17 sentyabr 2026 15:35
122

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə – Zəfərin real nəticələridir

20 Sentyabr Azərbaycanın müasir tarixində dövlət suverenliyinin tam bərpa olunması ilə yanaşı, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin yenidən ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatına qovuşmasını simvolizə edən əlamətdar tarixdir. Prezident cənab İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Gününün qeyd olunması bu ərazilərin Azərbaycanın tarixində və dövlətçilik yaddaşında tutduğu xüsusi mövqenin rəsmi şəkildə təsbitidir. Bu gün artıq ikinci ildir ki, qeyd olunur. Lakin onun arxasında dayanan tarixi prosesin başlanğıcı yalnız 2023-cü ilin sentyabr hadisələri ilə məhdudlaşmır. Bu tarix 30 ildən artıq davam etmiş işğalın, məcburi köçkünlük və həsrət illərinin, şəhidlərimizin müqəddəs qanının, Azərbaycan Ordusunun qəhrəmanlığının və Azərbaycan dövlətinin uzunmüddətli, ardıcıl siyasətinin nəticəsi kimi meydana çıxıb. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycan tarixinin, mədəni irsinin və ictimai həyatının ayrılmaz hissələridir. Bu şəhər və rayonların işğal altında qalması yalnız ərazi itkisi deyildi. Burada yaşayan azərbaycanlıların doğma torpaqlarından məcburi köçkün düşməsi, tarixi-mədəni irsin dağıdılması, yaşayış məntəqələrinin viran qoyulması və həmin ərazilərin Azərbaycanın ictimai-siyasi həyatından uzun müddət ayrı salınması böyük humanitar və mənəvi faciə idi. Azərbaycan dövləti bütün bu illər ərzində öz ərazi bütövlüyünün və suverenliyinin bərpasını dəyişməz milli prioritet kimi müəyyənləşdirdi. Prezident İlham Əliyevin siyasi fəaliyyətinin mühüm istiqamətlərindən biri məhz bu məqsədin reallaşdırılması oldu. Dövlət başçısının müxtəlif illərdə səsləndirdiyi “Azərbaycan Bayrağı işğal altında olan bütün ərazilərdə qaldırılacaq” fikri artıq tarixi reallığa çevrilib. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan Zəfər bu istiqamətdə həlledici dönüş nöqtəsi oldu. Azərbaycan Ordusu işğal altında olan ərazilərin böyük hissəsini azad etdi, Ermənistan ordusunun məğlubiyyətini təmin etdi və regionda yeni siyasi reallıq formalaşdırdı. Lakin Azərbaycanın qarşısında daha bir mühüm vəzifə – ölkənin bütün ərazisində dövlət suverenliyinin tam təmin olunması dayanırdı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri ilə bu tarixi proses başa çatdı. Qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası nəticəsində ölkənin bütün ərazisində dövlət hakimiyyəti və suverenliyi tam təmin edildi. 20 Sentyabrın xüsusi tarix kimi müəyyənləşdirilməsi də məhz bu reallığın siyasi və hüquqi ifadəsidir. Eyni zamanda həmin gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri ilə bağlı ayrıca əlamətdar günün qeyd edilməsi təsadüfi deyil. Çünki dövlət suverenliyinin bərpası bu şəhərlərin də Azərbaycanın vahid siyasi, hüquqi və inzibati məkanına tam şəkildə reinteqrasiyasına imkan yaratdı. 