16 sentyabr 2026 18:49
82

Diplomatik səfərə münasibət: yeni reallıqların qəbul edilməsi sülhün əsas şərtidir

Cənubi Qafqazda uzun illər davam etmiş münaqişədən sonra yaranmış yeni siyasi reallıqların beynəlxalq ictimaiyyət tərəfindən yerində müşahidə edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri mühüm siyasi və diplomatik hadisə kimi qiymətləndirilə bilər.

Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nümayəndənin iştirak etməsi onun miqyasını və beynəlxalq marağı aydın göstərir. Diplomatik nümayəndələr Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə aparılan bərpa-quruculuq işləri, sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irsin qorunması və bərpası istiqamətində həyata keçirilən tədbirlərlə tanış olublar. Bu, 2020-ci ildən sonra diplomatik korpus nümayəndələrinin Azərbaycanın azad edilmiş ərazilərinə 22-ci səfəri olub.

Lakin səfərin başa çatmasından dərhal sonra Ermənistanın bəzi siyasi, ictimai və diaspor dairələrində səsləndirilən reaksiyalar göstərdi ki, regionda formalaşmış reallıqların qəbul edilməsi məsələsi hələ də müəyyən dairələr üçün ciddi problem olaraq qalır.

Burada əsas sual ortaya çıxır: Azərbaycanın ərazisində fəaliyyət göstərən xarici diplomatların Azərbaycanın digər bölgələrinə səfərinə hansı əsasla etiraz edilir?

Diplomatik nümayəndələrin qəbul edən dövlətin ərazisində səfərləri və müxtəlif bölgələrdə dövlət qurumları ilə tanışlığı beynəlxalq diplomatik praktikanın adi elementlərindəndir. Qarabağ və Şərqi Zəngəzur da Azərbaycan Respublikasının digər bölgələri kimi ölkənin suveren ərazisidir. Bu ərazilərə səfər edən diplomatların məqsədi də Azərbaycan ərazisində gedən proseslərlə yerində tanış olmaq olub.

Bu baxımdan həmin səfəri hədəfə almaq və xarici diplomatları Azərbaycanın suveren ərazisinə səfər etdiklərinə görə qınamaq məntiqi baxımdan ciddi suallar doğurur. Əgər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülhün təmin olunması əsas hədəfdirsə, o zaman qarşı tərəfin suverenliyinə hörmət yalnız siyasi sənədlərdə deyil, real siyasi davranışda da özünü göstərməlidir.

Səfərin diqqət çəkən tərəfi ondan ibarətdir ki, diplomatlar Qarabağdakı vəziyyəti yalnız rəsmi məlumatlardan deyil, yerində müşahidə etmək imkanı əldə ediblər. Onlar dağıdılmış və yenidən qurulan infrastrukturla, yeni şəhərsalma layihələri ilə, sosial obyektlərlə, təhsil və nəqliyyat infrastrukturu ilə tanış olublar. Eyni zamanda tarixi-mədəni irsin vəziyyəti və onun qorunması istiqamətində görülən işlər barədə məlumat alıblar.

Bu məqam xüsusilə vacibdir. Çünki münaqişə haqqında müxtəlif tərəflərin uzun illər ərzində formalaşdırdığı siyasi narrativlərdən fərqli olaraq, diplomatik nümayəndələrin hadisələri və prosesləri yerində müşahidə etmək imkanı daha obyektiv təsəvvürün yaranmasına şərait yaradır.

Ermənistan daxilindən səsləndirilən reaksiyaların bir hissəsində isə səfərin özü deyil, məhz Qarabağın tarixi və mədəni irsi ilə bağlı Azərbaycan tərəfinin təqdim etdiyi yanaşma əsas hədəfə çevrilib. Ermənistan parlamentinin sədri Ruben Rubinyan sentyabrın 14-də Hikmət Hacıyevin Qarabağdakı bəzi tarixi-mədəni irs nümunələri ilə bağlı açıqlamalarını tənqid edib və həmin ifadələri sülh prosesinə fayda verməyən və əsassız mövqe kimi qiymətləndirib. Bununla yanaşı, Rubinyan tərəflərin hazırda sülh şəraitində olmasını və fikir ayrılıqlarının sərhəddə silahlı toqquşmalara çevrilməməsini müsbət hal kimi qeyd edib. 

Məhz bu məqam sülh gündəliyi baxımından xüsusi diqqət tələb edir. Əgər tərəflər arasında sülh şəraiti formalaşıbsa, siyasi ritorika da bu reallığa uyğun olmalıdır. Keçmiş münaqişənin emosional dili, ərazi iddialarını xatırladan ifadələr və qarşı tərəfin suveren ərazisində baş verən proseslərə müdaxilə xarakterli münasibət sülh mədəniyyətinin formalaşmasına xidmət etmir.

Tarixi-mədəni irs məsələsi də bu kontekstdə ayrıca əhəmiyyət daşıyır.

Qarabağ ərazisindəki xristian irsi ilə bağlı müxtəlif tarixi və elmi yanaşmalar mövcuddur. Azərbaycan tərəfi Xudavəng və Gəncəsər kimi abidələri Qafqaz Albaniyasının xristian irsi kontekstində təqdim edir. Azərbaycanın rəsmi elmi və dini qurumlarının materiallarında Xudavəng və Gəncəsər Qafqaz Albaniyasının irsi kimi xarakterizə olunur.

 Digər tərəfdən, Ermənistan və erməni təşkilatlarının bir sıra nümayəndələri bu yanaşmanı qəbul etmir və həmin abidələrin erməni Apostol irsi olduğunu bildirirlər. Məsələn, Ermənistan yönümlü “Artsakh Union”un son bəyanatında Gəncəsər və Xudavəngin erməni monastırları kimi təqdim edilməsi tələb olunub və Azərbaycanın yanaşması tarixi irsin mənimsənilməsi kimi xarakterizə edilib.

Bu fikir ayrılığı göstərir ki, tarixi irs məsələsi hələ də siyasi mübahisənin mühüm komponentlərindən biridir. Lakin belə məsələlərin həlli emosional bəyanatlarla deyil, tarixi mənbələr, arxeoloji materiallar, kitabələr, memarlıq xüsusiyyətləri və beynəlxalq elmi araşdırmalar əsasında aparılmalıdır.

Eyni prinsip indiki Ermənistan ərazisindəki Azərbaycan irsi ilə bağlı məsələlərə də tətbiq olunmalıdır. Tarixi irsin qorunması universal prinsipdirsə, bu prinsip yalnız bir tərəfin irsinə münasibətdə işlədilə bilməz. Məscidlər, qəbiristanlıqlar, yaşayış məntəqələri, tarixi tikililər və digər mədəni irs nümunələri siyasi mənsubiyyətindən asılı olmayaraq qorunmalı və elmi şəkildə sənədləşdirilməlidir.

İlqar İlyasov,
YAP Qaradag rayon təşkilatının sədri