05 sentyabr 2026 15:04
81

“Sabah”ın təşəbbüsü

“Sabah” futbol klubu (FK) Azərbaycanda uşaq futbolunun inkişafı məqsədilə 10 milyon manat yatırım edir.

“İki sahil” xəbər verir ki, bu barədə “Sabah” FK-nın futbolsevərlərə ünvanladığı müraciətdə bildirilib. Müraciətdə xatırladılır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 avqust 2026-cı il tarixli Sərəncamı ilə “Sabah” Futbol Klubuna UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə 5 milyon manat maliyyə dəstəyi ayrılıb.

“Cənab Prezident İlham Əliyevin klubumuza və Azərbaycan futboluna göstərdiyi diqqət və etimad bizi bu dəstəyin yaratdığı imkanı daha böyük və uzunmüddətli məqsədə yönəltmək barədə düşünməyə sövq etdi. Biz istəyirik ki, bu tarixi uğur və göstərilən dəstək təkcə bugünkü “Sabah”a deyil, Azərbaycan futbolunun gələcəyinə də xidmət etsin.

Məhz buna görə “Sabah” Futbol Klubu UEFA Çempionlar Liqasında iştiraka görə əldə etdiyi məbləğdən əlavə 5 milyon manat vəsaiti uşaq futbolunun davamlı inkişafına yönəltmək və “Sabah Football Academy Future Talents” – “Sabah Futbol Akademiyası Gələcəyin istedadları” proqramını yaratmaq qərarına gəlib”, - deyə müraciətdə qeyd edilib. Beləliklə, proqramın ilkin kapitalının 5 milyon manat Prezident İlham Əliyevin dəstəyi + 5 milyon manat “Sabah”ın vəsaiti = 10 milyon manat prinsipi əsasında formalaşdırılması nəzərdə tutulur.

Klubun müraciətində bildirilib ki, fondun əsas prinsipi həmin 10 milyon manatı xərcləmək deyil, onu qorumaq və artırmaqdır. Vəsait peşəkar şəkildə idarə olunaraq gəlir yaradacaq. Bu il UEFA ÇL-da keçirilən oyunlara bilet satışından əldə edilən məbləğlərin müəyyən hissəsi də həmin proqrama yönəldiləcək. Beləliklə, ilkin kapital gələcək gənc futbolçuların inkişafına uzun illər xidmət edən daimi maliyyə mənbəyinə çevriləcək.

Klubun məqsədi bir mövsümün tarixi uğurunu gələcək nəsilləri təmsil edən futbolçularını yetişdirmək, ölkədə və gələcəkdə regionumuzda aparıcı futbol akademiyasını formalaşdırmaq, Prezident İlham Əliyevin futbolumuza və klubumuza olan diqqəti əbədiləşdirmək üçün uzunmüddətli imkanlara çevirməkdir.

“Sabah Football Academy Future Talents” proqramının əsas məqsədi uşaq futbolunun davamlı inkişafına dəstək vermək, bu prosesə maraqlı tərəfləri cəlb etmək və uzunmüddətli, dayanıqlı inkişaf modelinin formalaşdırılmasına töhfə verməkdir.

Klub bu təşəbbüsün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) ölkədə uşaq və gənclər futbolunun inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətlə uzlaşmasına, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarının yaradılmasına xüsusi önəm verir.

Layihə futbol infrastrukturunun təkmilləşdirilməsinə, istedadlı uşaqların aşkarlanmasına və peşəkar hazırlığına, müasir məşq metodlarının tətbiqinə, həmçinin idman elmi, tibbi təminat, performans analitikası, təhsil və fərdi inkişaf proqramlarının gücləndirilməsinə yönəldilməsi nəzərdə tutulur.

Klub ölkə üzrə istedadların aşkarlanması sistemini daha da genişləndirməyi, uşaqların yaşadıqları regiondan və ailələrinin maddi imkanlarından asılı olmayaraq, perspektivli futbolçular üçün bərabər inkişaf imkanları yaratmağı hədəfləyir.

Uzunmüddətli perspektivdə “Sabah” Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində fəaliyyət göstərən akademiyalar, futbol məktəbləri və klublarla əməkdaşlığı genişləndirərək, Akademiyanı regionun aparıcı futbol inkişaf mərkəzlərindən birinə çevirməyi qarşısına məqsəd qoyur.

“Sabah” FK bu təşəbbüsə “Bünövrə Tərəfdaşı” formatında qoşulmaq üçün ölkəmizin şirkətlərinə və beynəlxalq tərəfdaşlara imkan yaradacaq və maraqlı tərəfləri bu təşəbbüsü nəzərdən keçirməyə dəvət edir.

“Sabah Football Academy Future Talents” proqramının fəaliyyət prinsipləri, idarəetmə modeli, tərəfdaşlıq mexanizmləri və gələcək inkişaf istiqamətləri ilə bağlı ictimaiyyətə əlavə və ətraflı məlumat təqdim ediləcək.

“Bu, Azərbaycan futbolumunun inkişafı naminə atılan daha bir addımdır”, - deyə klubun futbolsevərlərə müraciətində vurğulanıb.