16 sentyabr 2026 13:26
169

Azərbaycanın İslam irsinin qorunub saxlanmasına mühüm töhfələr verir - TƏHLİL

Otuz illik talançılıq vahid müstəvidə: Qarabağ həqiqətləri və sınaqdan keçmiş həmrəylik

30 illik işğal dövründə Azərbaycan torpaqlarında törədilmiş misli görünməmiş talançılıq və barbarlıq, regionun həm maddi-mədəni irsinə, həm də ekologiyasına və infrastrukturuna qarşı yönəlmiş genişmiqyaslı bir vandalizm siyasətidir. 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə suverenliyin tam bərpası nəticəsində azad edilən ərazilərdə bu dağıntıların miqyası beynəlxalq ictimaiyyətə daha aydın şəkildə nümayiş etdirilir. Hazırda bu ərazilərdə sürətli yenidənqurma işləri ("Böyük Qayıdış") davam etdirilsə də, keçmiş işğalın fəsadlarının aradan qaldırılması və dəymiş ziyanın beynəlxalq səviyyədə hüquqi müstəviyə daşınması prosesi gündəmdəki əsas mövzulardan biri olaraq qalmaqdadır. 

İşğal dövrünün misli görünməmiş barbarlığına,
beynəlxalq ikili standartlara və təhlükələrə qarşı yeganə
cavab Türk dünyası və İslam aləminin birliyidir

Quruculuq prosesinin ən önəmli, mahiyyət etibarilə ən rəmzi məqamı böyük qayıdışın təməlinin ilk növbədə milli-mənəvi irsimizin, dini dəyərlərimizin və tarixi yaddaşımızın bərpasından başlanması oldu. Məlumdur ki, işğal altındakı ərazilərdə mövcud olmuş 67 məsciddən 65-i tamamilə dağıdılmış və ya yararsız hala salınmışdır. Şuşadakı Yuxarı Gövhər Ağa məscidi, Ağdam Cümə məscidi və Zəngilandakı məscidlər işğal illərində mal-qara saxlanılmaqla təhqirə məruz qalmışdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, xalqımızın öz dini və mənəvi dəyərlərinə olan sonsuz sevgisi və ehtiramı bərpa işlərinin elə ilk addımdan məscidlərdən başlamasını şərtləndirdi. İşğaldan azad olunmuş ərazilərdə birinci bərpa edilən obyektin Ağdam məscidi olması təsadüfi deyildir. Ağdam məscidi təkcə dini ibadətgah deyil, eyni zamanda xalqımızın yaddaşında, xüsusilə işğal dövründə şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının dini mərasimlərinin keçirildiyi müqəddəs bir məkan kimi dərin iz buraxmışdır.

Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşündə bu məsələlərə xüsusi toxunub: “Biz bərpa işlərinə, demək olar ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra – 2021-ci ildən başlamışdıq. Bərpa edilən birinci obyekt Ağdam məscidi olmuşdur. Bu günədək artıq 12 məscid, – hansılar ki, ya tamamilə dağıdılmışdı, ya da ki, yarı dağıdılmışdır, – bərpa edilib, yenidən qurulub və bu proses davam etdirilir”.

30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın şəhər və kəndləri, tarixi, mədəni və dini abidələri sistematik şəkildə məhv edilmişdir. Ağdam kimi böyük bir şəhərdə bir dənə də olsun sağlam binanın saxlanılmaması, evlərin sökülərək daşlarının, dam örtüklərinin və hətta qəbir daşlarının satılması tayı-bərabəri olmayan bir vandalizm aktıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu barbarlığın iki əsas məqsədi var idi: birincisi, azərbaycanlıların öz tarixi torpaqlarına bir daha qayıtmaması üçün həyat izlərini tamamilə silmək, ikincisi isə soyğunçuluq yolu ilə varlanmaq: “İşğal dövründə Ağdamda bir dənə də olsun bina qalmamışdı. Nə şəhərdə, nə də ki, işğal altında olan kəndlərdə. Bütün binalar söküldü, daşlar talan edildi, aparıldı, bazarlarda satıldı. Bunun əsas məqsədi o idi ki, şəhərlər dağıdılsın, ondan sonra azərbaycanlılar heç vaxt qayıtmasınlar... Sökülən o daşları, binaların dam örtüklərini, çərçivələri – hamısı – hətta qəbir daşlarına qədər – onları da aparmışdılar. Sonra o rəhmətə getmiş insanların o qəbir daşlarında olan adlarını silib onları bir mərmər kimi, qranit kimi bazarlarda satırdılar”.

