16 sentyabr 2026 00:21
107

Bu şou kimlərə və nəyə xidmət edir?

Ermənistanda Bakı həbsxanalarında saxlanılan “erməni məhbuslar” mövzusu yenidən siyasi gündəmin əsas istiqamətlərindən birinə çevrilib. Bu məsələdə Ermənistanın sabiq rəhbərləri, həmçinin sabiq millət vəkilləri daha çox fəallıq göstərirlər. Hətta sentyabrin 14-də hazırda Bakı həbsxanasında cəzasını çəkən general-leytenant Levon Mnatsakanyanın doğum günündə keçmiş millət vəkili Tiqran Abrahamyan onunla qürur duyduğunu yazıb. Qondarma rejimin “iqtisadiyyat naziri” olmuş Sergey Şahverdyan Ermənistanda fəaliyyət göstərən diplomatik nümayəndələrə açıq məktub göndərərək bildirb ki, Azərbaycan “əsir”liyində olanlar barədə susmaq olmaz. Üstəlik, hakimiyyəti onların azad olunmasına nail ola bilməməkdə ittiham edib. Bir məsələni də vurğulayaq ki, adətən bu məsələni gündəmə gətirənlər həmin şəxslərin konkret hansı cinayətlərə görə məsuliyyətə cəlb olunduğunu deyil, onların etnik mənsubiyyətini ön plana çəkirlər.

Bəri başdan qeyd edək ki, hadisələrin mahiyyətini “siyasi məhbuslar” ifadəsi ilə məhdudlaşdırmaq reallığı tam əks etdirmir. Çünki söhbət Qarabağda uzun illər fəaliyyət göstərmiş separatçı rejimin keçmiş rəhbərləri və digər şəxslərdən gedir. Azərbaycanın hüquq-mühafizə orqanları onların konkret ağır cinayətlərdə ittiham olunduğunu bildirib və məhkəmə proseslərini bu ittihamlar əsasında aparıb, onların əməllərinə hüquqi qiymət verib. Belə ki, 2026-cı ilin fevralında Bakı Hərbi Məhkəməsi sülh və bəşəriyyət əleyhinə cinayətlər, aqressiv müharibənin aparılması, terrorçuluq və digər çoxsaylı ağır cinayətlərdə təqsirli bilinən keçmiş separatçı rejimin bir sıra rəhbərləri barəsində hökm çıxarıb. Araik Arutyunyan, Levon Mnatsakanyan, David Manukyan, David İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrum ediliblər. Digər separatçılar Cinayət Məcəlləsinin müxtəlif müddətləri ilə azadlıqdan məhrum olunublar. Ruben Vardanyanın işi isə ayrıca araşdırılıb və o, 20 il müddətinə azadlıqdan məhrum edilib.

Bəs İrəvanda “erməni məhbuslar” mövzusunun qabardılmasının arxasında hansı məqsəd dayanır? Siyasətçilərin fikrincə, bu, hər şeydən əvvəl, keçmiş Qarabağ münaqişəsinin siyasi gündəlikdən tamamilə çıxmasının qarşısını almağa hesablanmış bir addımdır. Halbuki baş nazir Nikol Paşinyan və onun komandası Ermənistan üçün Qarabağ mövzusunun qapandığını, ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə vurğulayıb. Bu mənada onların çərənləməsi şou yaratmaqdan başqa bir şey deyil. Ermənistanın müxalif qüvvələrinin şousuz yaşaya bilməməsi artıq faktdır.

Digər tərəfdən, Ermənistanın bəzi siyasi qüvvələri bu yolla Paşinyan hakimiyyətinə təzyiq göstərməyə, daha doğrusu, onları daxili siyasi mübarizənin alətinə çevirməyə çalışırlar. Bu mənada demək olar ki, Ermənistanda “erməni məhbuslar” məsələsi onların hüquqları ilə deyil, hakimiyyət uğrunda siyasi mübarizə ilə bağlıdır. Onların ad günlərinin siyasi kampaniyaya çevrilməsi və diplomatik nümayəndələrə müraciətlərin intensivləşdirilməsi də təsadüfi deyil. Bütün bunlar bir daha sübut edir ki, Ermənistanın bəzi siyasi qüvvələri üçün bu mövzu hələ də daxili siyasi mobilizasiya vasitəsidir.

Belə bir yanaşma isə hazırda Azərbaycanla sülh və münasibətlərin normallaşdırılması barədə danışan Ermənistanın öz daxilində müəyyən ziddiyyətlər yaradır. Bu da sülh gündəliyinin ön plana çıxdığı bir vaxtda iki ölkə arasında formalaşan yeni münasibətlərə mənfi təsir göstərməklə yanaşı, Ermənistan cəmiyyətinin diqqətini daha vacib məsələlərdən yayındıra bilər. Halbuki Cənubi Qafqazın gələcəyi bu kimi yersiz məsələləri uzatmaqdan deyil, yeni reallıqlar əsasında dayanıqlı sülh və əməkdaşlıq qurmaqdan keçir. Belə bir şəraitdə bu məsələni gündəmə gətirmək əsla sülh prosesinə xidmət etmir. Unutmayaq ki, bu gün Cənubi Qafqazın gələcəyi üçün tarixi imkan yaranıb. Bu tarixi imkan da əlaqələri gücləndirməyi, yeni reallığı qəbul etməyi, qarşılıqlı etimadı möhkəmləndirməyi, davamlı sülhə nail olmağı tələb edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”