10 sentyabr 2026 22:48
135

Şükürbəyli dogma sakinlərinə qucaq açır - Böyük Qayıdış

Vətən müharibəsindəki tarixi Zəfərimizdən keçən dövr ərzində erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində misli görünməmiş irimiqyaslı layihələr icra olunur. Yeni yollar çəkilir, həmin ərazilərin fasiləsiz elektrik enerjisi, qaz, su ilə ilə təminatı həyata keçirilir, şəhərlərin, yaşayış binaları istifadəyə verilri, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. 

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması, Prezident İlham Əliyevin Sərəncamı ilə“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edir. Bu, həmçinin dövlətimizin Qarabağın və  Şərqi Zəngəzurun dirçəlişində,  əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlülüyünün göstəricisidir.

Bu gün işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda intensiv minatəmizləmə əməliyyatları aparılır, iqtisadi və sosial təyinatlı müasir infrastruktur yaradılır, yaşayış məntəqələri yenidən qurulur və ərazilərin məskunlaşdırılması uğurla davam edir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qarabağa və Şərqi Zəngəzura davamlı səfərləri zamanı həyata keçirilən təməlqoyma və açılış mərasimləri, reallaşdırılan digər layihələr bunu deməyə əsas verir. Bu gün düşməndən azad edilən torpaqlarda minatəmizləmə əməliyyatları ilə paralel olaraq əsas infrastruktur layihələri sürətlə reallaşdırılır. Sosial- iqtisadi infrastrukturun formalaşdırılması, yolların çəkilməsi, elektrik enerjisi, qaz, su təchizatı ilə bağlı layihələr həyata keçirilir. “Qarabağ Dirçəliş Fondu”nun yaradılması,  fərqli mənbələrdən vəsaitlərin bu prosesə cəlb edilməsi, xarici sahibkarlıq subyektləri və investorlar ilə aparılan müzakirələr,  onların müəyyən mərhələlərdə bu prosesə cəlb edilməsi Qarabağın gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

İşğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç prosesi gerçəkləşib. Sentyabrın 10-da Şükürbəyli kəndi 25 ailə olmaqla, 154 nəfərə qucaq açıb. Ailələr yenidən qurulan kəndə qədəm qoyub və doğma yurdlarında yaradılan gözəlliyi seyr ediblər.

Qeyd edək ki, kənd tam müasir standartlara uyğun şəkildə yenidən qurulub və sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Kənddə hər biri 80 yerlik olmaqla iki körpələr evi-uşaq bağçası, 360 şagird yerlik məktəb binası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi, həmçinin yerli icra strukturları üçün inzibati bina tikilib. Bununla yanaşı, 35/10 kV-luq elektrik yarımstansiyası inşa olunub, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, internet və “İP TV” şəbəkələri yaradılıb, kənddaxili yollar asfaltlanıb. İlkin mərhələdə 635 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçün ayrılıb. Müasir üslubda inşa olunan evlər 2, 3, 4 və 5 otaqlıdır.

Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir vəsilə olacaq. Azərbaycan heç bir xarici maliyyə almadan, özünün güclü iqtisadi qüdrəti və maliyyə ehtiyatları hesabına Qarabağda geniş quruculuq işlərini uğurla davam etdirir. Respublikamız ötən il nəzərdə tutulan bütün iqtisadi-sosial hədəflərini, bütün regionlarda nəqliyyat və sosial infrastrukturların yenidən qurulmasını ardıcıl davam etdirməklə bərabər, Qarabağda iri nəqliyyat kommunikasiyalarının, beynəlxalq tipli qovşaqların icra olunmasında heç bir maliyyə çatışmazlığı ilə üzləşmir, əksinə, artan strateji valyuta ehtiyatları hesabına bu nəhəng quruculuğun miqyasını daha da genişləndirir. Bütün bunlar dövlətimizin fəaliyyət istiqamətində prioritet təşkil edir və ən başlıcası bunun üçün Azərbaycanın iqtisadi qüdrəti və əzmi kifayət qədərdir.

Zahid Rza, “İki sahil”