16 sentyabr 2026 17:11
107

Qazaxıstanda ölkəyə giriş icazələrinin qaydasının nə vaxt müəyyənləşdiriləcəyi açıqlanıb

Qazaxıstan Xarici İşlər Nazirliyi Astana ilə vizasız rejimi olan dövlətlərin vətəndaşları üçün ölkəyə giriş icazələri sisteminin (QazETA) işləməsinin konkret qaydasının 2026-cı ilin sonunadək və ya 2027-ci ilin əvvəlində müəyyən edilə biləcəyini gözləyir.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Janbolat Usenov brifinqdə məlumat verib.

"Məsələ ondadır ki, bu məsələ məhz Qazaxıstana vizasız daxil ola bilən bütün ölkələrin vətəndaşları üçün nəzərdən keçirilir. Gözləyirik ki, bunun necə işləyəcəyinə dair konkret detallar ilin sonuna, bəlkə də gələn ilin əvvəlinə məlum ola bilər", - deyə o bildirib və vurğulayıb ki, sistemin işlənib hazırlanması ilə XİN deyil, Qazaxıstanın Daxili İşlər Nazirliyi məşğul olur.

O, daha əvvəl sistemin yalnız Rusiya vətəndaşlarına şamil edilmədiyini vurğulamışdı. Qazaxıstanda hazırda təqribən 50 dövlətin vətəndaşları üçün vizasız rejim müəyyən edilib. Siyahıya Rusiya Federasiyası ilə yanaşı, MDB ölkələri, həmçinin Avropa İttifaqı dövlətləri və ABŞ daxildir.  Astana sonuncular üçün birtərəfli qaydada vizasız giriş imkanı yaradıb, lakin Qazaxıstan vətəndaşları Aİ və ABŞ-a səfər edərkən viza almağa borcludurlar.

"Tengrinews" xəbər portalı Qazaxıstan DİN-ə istinadən sentyabr ayında məlumat vermişdi ki, sistem hələlik sınaq rejimində işləyir və QazETA vasitəsilə əvvəlcədən ərizə təqdim edilməməsi hələlik girişdən imtina etmək üçün əsas deyil. Qurumdan digər təfərrüatlar verilməyib və qeyd olunub ki, sistemin tətbiqinin növbəti mərhələləri barədə rəsmi mənbələr vasitəsilə əvvəlcədən məlumat veriləcək.