09 sentyabr 2026 12:06
96

Müqəddəs məkanlara yeni həyat

İşğaldan azad olunmuş ərazilərdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır. İşğal dövründə erməni vandalları tərəfindən 67 məsciddən 65-i tamamilə, 2-si isə qismən dağıdılaraq yararsız hala salınıb. Amma bu məscidlər də ermənilər tərəfindən işğal dövründə məkrli şəkildə fars-İran məscidləri kimi təqdim olunurdu.

Ermənilər işğal dövründə məscidlərin bəzilərindən tövlə kimi istifadə ediblər.  Buna Ağdamın Qiyaslı kəndində 18-ci əsrə aid olan məscidi, Malıbəyli məscidini, Füzulinin Qarğabazar kəndindəki Hacı Qiyasəddin məscidini misal göstərmək olar. Dəfələrlə bu məsələyə toxunan Prezident İlham Əliyev bu müqəddəs yerlərin tövlə kimi istifadə olunmasını və orada dinimizdə haram sayılan heyvanların saxlanılmasını təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinə təhqir kimi xarakterizə edib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərindəki şanlı Qələbəsindən sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bu prosesdə həmin ərazilərdəki dini məbədlərimizin, o cümlədən xristian abidələrinin bərpasına da ciddi önəm verilir. Belə ki, Ermənistan tərəfindən dağıdılmış dini-tarixi abidələrin əvvəlki görünüşünə uyğun bərpası, həmçinin yeni məscidlərin inşası istiqamətində ardıcıl işlər görülür. Bu çərçivədə Şuşa şəhərindəki "Yuxarı Gövhər Ağa", "Aşağı Gövhər Ağa", "Saatlı", "Mamayı", "Çöl Qala", "Daşaltı", eləcə də Ağdamdakı "Cümə" və "Qiyaslı" məscidləri ilkin tarixi-memarlıq üslubuna uyğun bərpa edilib. Qarabağ və Şərqi Zəngəzurda davam etdirilən geniş quruculuq işləri çərçivəsində yeni - Zəngilan şəhər, Xocavənd rayonu Hadrut qəsəbə və Ağdərə rayonu Suqovuşan kənd məscidləri inşa edilərək istifadəyə verilib. Həmçinin Şuşa şəhərində yerləşən “Qazançı”  kilsəsində ilkin orijinal görünüşə uyğun rekonstruksiya və bərpa işləri həyata keçirilib. Hazırda Şuşa, Cəbrayıl və Füzuli şəhərlərində yeni məscidlərin tikintisi davam etdirilir.

 Görünən odur ki, işğaldan azad edilmiş ərazilərdə erməni vandalları tərəfindən dağıdılmış dini abidələr bərpa edilir, yenidən qurulur. Artıq illərlə həsrətində olduğumuz bu müqəddəs torpaqlarımıza, dədə-baba yurdumuza Böyük Qayıdışın uğurlu yolları açılıb. İşğaldan azad edilmiş bütün Azərbaycan torpaqlarında azan səsləri eşidilir.

Dini inanc yerlərinin, məscidlərin yenidən qurulmasında Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun verdiyi töhfələri xüsusilə qeyd olunmalıdır. Yeri gəlmişkən, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Zəfər Günündən cəmi bir ay sonra, 2020-ci il dekabrın 8-də yeni missiya ilə bağlı paylaşım edərək, fondun qədim Qarabağ torpağında xalqımızın milli-mənəvi sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bildirmişdi: "Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm”.

İlahiyyatçı Ağa Hacıbəyli mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, dövlətimiz işğaldan azad edilmiş ərazilərdəki dini abidələri, məbədləri ayrı-seçkilik qoymadan bərpa edir: “Bu isə o deməkdir ki, dövlətimiz tolerantlıq ənənəsini həmin ərazilərdə də qoruyub-saxlamağa çalışır. Bu mənada mən deyərdim ki, həmin ərazilərdə mənəvi dəyərlərimiz bərpa olunur. Bu da texnologiya, süni intellekt dövründə olduqca önəmlidir. Unutmayaq ki, milli-mənəvi dəyərlərimizin qorunması bizim məscidlərimizdən, məbədlərimizdən başlayır. Bir məsələni də vurğulayım ki, abidələrin bərpası yalnız tarixi tikililərin yenilənməsi demək deyil. Eyni zamanda, Azərbaycanın əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin birgə yaşadığı məkan olduğunu göstərən maddi sübutların qorunmasıdır. Bütün bunları həm də Azərbaycanın multikultural və tolerant dəyərlərə sadiqliyinin göstəricisi kimi dəyərləndirmək olar”.

Qvami Məhəbbətoğlu, “İki sahil”