16 sentyabr 2026 16:52
111

Yaponiya 2031-ci ilə qədər 52 min PUA alacaq

Yaponiya müdafiə potensialının gücləndirilməsi çərçivəsində 2027–2031-ci illər ərzində müxtəlif təyinatlı təqribən 52 min pilotsuz uçuş aparatı almağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Agentliyin mənbələrinin məlumatına görə, həmin 52 min aparatın təxminən 10 minini yerüstü hədəfləri vurmaq qabiliyyətinə malik uzaqmənzilli zərbə PUA-ları, 7,5 minini isə kəşfiyyat dronları təşkil edəcək. Həmçinin bildirilir ki, pilotsuz sistemlərin və süni intellekt texnologiyalarının inkişafına təqribən 7 trilyon yen (cari məzənnə ilə 45 milyard dollar) yönəltmək nəzərdə tutulur.

Silahlı qüvvələrin potensial rəqib ərazisindəki hədəflərə qarşı cavab zərbələri endirmək vasitələri (o cümlədən uzaqmənzilli raketlər) ilə təchiz edilməsinə 9 trilyon yendən (58 milyard dollar) çox – ölkənin mövcud milli təhlükəsizlik strategiyasında nəzərdə tutulduğundan altı dəfə çox vəsait yönəldilməsi planlaşdırılır.

Yaponiya hökuməti 2022-ci il dekabrın 16-da yeni milli təhlükəsizlik strategiyasını təsdiq edib. Xüsusilə, sənəddə Yaponiyanın potensial rəqibin ərazisindəki hədəflərə qarşı cavab zərbələri endirmək hüququ qeyd olunur.