08 sentyabr 2026 10:46
108

BMT-nin nümayəndəsi: Xəzər dənizində dramatik dəyişikliklər baş verə bilər

Xəzər dənizində əməkdaşlıq sıfırdan başlamır. Tehran Konvensiyası və onun protokolları Xəzəryanı beş ölkə üçün əməkdaşlığın mühüm çərçivəsini təmin edir.

“İki sahil” xəbər verir ki, bunu BMT-nin Layihə Xidmətləri Ofisinin çoxölkəli ölkə direktoru Simonetta Siliqato “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”nın ikinci günündə "Daxili su hövzələrində iqlim dəyişmələrinin yaratdığı çağırışlar: Xəzər dənizi nümunəsi" mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, indi əsas məsələ həmin çərçivənin texniki məzmununu və elmi əsaslarını gücləndirmək, alimləri və institutları birləşdirmək, məlumat və bilik mübadiləsini yaxşılaşdırmaq, eləcə də davamlı maliyyələşməni təmin etməkdir.

Simonetta Siliqato qeyd edib ki, əməkdaşlıq yalnız idarəçiliklə məhdudlaşmamalıdır. Tədqiqat institutları, beynəlxalq maliyyə institutları, inkişaf tərəfdaşları, yerli icmalar və özəl sektor da bu prosesə cəlb edilməlidir:”Çünki real fəaliyyət məhz yerli səviyyədə həyata keçirilir. Yerli icmaları prosesə cəlb etmədən əldə edəcəyimiz nəticələrin təsiri kifayət qədər güclü olmayacaq”.

O bildirib ki, qarşıdakı onilliklər ərzində Xəzər dənizində potensial olaraq dramatik dəyişikliklər baş verə bilər. Onun sözlərinə görə, bu, artıq yalnız ekoloji məsələ deyil. Dəyişikliklər infrastruktura, limanlara, nəqliyyata, yerli iqtisadiyyatlara və insanların yaşayış vasitələrinə, həmçinin su təhlükəsizliyinə və biomüxtəlifliyə təsir göstərir.