04 noyabr 2026 00:21
130

Azərbaycançılıq hamımızı bir çətir altında toplayan vahid ideologiyadır

Azərbaycan öz tarixi keçmişini tam şəkildə mənimsəyərək milli kimliyini daha möhkəm təməllər  üzərində qurur. Keçmişini bilməyən xalq gələcəyini də düzgün qura bilməz. Qısaca desək, müstəqil Azərbaycanın milli ideologiyası olan azərbaycançılıq yalnız keçmişə aid mənəvi anlayış deyil, həm də bu günün siyasi, ictimai və mədəni həyatını istiqamətləndirən real ideologiyadır. Bu ideologiyaya inam və hörmət qazandırmaq hər birimizdən asılıdır. Əgər xarici ölkədə soydaşımız əcnəbiyə alicənablıqla yanaşırsa, çətinə düşmüş birinə kömək əli uzadırsa ehtiramla “o, azərbaycanlıdır” deyirlər. Belə kiçik epizodla insan həm özünə, həm də ölkəsinə hörmət qazandırır. Xaricdə artıq keçən yüzilliklərdə çoxları bilirdi ki, azərbaycanlı söz verdisə hökmən əməl edəcək, bunun üçün möhürlü-imzalı sənəd yazmaq gərək deyil.

XIX əsrdən əvvəlki yüzilliklərdə çox böyük dövlətçilik və idarəetmə ənənələrimiz vardı. Lakin son iki əsrdə çar mütləqiyyəti və bolşevik diktaturası dövrlərində biz müstəqil olmamışıq. Hətta hər iki müstəbid işğalçı ərazimizin böyük bir hissəsini əlimizdən zorla alıb gəlmə ermənilərə verib. Bolşeviklər buna qarşı çıxan, torpağına bağlı vətənpərvər ziyalılarımızı repressiyaya məruz qoysalar da onların qəlbindəki azərbaycançılıq məfkurəsini sındıra bilməyiblər. Yəni, bütün bunlarla belə, yaşadığımız sistemlərdən asılı olmayaraq dəyərlərimizi, dilimizi, inancımızı, folklorumuzu, özünəməxsus adət-ənənələrimizi, spesifik həyat tərzimizi qoruyub saxlaya bilmişik. O zamanlar azərbaycançılıq təəssübkeşlik və birlik kimi anlaşılırdı.

Vurğulamaq lazımdır ki, Ümummilli Liderimiz Heydər Əliyev azərbaycançılıq ideyasının yayılmasında və qüvvətləndirilməsində böyük işlər görüb. Hələ indiyədək heç bir dövlət başçısı qiymətli ideologiyanın inkişaf etdirilməsinə bu qədər nəhəng töhfə verə bilməyib. Yalnız Ulu Öndərimiz ilk rəhbərdir ki, Azərbaycanın dünyada tanıdılmasına xüsusi önəm verib. 1993-cü ilin yayında ikinci dəfə hakimiyyətə gələndən sonra xarici səfərlərinin demək olar ki, hamısında xarici ölkələrdə ali təhsil alan və ya işləyən gənclərlə görüşlərində bildirirdi ki, siz harada olsanız da bir Vətəniniz var, o da Azərbaycandır. Biz hamımız onun inkişafı üçün əlimizdən gələni əsirgəməməliyik. Özü isə həm hakimiyyətinin birinci, həm də ikinci dövrlərində Azərbaycanı hamıdan çox sevdiyini uzaqgörən siyasəti və əməli işləri ilə sübut etmişdi. Ulu Öndər həmişə gənclərə inanıb bel bağlayır, onları xarici ölkələrə ali təhsil almağa göndərir, vəzifələrə irəli çəkilmələrinə şərait yaradırdı.

Ümummilli Liderimizin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyev gənclərə azərbaycançılıq ideyalarının aşılanması və inkişaf etdirilməsi məqsədi ilə saysız-hesabsız tədbirlər həyata keçirmiş və onun inkişafına samballı töhfələr vermişdir. Təkcə bir misal çəkməklə bu inkişafın səviyyəsini təsəvvürümüzə gətirə bilərik. Prezidentin Sərəncamı ilə təyin olunan nazirlərin, onların müavinlərinin, icra hakimiyyəti başçılarının, müxtəlif dövlət strukturlarına təyin edilən vəzifəli şəxslərin tam əksəriyyəti 35-40 yaşlı cavan kadrlardır. Belə keyfiyyət dəyişikliyi demək olar ki, cəmiyyətin bütün sahələrində həyata keçirilir. Çünki gənclik və azərbaycançılıq bir-birini tamamlayan amillərdir. Azərbaycançılıq hamımızı bir çətir altına toplayan ən dəyəli ideologiyadır.

Vəli İlyasov, “İki sahil”