09 sentyabr 2026 00:49
85

Kənd təsərrüfatında yeni keyfiyyət mərhələsi

Daha çox məhsuldarlıq, səmərəlilik, özünütəminetmə, investisiya artımı, özəl sektorun fəal iştirakı

Azərbaycanda aqrar sektorun inkişafı daim diqqət mərkəzində olub. Kənd təsərrüfatının inkişafı ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasına, qeyri-neft sektorunun gücləndirilməsinə, ixrac potensialının artırılmasına, həmçinin regionların sosial-iqtisadi tərəqqisinə, əhalinin məşğulluq və həyat səviyyəsinin yüksəlməsinə böyük töhfələr verir.

Son dövrlərdə aqrar sektorun rəqəmsallaşması mühüm əhəmiyyət daşıyır. Hazırda bu istiqamətdə ciddi addmlar atılır. Kənd təsərrüfatı kimi ənənəvi sahədə rəqəmsallaşma, əkin sahələrinin peyk monitorinqi, müasir texnologiyaların inteqrasiyası məhsuldarlığın artırılması ilə yanaşı, fermerlərun idarəetmə bacarıqlarının təkmilləşməsində, bazara çıxış imkanlarının genişlənməsində, idarəetmənin dünya standartlarına uyğunlaşdırılmasında böyük rol oynayır. “Ağıllı kənd” və smart-aqrar texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, fermerlərə güzəştli kreditlərin, subsidiyaların verilməsi, vergi güzətlərinin tətbiqi, maşın, kənd təsərrüfatı texnika və avadanlıqlarının dəyərinin qırx faizinin büdcədən ödənilməsi və onların lizinq yolu ilə satılması və s. bu sahədə Dövlət proqramlarının uğurlu icrasına ciddi təkan verir. Yeni aqroparkların yaradılması, qazlaşma, elektrik təchizatı, avtomobil yolları, su anbarları və kanalların inşası kənd yerlərində iqtisadi fəaliyyətin genişlənməsinə, fermerlərin istehsal imkanlarının artmasına və regionlarda məşğulluğun dəstəklənməsinə şərait yaradıb.

2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının qəbul edilməsi heyvandarlığın, baramçılığın, pambıqçılığın, fındıqçılığın, taxılçılığın, üzümçülüyün və kənd təsərrüfatının digər sahələrinin inkişafına ciddi təkan verib. Belə ki, 2025-ci ildə kənd təsərrüfatı istehsalı ümum daxili məhsulun 5,9 faizini təşkil edib. Qeyri-neft ümum daxili məhsulunda isə 8,3 faiz paya malik olub. Ötən il aqrar sahədə toplam məhsul istehsalı 14 milyard manat təşkil edib. Bir sıra ərzaq məhsulları da var ki, onunla yerli təminat 100 faizə yaxın, bəzilərində isə daha çoxdur. Son illər Azərbaycanda 400 min ton tutumlu soyuducu anbarlar yaradılıb. Dövlət dəsətyi ilə yaradılan müasir suvarma sistemləri hazırda 130 min hektarda tətbiq olunur. Əsas hədəf isə bu göstəricini 2030-cu ilə qədər 300 min hektara çatdırmaqdır. Bu gün respublikamızda 1500 hektarı əhatə edən istixanalar mövcuddur.

Ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramı qəbul edildikdən dərhal sonra ciddi tədbirlər həyata keçirilməlidir. Təxmini hesablamalara görə, dövlət xətti ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2 milyard manatdan çox vəsait tələb olunacaq. Burada özəl sektorun payı isə təqribən 3 milyard manatdan çox olacaq. Prezident İlham Əliyevin sədrliyi ilə cari il mayın 25-də keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə dövlətimizin başçısı aqrar sektorda nəzərdə tutulmuş vəzifələrin icra olunduğunu diqqətə çatdırmaqla yanaşı, bu sahənin qarşısında yeni vəzifələr qoyub, aidiyyəti qurumlara konkret tapşırıqlar verib.

Aqrar sektorun inkişafında digər amillərlə yanaşı, su təchizatı məsələləri də xüsusi rol oynayır. Ölkəmizin başçısının bildirdiyi kimi, son illər bu istiqamətdə mühüm layihələr icra edilib: “Su anbarları-Taxtakörpü, Şəmkirçay ən böyük su anbarlarıdır, Göytəpə su anbarı, digər su anbarları. İndi 10 su anbarının yenidən qurulması layihəsi icra edilir. Qarabağ və Şərqi Zəngəzur işğalçılardan azad ediləndən sonra dərhal orada su anbarlarının bərpasına başlamışıq və artıq Köndələnçay su anbarlarının sayı üç oldu. Xaçınçay, ondan sonra Suqovuşan, Sərsəng, Zabuxçay su anbarları yenidən quruldu. Sovet vaxtında yox idi, indi Bərgüşad və Həkəri su anbarlarının tikintisi işləri gedir. Qarabağda və Şərqi Zəngəzurda bizim 25 faiz su ehtiyatlarımız formalaşır. Onlardan səmərəli istifadə etmək, həm o bölgəni, həm digər bölgələri su ilə təmin etmək mümkün olacaq. Çünki vaxtilə Sərsəng və Suqovuşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılanda məqsəd Qarabağın hüdudlarından kənarda olan 7-8 rayonu su ilə təmin etmək idi. O vaxt, işğaldan sonra ermənilər suyumuzu kəsmişdilər. İndi bir kanal fəaliyyətdədir. Digər kanalın tikintisi davam edir və beləliklə, 8 rayona, təqribən 100 min hektar torpağa su veriləcək”.

Qırx dörd günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə nəticəsində torpaqlarımızın azad edilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. Ölkənin əkin dövriyyəsi artacaq, strateji əhəmiyyətli su anbarlarının yerləşdiyi ərazilərin işğaldan azad edilməsi nəticəsində yüz minlərlə hektar sahənin suvarılması təmin ediləcək. Azad edilmiş torpaqlarda üzümçülük, taxılçılıq, pambıqçılıq və heyvandarlığın inkişafı üçün çox böyük potensial var. Bu potensialdan düzgün istifadə etməklə, eyni zamanda, aqrar emal sənayesini genişləndirməklə kənd təsərrüfatının davamlı inkişafı təmin olunacaq.

Zahid Rza, “İki sahil”