11 sentyabr 2026 09:18
103

Pentaqon böyük sövdələşməyə hazırlaşır

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) süni intellekt sahəsində fəaliyyət göstərən "Fluidstack" startapına təxminən 5 milyard dollar həcmində kredit verilməsini müzakirə edir.

“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, kredit ABŞ-ın təchizat zəncirlərinin və məlumat mərkəzləri üçün komponentlərin istehsalının gücləndirilməsinə yönəldilə bilər.

Vəsait Pentaqonun ABŞ-ın milli təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan layihələri maliyyələşdirən Strateji Kapital İdarəsi (OSC) tərəfindən təqdim oluna bilər. Sövdələşmə təsdiqlənərsə, bu kredit idarənin tarixində ən böyük maliyyələşdirmə olacaq.

Tərəflər arasında danışıqların bir neçə aydır davam etdiyi bildirilir. Bununla belə, sövdələşmənin yekun şərtləri hələ razılaşdırılmayıb.

"Fluidstack" 2017-ci ildə Londonda təsis edilib. Sonradan şirkət ABŞ-da süni intellekt infrastrukturunun inkişafına fokuslanıb və baş qərargahını Nyu-Yorka köçürüb.

Startap ABŞ-ın bir neçə ştatında məlumat mərkəzlərinin yerləşdirilməsi üçün ərazilərin uzunmüddətli icarəsinə dair müqavilələr də imzalayıb.