Azərbaycan xalqı 30 il boyunca təkcə işğalla deyil, eyni zamanda beynəlxalq aləmin, xüsusən də Qərb təşkilatlarının və artıq tarixin arxivinə atılmış ATƏT-in mənfur Minsk qrupunun laqeydliyi ilə üz-üzə qalmışdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasız qalması, Avropa Şurası və Avropa Parlamentinin işğalçıya sanksiya tətbiq etməməsi, əksinə onu dəstəkləməsi ikili standartların bariz nümunəsidir. Prezident bu ədalətsizliyi və ikili standartları açıq şəkildə ifşa edib: “Bütün bunları dünya bilməlidir. Dünya 30 il ərzində buna göz yumub. Ermənistanın arxasında duran böyük dövlətlər, o cümlədən və ilk növbədə, mənfur Minsk qrupunun həmsədr ölkələri bütün bu işləri ört-basdır etmək istəyirdi”. Dövlət başçısı Qərbin bəzi təsisatlarının riyakarlığını vurğulayarkən Avropa Parlamentini kəskin tənqid edib. Xatırladıb ki, Avropa Şurasında Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməyib. Amma biz ki, 2023-cü ilin sentyabrında Qarabağı tam azad etdik, separatçılığın kökünü kəsdik və separatçıları həbs etdik, deməli, ondan dörd ay sonra Avropa Şurası bizə qarşı sanksiya tətbiq etdi. Bax, onların əsl siması budur: “Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm – rüşvətxorlar yuvasıdır Avropa Parlamenti”.

Bugün Azərbaycanın öz gücü hesabına suverenliyini tam bərpa etməsi, müstəqil xarici siyasət yürütməsi və heç bir kənar qüvvənin qarşısında baş əyməməsi Qərbdəki bəzi islamofob və qərəzli dairələri narahat edir. Azərbaycana qarşı aparılan qarayaxma və media kampaniyaları məhz bu müstəqil mövqeyə həzm olunmazlığın göstəricisidir. Yeri gəlmişkən, bu gün dünyada, xüsusən Qərbdə artmaqda olan islamofobiya, müqəddəs “Qurani-Kərim”ə qarşı təhqiredici hərəkətlər və İslam aləmini ləkələmək cəhdləri məqsədyönlü siyasətin tərkib hissəsidir. Azərbaycan dövləti isə öz milli identikliyini, həyat tərzini və mənəvi dəyərlərini qətiyyətlə qoruyur. Prezident İlham Əliyev islamofobiya və anti-Azərbaycan təbliğatına qarşı ən təsirli vasitənin birlik olduğunu bəyan edir: “Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir... Biz də nə qoymalıyıq bunun qabağına? Ancaq birliyimizi! Ona görə bu birliyə çağırış, sadəcə olaraq, şüar deyil”.

Qərbdən gələn yad meyillərə, islamofobiyaya və anti-Azərbaycan kampaniyalarına qarşı ən güclü qalxan Türk dünyasının, Qafqazın və İslam aləminin sarsılmaz birliyidir. Dövlət başçısının bildirdiyi kimi, biz tək qalanda çətinliklərlə üzləşə bilərik, lakin birliyimiz bizi hər kəsdən güclü edəcəkdir: “Biz də nə qoymalıyıq bunun qabağına? Ancaq birliyimizi! Ona görə bu birliyə çağırış, sadəcə olaraq, şüar deyil... Çünki biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik, öz sözümüzü deyirik, öz milli mənliyimizi qoruyuruq, öz həyat tərzimizi qoruyuruq. İmkan vermirik ki, xalqımıza və dinimizə yad olan bəzi meyillər Azərbaycanda kök salsın. Mənəviyyat keşikçiləriyik”.

Beləliklə, otuz illik işğal dövrünün misli görünməmiş talançılığı və beynəlxalq aləmin buna göstərdiyi laqeydlik Azərbaycan xalqının iradəsini qıra bilmədi. Bu gün azad Qarabağda ucalan məscidlər təkcə bərpa olunan binalar deyil, həm də tapdanmış ədalətin və milli-mənəvi dirçəlişin təntənəsidir. İslamofobiya və qərəzli təzyiqlər qarşısında bizim yeganə və ən etibarlı cavabımız milli mənliyimizə sahib çıxmaq, mənəviyyatımızın keşikçisi olmaq və İslam aləmində həmrəyliyi daha da möhkəmləndirməkdir.

Sevinc Azadi, “İki sahil”