05 sentyabr 2026 14:34
97

Şəkidə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunlarla görüş keçirilib

Bu il Şəkinin ümumtəhsil məktəblərini bitirən 2058 məzundan 980 nəfəri ölkənin müxtəlif ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan 119 nəfəri 500-dən yuxarı, 69 nəfəri isə 600-dən yuxarı bal toplayıb.

“İki sahil” xəbər verir ki, bu münasibətlə rayon üzrə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunlarla görüş keçirilib. Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Şəki rayonu üzrə təhsil sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər ali məktəblərə qəbul olaraq tələbə adını qazanan məzunları təbrik edib, onlara gələcək təhsil və fəaliyyətlərində uğurlar arzulayıblar. Bildirilib ki, gənclərin yüksək nəticələri ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğının, həyata keçirilən islahatların mühüm göstəricilərindəndir. Məzunlara savadlı, bilikli və bacarıqlı gənc kadr kimi Azərbaycanın inkişafı və tərəqqisinə layiqli töhfələr vermələri arzulayıb. Daha sonra məzunlar, valideynlər və təhsil işçiləri çıxış edərək gənclərlə belə görüşlərin keçirilməsinə, onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Tədbirin davamında Şəki rayonu üzrə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunlara təşəkkürnamə və hədiyyələr təqdim olunub. Tədbir bədii hissə ilə başa çatıb.

Qeyd edək ki, 2025–2026-cı tədris ilində buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrindən ümumilikdə 151 məzun 600-dən yuxarı bal toplayıb. Onlardan 69-u Şəki, 30-u Qəbələ, 17-si Zaqatala, 14-ü Balakən, 11-i Qax, 10-u isə Oğuz rayonunun payına düşür.