09 sentyabr 2026 01:25
77

Azərbaycan dünyanın humanist dövlətləri sırasında

Dünyanın elə kasıb ölkələri var ki, əhali yarıac, sosial müdafiəsiz vəziyyətində yaşayır. Dünya əhalisinin sosial müdafiəsini araşdıran qurumlar müəyyən ediblər ki, dənizaşırı ada dövlətlərində vəziyyət o yerə çatıb ki, hər üç anadan biri öz payını övladlarına yedirdərək özü aclıq keçirir. Bu, iyirmi birinci əsrdə tükürpədici faktlardan biridir.

İndiki zamanda o vəziyyətdə yaşayanlara təmənnasız yardım əli uzatmaq insanlığın ən ali zirvəsidir, desək, yəqin səhv olmaz. Azərbaycan rəhbərliyi yaşayış minimumundan da aşağı normada gün keçirən xalqlara köməyini əsirgəmir. Xatırlatmaq xoşdur ki, Azərbaycan həyati məhrumiyyətlər çəkən xırda və kasıb ölkələrə bir neçə ildir ki, özünü  xilaskar kimi tanıdıb və xeyixahlıq missiyasını davam etdirir.

Azərbaycan iqlim gündəliyi çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərə (SIDS) dəstək üçün 5 milyon dollar ayırıb. Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəsi Patrisiya Skotland Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) çərçivəsində keçirilən panel müzakirəsində məlumat verib. Qeyd edib ki, Azərbaycan COP29-a sədrliyi dövründə inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləmək öhdəliyi götürüb və nəticədə müvafiq layihələrin hazırlanmasına və həyata keçirilməsinə yardım məqsədilə Birlik Fondu yaradılıb.

Skotland bildirib ki, Millətlər Birliyinin İqlim Maliyyəsinə Çıxış Mərkəzi 8 milyon dollardan az maliyyələşmə ilə artıq 594,34 milyon dollar cəlb etməyə kömək edib. 26 ölkə dəstək alıb, 123 layihə həyata keçirilib və 4 139 dövlət qulluqçusu təlim keçib. Qeyd edək ki, həmin Birliyin həyata keçirdiyi digər tədbirlər də davam etməkdədir. Bütün bunların hamısı infeksion xəstəliklərdən əziyyət çəkən qocalara, uşaqlara və qadınlara xilas olmaq imkanları yaradır, onların həyatının müəyyən qədər normallaşdırılmasına xidmət edir.

Patrisiya Skotland, həmçinin Bakı Adaptasiya Yol Xəritəsinin və Qlobal İqlim Şəffaflığı Platformasının vacibliyini vurğulayıb. O, bəzi ölkələrin bu işlə bağlı olan nümayəndələrinin yarıtmaz və laqeyd davranışlarından narazılığını da bildirib. Deyib ki, əvvəl vəd verib əməli işə gələndə geri çəkilənlər onlara bəslənən ümidləri qırırlar. Nəticədə işlərin ardıcıllığı pozulur, vəd verənlərə inam itir. Çətinə düşənə əl uzatmaq hər kəsin vicdan məsələsidir. Özgə vaxt başqalarına vicdandan mühazirə oxuyanlar ac insanlara var-dövlətindən kiçik bir pay ayırmırsa, dava-dərman almağa kömək etmirsə, məqam gələndə bu missiyadan boyun qaçırırsa, deməli, gəvəzəlik edirlər.    

Skotlandın sözlərinə görə, vəd verən ölkələrə ardıcıllıq və sadiqlik lazımdır. Çünki onlar konkret nəticələrə gətirib çıxarmayan vədlərdən yorulublar. Ancaq belələrinin əksinə olaraq Azərbaycan həmişə sözünün arxasında durur: "Azərbaycan ardıcıl və məqsədyönlü liderliyin nələrə nail ola biləcəyini nümayiş etdirib. Bunu etmək üçün texnologiyalara, imkanlara və biliklərə malikik. Biz birlikdə və tərəfdaşlıq çərçivəsində işləməliyik.” Skotlandın sözlərindən də açıq görünür ki, ölkəmiz həmişə, hər məsələdə olduğu kimi yenə də ardıcıl humanist mövqedədir. Bu fikri təkcə Skotland deyil, dünya liderlərinin əksəri ifadə edib. Azərbaycan yeganə dövlətlərdəndir ki, məhrumiyyətlər içində “üzən” xalqlara hər zaman öz səxavətini və humanizmini göstərir. Xalqımız əzəldən öz comərdliyi ilə tanınıb.

Vəli İlyasov, “İki sahil”