17 sentyabr 2026 12:30
71

Azərbaycan islam həmrəyliyi üçün effektiv dialoq imkanı yaradır

Bu gün dünya dini və mədəni ayrı-seçkilik, islamofobiya və müxtəlif cəmiyyətlər arasında etimad böhranı ilə üz-üzədir. Belə bir şəraitdə müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsi zərurətə çevrilib. Prezident İlham Əliyevin müsəlman dini liderləri ilə görüşdə səsləndirdiyi fikirlər də məhz bu kontekstdə diqqət çəkir. Dövlət başçımızın çıxışında əsas xətt ondan ibarətdir ki, İslam dünyasının qarşılaşdığı problemlərə cavab ayrı-ayrılıqda deyil, birlik və müştərək səylərlə axtarılmalıdır. Təbii ki, həmrəylik dedikdə yalnız siyasi bəyanat deyil, beynəlxalq əməkdaşlıq, mədəni və humanitar əlaqələr, dini liderlərin dialoqu və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi nəzərdə tutulur. 
Təəssüf ki, bəzi İslam ölkələri müxtəlif regional böhranların, münaqişələrin və sosial-iqtisadi problemlərin təsiri altındadır. Belə şəraitdə həmrəylik həm də dialoq üçün ortaq zəmin yaratmaq deməkdir. Bu prosesdə dini liderlərin çağırışı xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən Cənab Prezident də çıxışında dini liderlərin sözünün milyonlarla insan üçün mənəvi əhəmiyyət daşıdığını vurğuladı. Əgər bu nüfuz sülhə, əmin-amanlığa, barışığa və əməkdaşlığa yönəldilirsə, onun cəmiyyətlərdə qarşılıqlı anlaşmanın güclənməsinə böyük təsiri var. Yəni, dini həmrəylik sülh və əməkdaşlıq resursuna çevrilməlidir.
Çıxışın ən diqqətçəkən məqamlarından biri İslamın terrorla eyniləşdirilməsi, müsəlmanların kollektiv şəkildə mənfi obrazda təqdim edilməsi və Qurana qarşı təhqiramiz hərəkətlərə münasibətdir. Dövlət başçısı bu hadisələri haqlı olaraq “məqsədyönlü siyasət” kimi qiymətləndirir və bunun qarşısında dayanmalı əsas amil kimi İslam dünyasının birliyini göstərir. Reallıq ondan ibarətdir ki, İslamın əsas fəlsəfəsi mənəviyyat, ədalət və sülhlə bağlıdır. Lakin bir çox qərəzli qüvvələr bu reallığa kölgə salmağa çalışır.  İslamofobiyaya cavab olaraq müsəlman dövlətləri və icmaları arasında koordinasiya və həmrəylik gücləndirilməlidir.
Azərbaycan uzun illərdir, İslam həmrəyliyinin möhkəmlənməsi istiqamətində praktik addımlar atır. 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları da bu real addımlardan biridir. 
2017-ci il mayında keçirilən yarışlarda 54 ölkədən 3 mindən çox atlet iştirak edib. Bu tədbirin siyasi və humanitar əhəmiyyəti onun idman nəticələrindən daha geniş idi. Azərbaycanın uğurlu ev sahibliyi sayəsində idman diplomatik və humanitar dialoqun vasitəsinə çevrilmişdi.
Beləliklə, “Bakı-2017” dostluq, sülh, tolerantlıq və mərhəmət ruhunda xalqları bir araya gətirən platforma kimi tarixə düşdü. 
Prezident İlham Əliyevin çıxışında yer alan digər mühüm təşəbbüs də türk dövlətlərinin müsəlman dini liderlərinin görüşlərinin ənənəvi formata salınması ilə bağlıdır. Bu görüşlərin müntəzəm keçirilməsi dini savadlılığın artırılması, islamofobiyaya qarşı maarifləndirmə, humanitar əməkdaşlıq, dinlərarası dialoq və tolerantlıq kimi məsələlərin sistemli şəkildə müzakirəsinə şərait yaradır. 
Çıxışda Azərbaycanın Qarabağda bərpa prosesində məscidlərin bərpasına verdiyi önəm də xüsusi vurğulanır. Cənab Prezidentin sözlərinə görə, 2021-ci ildən etibarən bərpa prosesində ilk obyekt Ağdam məscidi olub və sonrakı dövrdə dağıdılmış və ya zədələnmiş məscidlərin bərpası davam etdirilib.
Məscidin bərpası dini-mənəvi irsin qorunmasının rəmzlərindən biridir. Ağdam məscidinin bərpası həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi geniş yenidənqurma siyasətinin bir hissəsidir.
Eyni zamanda, bu məsələ beynəlxalq auditoriyaya Azərbaycanın dini və mədəni irsə münasibətini göstərmək baxımından vacib nümunədir.
Azərbaycanın mövqeyini fərqləndirən cəhətlərdən biri onun eyni zamanda müxtəlif beynəlxalq platformalarda iştirak etməsidir.
Ölkəmiz bir tərəfdən İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, digər tərəfdən Avropa Şurasında təmsil olunur, həm Türk, həm də İslam dünyasının bir hissəsidir. Bu, Bakıya fərqli siyasi və mədəni məkanlar arasında dialoq yaratmaq imkanı verir.
Məhz buna görə Azərbaycan beynəlxalq miqyasda da birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi qəbul olunur. Azərbaycanın əsas məqsədi İslam həmrəyliyini real əməkdaşlıq imkanlarına çevirməkdir.

Könül Nurullayeva,
Milli Məclisin deputatı