2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması bu tarixi prosesin ən mühüm rəmzlərindən birinə çevrildi. Xankəndinin mərkəzi meydanında üçrəngli bayrağımızın ucaldılması Azərbaycan dövlətçiliyinin və milli iradənin təntənəsi idi. Prezident İlham Əliyev həmin gün qeyd etdi ki, 20 il əvvəl Prezident kimi fəaliyyətə başlayarkən qarşısına bir nömrəli vəzifə kimi Azərbaycan Bayrağının işğal altında olan bütün ərazilərdə qaldırılmasını qoymuşdu. Bu vədin reallaşması dövlət siyasətinin ardıcıllığını, siyasi iradənin möhkəmliyini və milli məqsədlərin mərhələli şəkildə həyata keçirildiyini nümayiş etdirdi. Xankəndidə Azərbaycan Bayrağının ucaldılmasından sonra şəhərdə görülən işlərin miqyası da xüsusi diqqət çəkir. Çünki dövlət siyasətinin mahiyyəti yalnız ərazilərin azad edilməsindən ibarət deyil. Əsas məqsəd həmin ərazilərdə təhlükəsiz, müasir, dayanıqlı və insanların rahat yaşaya biləcəyi həyat şəraitinin yaradılmasıdır. Xankəndidə Qarabağ Universitetinin yaradılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılan Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin yeni inkişaf modelinin mühüm institusional dayaqlarından birinə çevrilib. Universitetin fəaliyyəti Qarabağın intellektual və insan kapitalının formalaşdırılması, gənclərin regionun gələcək inkişafına cəlb edilməsi və burada müasir təhsil mühitinin yaradılması baxımından strateji əhəmiyyət daşıyır. Xankəndinin bərpası ilə yanaşı, şəhərin iqtisadi və sosial potensialının yenidən formalaşdırılması istiqamətində də mühüm layihələr həyata keçirilir. Zəfər parkı, Konqres Mərkəzi, biznes və istehsal müəssisələri, hotel infrastrukturu, Mədəniyyət Mərkəzi, yeni nəqliyyat infrastrukturu və digər layihələr şəhərin tədricən müasir və dinamik mərkəzə çevrildiyini göstərir.
Xankəndidə Azərbaycan və Özbəkistanın birgə müəssisəsinin fəaliyyətə başlaması, “Xankəndi” Biznes Mərkəzinin açılması, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün burada keçirilməsi də şəhərin artıq yalnız tarixi rəmz deyil, həm də regional və beynəlxalq əməkdaşlıq məkanına çevrildiyini göstərir. Xankəndidə 30 illik fasilədən sonra futbol üzrə Azərbaycan Kubokunun oyununa ev sahibliyi edilməsi isə ictimai və mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Ağdamın “Qarabağ” komandası ilə Bakının MOİK komandası arasında keçirilən həmin görüş idmanın cəmiyyətləri birləşdirən gücünü, Qarabağın sosial həyata qayıdışını və normal həyatın bərpasını nümayiş etdirən simvolik hadisəyə çevrildi. Xocalının bərpası isə Azərbaycanın tarixi yaddaşı baxımından xüsusi məna daşıyır. Xocalı adı Azərbaycan xalqının yaddaşında ən ağır faciələrdən birinin simvoludur. Bu şəhərin azad olunması və burada həyatın yenidən qurulması həm tarixi ədalətin bərpası, həm də şəhidlərin və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiramın ifadəsidir.
