17 sentyabr 2026 00:15
93

Qrenlandiya və Antarktidadakı buzlaqlar son yarım əsrdə ümumilikdə 11,3 trilyon ton buz itirib

Beynəlxalq okeanoloq və iqlimşünaslar qrupu müəyyən edib ki, 1970-ci ildən etibarən Antarktida və Qrenlandiyadakı buzlaqlar təxminən 11,3 trilyon ton buz itirib. Nəticədə dünya okeanında suyun səviyyəsi 3,1 santimetr yüksəlib. Bu artımın böyük hissəsi buzun əriməsi ilə deyil, buzlaqların Dünya okeanına doğru hərəkətinin sürətlənməsi ilə bağlıdır.

“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın Nortumbriya Universitetinin mətbuat xidməti məlumat yayıb. “Biz 1970-ci ilə qədər geriyə qayıtdıq və bu, son yarım əsrdə Antarktida və Qrenlandiyanın buz örtüklərinin necə dəyişdiyini izləməyə imkan verdi. Məlum oldu ki, ümumi itkilərin təxminən 80 faizi buz örtüklərinin səthə yaxın təbəqələrinin əriməsi ilə deyil, buzlaqların Dünya okeanına doğru hərəkətinin sürətlənməsi ilə bağlı olub”, - deyə Nortumbriya Universitetinin (Böyük Britaniya) dosenti İnes Otosaka bildirib.

Alimlər bu nəticəyə Antarktida və Qrenlandiyadakı buz örtüklərinin vəziyyəti ilə bağlı çoxsaylı müxtəlif peyk məlumatlarını, eləcə də dünyanın aparıcı iqlimşünas və okeanoloqlarının hazırladığı proqnozları müqayisə edərək və birləşdirərək gəliblər. Ümumilikdə alimlər bu mövzu ilə bağlı 42 elmi tədqiqatın nəticələrini bir araya gətirib. Bu tədqiqatlar 1972-ci ildən bu günədək Yer kürəsinin qütbyanı bölgələrini tədqiq edən 27 iqlim peykindən əldə olunan görüntü və məlumatlara əsaslanıb.

Alimlərin hesablamalarına görə, Qrenlandiya və Antarktidadakı buzlaqlar son yarım əsrdə ümumilikdə 11,3 trilyon ton buz itirib.