərdən biri kimi qəbul olunur.

Regionda yaranmış yeni reallıqlar fonunda Azərbaycanın atdığı ardıcıl və məqsədyönlü addımlar Cənubi Qafqazda strateji sabitliyin, davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə regionda yeni strateji mərhələnin əsası qoyulub və əvvəlki geosiyasi reallıqlar əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycan formalaşmış yeni reallıqlardan çıxış edərək Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması və ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm təşəbbüslər irəli sürür. Bu yanaşma yalnız dövlətimizin milli maraqlarına deyil, bütövlükdə regionun uzunmüddətli sabitliyinə və təhlükəsizliyinə xidmət edir. Nəqliyyat və kommunikasiya xətlərinin bərpası, regional iqtisadi əlaqələrin inkişafı, ticarət və tranzit imkanlarının genişləndirilməsi Cənubi Qafqazda yeni əməkdaşlıq platformalarının formalaşmasına şərait yaradır. Azərbaycanın təşəbbüsləri nəticəsində regionun qarşıdurma və münaqişə məkanı kimi deyil, sülhün, təhlükəsizliyin, iqtisadi inkişafın və qarşılıqlı faydalı əməkdaşlığın təşviq edildiyi bir məkana çevrilməsi üçün mühüm imkanlar yaranıb. Prezident İlham Əliyev Bişkek şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdəki çıxışında bu mühüm faktı vurğulayaraq bildirib: “Bir ildən bir az çox müddət əvvəl Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayaraq 30 illik münaqişəyə son qoydular. Beləliklə, çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir”.

Postmünaqişə dövründə əməkdaşlığın inkişafı və kommunikasiyaların bərpası Cənubi Qafqazın gələcək təhlükəsizlik və sabitlik arxitekturasının formalaşdırılması baxımından prioritet məsələlərdəndir. Region artıq qarşıdurma və münaqişə reallıqlarından tədricən uzaqlaşaraq yeni strateji mərhələyə qədəm qoyur. Bu mərhələnin əsasını sülh, təhlükəsizlik, qarşılıqlı etimad və genişmiqyaslı regional əməkdaşlıq təşkil edir. Nəqliyyat və kommunikasiya xətlərinin açılması, iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiyaların təşviqi region ölkələri arasında uzunmüddətli əməkdaşlıq üçün yeni imkanlar yaradır. Azərbaycan bu prosesdə yalnız təşəbbüslərlə çıxış edən tərəf kimi deyil, həm də regionun dayanıqlı inkişafına və yeni iqtisadi əlaqələr sisteminin formalaşmasına töhfə verən əsas aktorlardan biri kimi çıxış edir.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və kommunikasiyaların bərpası postmünaqişə dövrünün əsas prioritetlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Postmünaqişə mərhələsində əsas məqsəd yalnız keçmiş qarşıdurmanın nəticələrini aradan qaldırmaq deyil, eyni zamanda regionda qarşılıqlı etimad və faydaya əsaslanan yeni əməkdaşlıq mühiti formalaşdırmaqdır. Bu baxımdan sülh gündəliyinin iqtisadi və nəqliyyat layihələri ilə tamamlanması xüsusi önəm daşıyır. Kommunikasiyaların açılması, sərhədyanı əlaqələrin inkişafı, ticarət dövriyyəsinin artırılması və tranzit imkanlarının genişləndirilməsi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin praktiki müstəvidə inkişafına mühüm zəmin yarada bilər. Eyni zamanda, regional nəqliyyat xətlərinin bərpası yalnız iki ölkə arasında əlaqələrin genişlənməsinə deyil, bütövlükdə Cənubi Qafqazın iqtisadi potensialının artmasına, yeni ticarət marşrutlarının formalaşmasına və regionun beynəlxalq nəqliyyat-logistika sistemində rolunun güclənməsinə xidmət edəcək. Bu proses Cənubi Qafqazı Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində mühüm nəqliyyat, logistika və ticarət imkanlarının kəsişdiyi strateji məkana çevirə, region ölkələrinin qarşılıqlı iqtisadi asılılığını və əməkdaşlıq imkanlarını daha da artıracaqdır. Beləliklə, kommunikasiyaların açılması sülhün yalnız siyasi sənədlərlə deyil, konkret iqtisadi və humanitar əlaqələrlə möhkəmləndirilməsinə imkan verən mühüm amilə çevriləcəkdir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir: “Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq. Lakin təəssüf ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib”.

Mövcud geosiyasi reallıqlar şəraitində Azərbaycan beynəlxalq mövqelərini ardıcıl olaraq gücləndirir. Yeni perspektivlər Azərbaycanın uzunmüddətli inkişafına və qlobal miqyasda nüfuzunun daha da artmasına zəmin yaradır.

Mahir Süleymanlı

Milli Məclisin deputatı