Prezident cənab İlham Əliyevin Xocalıya ardıcıl səfərləri şəhərin bərpasına dövlət səviyyəsində göstərilən diqqətin mühüm göstəricisidir. Xocalı Soyqırımı Memorialının təməlqoyma mərasimindən onun açılışına qədər görülən işlər tarixi yaddaşın qorunması ilə müasir şəhərsalma siyasətinin vəhdətini nümayiş etdirir. Xocalıda yaşayış binalarının yenidən qurulması, kəndlərin bərpası, enerji və rəqəmsal infrastrukturun yaradılması, istehsal müəssisələrinin fəaliyyətə başlaması və insanların doğma yurdlarına qayıdışı şəhərin həyatının mərhələli şəkildə canlandırıldığını göstərir. Xocavənddə də analoji proses müşahidə olunur. Hadrut, Tuğ, Xocavənd şəhəri, Qırmızı Bazar, Sos və digər yaşayış məntəqələrində həyata keçirilən bərpa və quruculuq işləri bu ərazilərin gələcək inkişafına hesablanıb. Yol və enerji infrastrukturu, yaşayış məhəllələri, inzibati mərkəzlər, sosial obyektlər və digər layihələr Xocavəndin yeni inkişaf mərhələsinə keçidini təmin edir. Xocavəndin tarixi-mədəni irsinin qorunması da bu prosesin mühüm istiqamətlərindən biridir. Tuğ kəndi və qədim Alban məbədləri ilə bağlı görülən işlər göstərir ki, bərpa prosesi yalnız fiziki infrastrukturun yaradılmasını deyil, tarixi-mədəni irsin qorunmasını da əhatə edir. Ağdərə rayonunun yaradılması da işğaldan azad edilmiş ərazilərdə yeni inzibati və idarəetmə modelinin formalaşdırılması baxımından mühüm addımdır. 2023-cü ilin dekabrında qəbul edilmiş qanunla Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonunun yaradılması dövlət idarəçiliyinin yeni reallıqlara uyğunlaşdırılmasına xidmət edir. Ağdərədə həyata keçirilən layihələr isə regionun həm yaşayış, həm də iqtisadi potensialının bərpasına hesablanıb. Suqovuşanda yaşayış kompleksinin istifadəyə verilməsi, məscidin açılması, yolların və enerji infrastrukturunun qurulması, kəndlərin bərpası, “Qozlukörpü” Su Elektrik Stansiyasının istifadəyə verilməsi və “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti Ağdərənin gələcək sosial-iqtisadi inkişafının əsaslarını formalaşdırır.
Bu prosesin mühüm xüsusiyyətlərindən biri də məhz insanların doğma torpaqlarına qayıdışının təmin edilməsidir. 2026-cı il avqustun 17-dək Xankəndi və Kərkicahan qəsəbəsində ümumilikdə 119 ailə, 506 nəfər, Xocalı rayonunda 1 167 ailə, 4 841 nəfər, Xocavənd rayonunda 988 ailə, 4 070 nəfər, Ağdərə rayonunda isə 917 ailə, 3 587 nəfər məskunlaşıb. Bu rəqəmlər Böyük Qayıdış prosesinin artıq real sosial nəticələr yaratdığını göstərir. Qayıdış sadəcə insanların mənzil təminatı ilə məhdudlaşmır. Məqsəd burada dayanıqlı yaşayış mühiti, məşğulluq, təhsil, səhiyyə, nəqliyyat, kommunal xidmətlər və sosial infrastrukturun tam formalaşdırılmasıdır. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq siyasəti Azərbaycanın postmüharibə inkişaf strategiyasının mühüm hissəsidir. Prezident cənab İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə çoxsaylı səfərləri bu siyasətin ardıcıllığını və dövlət başçısının prosesə şəxsən nəzarət etdiyini nümayiş etdirir. Bu səfərlər zamanı yeni layihələrin təməli qoyulur, müxtəlif obyektlər istifadəyə verilir, sakinlərlə görüşlər keçirilir, bərpa və quruculuq işlərinin gedişi ilə tanışlıq baş tutur. Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, Prezidentin bu ərazilərə səfərləri təkcə infrastruktur layihələrinin açılışı ilə məhdudlaşmır. Xankəndidə Novruz tonqalının alovlandırılması, Xocalıda memorialın açılması, Ağdərədə sakinlərlə görüşlər, Xocavənddə tarixi-mədəni irs nümunələrinə diqqət göstərilməsi həmin ərazilərdə həyatın bütün sahələrinin bərpasına dövlət yanaşmasının göstəricisidir.
Xankəndidə beynəlxalq tədbirlərin keçirilməsi isə Azərbaycanın Qarabağla bağlı yeni reallıqları beynəlxalq müstəvidə nümayiş etdirməsi baxımından xüsusi diplomatik əhəmiyyət daşıyır. İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Xankəndidə keçirilməsi, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələrinin burada qəbul edilməsi və beynəlxalq tədbirlərin təşkili şəhərin artıq regional diplomatik gündəliyin bir hissəsinə çevrildiyini göstərir. Bu, həm də Azərbaycanın suverenlik konsepsiyasının praktik ifadəsidir. Bir vaxtlar işğal və münaqişə ilə assosiasiya olunan ərazilər bu gün bərpa, quruculuq, təhsil, iqtisadi əməkdaşlıq, diplomatiya və beynəlxalq əlaqələrin məkanı kimi təqdim olunur. 
20 Sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günü kimi təsis edilməsi məhz bu transformasiyanın siyasi və tarixi simvoludur. Bu tarix keçmişin xatırlanması ilə yanaşı, gələcəyə baxışın da ifadəsidir. Azərbaycanın məqsədi azad edilmiş əraziləri yalnız bərpa etmək deyil, onları ölkənin ən müasir və inkişaf etmiş regionlarından birinə çevirməkdir.
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə həyata keçirilən işlər Azərbaycanın postmünaqişə dövründə seçdiyi dövlət siyasətinin mahiyyətini açıq şəkildə nümayiş etdirir: dağıdılmış ərazilərin bərpası, insanların doğma yurdlarına qayıdışının təmin olunması, iqtisadi potensialın hərəkətə gətirilməsi, sosial rifahın yüksəldilməsi və tarixi-mədəni irsin qorunması. Bütün bunlar Azərbaycanın əldə etdiyi Zəfərin yalnız hərbi nəticə olmadığını göstərir. Bu Zəfər dövlət suverenliyinin bərpası ilə yanaşı, Qarabağda yeni həyatın başlanmasına, milli yaddaşın bərpasına və regionun Azərbaycanın sosial-iqtisadi məkanına tam inteqrasiyasına yol açıb. 20 Sentyabr bu baxımdan həm dövlət suverenliyinin, həm də Qarabağda həyatın yenidən doğuluşunun rəmzidir. Xankəndidə ucalan Azərbaycan Bayrağı, Xocalıda açılan Memorial, Xocavənddə və Ağdərədə yenidən qurulan yaşayış məntəqələri, fəaliyyətə başlayan müəssisələr, məktəblər, universitet, məscidlər və digər sosial obyektlər tarixi Zəfərin real nəticələridir.
Azərbaycan xalqı 30 ildən artıq müddətdə bu günü gözlədi. Bu gün artıq həmin ərazilərdə Azərbaycan Bayrağı dalğalanır, dövlət qurumları fəaliyyət göstərir, insanlar öz doğma torpaqlarına qayıdır, uşaqlar məktəbə gedir, tələbələr universitetdə təhsil alır, yeni müəssisələr yaradılır və həyat öz normal axarına qayıdır. Bu, tarixi ədalətin bərpasıdır. Bu, dövlət suverenliyinin praktik nəticəsidir. Bu, Azərbaycanın güclü dövlət kimi öz gələcəyini müstəqil şəkildə müəyyənləşdirməsinin və milli iradəsini həyata keçirməsinin ən parlaq nümunələrindən biridir. 20 Sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günü kimi qeyd olunması isə bütün bu proseslərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu tarix Azərbaycan xalqının yaddaşında həm Zəfərin, həm qayıdışın, həm də quruculuğun rəmzi kimi yaşayacaq. Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifə əldə edilmiş tarixi nailiyyətləri qorumaq, azad edilmiş ərazilərdə dayanıqlı inkişafı təmin etmək, Böyük Qayıdış prosesini uğurla davam etdirmək və Qarabağı sülh, təhlükəsizlik, rifah və əməkdaşlıq məkanına çevirməkdir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin yenidən dirçəlməsi göstərir ki, Azərbaycanın Zəfəri yalnız tarixdə qalmış bir hadisə deyil. Bu Zəfər bu gün də quruculuqla, qayıdışla, inkişafla və yeni həyatla davam edir. 20 Sentyabr isə bütün bu böyük prosesin yaddaşımızda əbədiləşən mühüm rəmzlərindən biridir.

Mehriban Vəliyeva,

Milli Məclisin deputatı