“20 Sentyabr Azərbaycanın müasir tarixində xüsusi yer tutur. Bu tarix təkcə müəyyən hərbi-siyasi mərhələnin başa çatması deyil, həm də dövlət suverenliyi anlayışının ölkəmiz üçün tam və real məzmun kəsb etdiyi tarixi məqamdır. Məhz buna görə Dövlət Suverenliyi Gününün, eləcə də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri gününün təsis edilməsi milli təqvimdə daha bir əlamətdar tarixin yer alması ilə müqayisə olunmayacaq dərəcədə dərin siyasi və tarixi məna daşıyır”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Onun sözlərinə görə, 2023-cü ilin sentyabr hadisələrinin tarixi əhəmiyyətinə son onilliklər ərzində baş verən proseslərin ümumi məntiqi kontekstində yanaşmaq lazımdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər regionda mövcud vəziyyəti kökündən dəyişdi və Azərbaycanın əvvəllər işğal altında olan ərazilərinin böyük hissəsində ərazi bütövlüyünü bərpa etməsinə imkan yaratdı. Bununla belə, prinsipial əhəmiyyət daşıyan bir məsələ həll olunmamış qalırdı: ölkə ərazisinin bir hissəsində Azərbaycan dövlət institutlarının fəaliyyət dairəsindən kənarda qalan qanunsuz silahlı birləşmələr mövcudluğunu davam etdirirdi. 2023-cü il sentyabrın 19–20-də baş verən hadisələr bu prosesin yekun mərhələsi oldu. Bir sutkadan da az müddətdə başa çatan lokal xarakterli antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələr tərksilah edildi və Azərbaycan Respublikasının konstitusiya quruluşu ölkənin bütün ərazisində bərpa olundu. Məhz burada ərazi bütövlüyünün hüquqi kateqoriya kimi mahiyyəti ilə suverenliyin dövlətin real vəziyyətini ifadə edən anlayış kimi mahiyyəti arasındakı prinsipial fərq ortaya çıxır. Suverenlik dövlətin öz ərazisinin hər bir nöqtəsində hakimiyyətini müstəqil və maneəsiz həyata keçirməsi, Konstitusiyanın, qanunların və dövlət institutlarının fəaliyyətini təmin etməsi, paralel silahlı və ya siyasi strukturların mövcudluğuna yol verməməsi deməkdir. Müasir Azərbaycan üçün 20 Sentyabrın mahiyyəti məhz bundan ibarətdir.
Deputat bildirib ki, 2023-cü ilin sentyabr hadisələrindən sonra ölkə ərazisində Azərbaycan Respublikasının yurisdiksiyasının şamil olunmadığı heç bir məkan qalmadı. Bu tarixi nəticəyə aparan yol Vətən müharibəsindən sonra da davam etdi. 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrınadək siyasi, diplomatik və digər vasitələrdən istifadə olundu və nəticədə Azərbaycanın dövlət suverenliyi tam şəkildə təmin edildi. 2023-cü il oktyabrın 15-i isə xüsusi rəmzi məna daşıyan gün kimi tarixə düşdü. Həmin gün Prezident İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində, eləcə də digər azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Xankəndidə çıxışı zamanı dövlətimizin başçısı bu günü tarixi gün adlandırdı və uzun illər əvvəl qarşıya qoyduğu məqsədi — Azərbaycan Bayrağının ölkənin bütün şəhər və kəndlərində ucaldılmasını bir daha xatırlatdı.
Millət vəkili söyləyib ki, Dövlət Bayrağının ucaldılması daha genişmiqyaslı prosesin ən parlaq rəmzi ifadəsinə çevrildi. Burada bayraq yalnız milli dövlətçilik rəmzi deyil, həm də Azərbaycanın vahid hüquqi və siyasi məkanının tam bərpasının göstəricisi idi. Bu baxımdan, 2023-cü ilin payızında baş verən hadisələrə yalnız hərbi müstəvidən yanaşmaq doğru olmazdı. Onların nəticəsində regionda tamamilə yeni reallıq yarandı. Qarabağ uzun illər ərzində formalaşdırılmağa çalışılan qeyri-müəyyən status və ziddiyyətli siyasi interpretasiyalar məkanından çıxdı. Bu ərazidə suveren hakimiyyətin kimə məxsus olması məsələsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində qəti həllini tapdı.
“Bu nəticə beynəlxalq hüquq baxımından da mühüm əhəmiyyət daşıyır. Dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət müasir beynəlxalq münasibətlər sisteminin əsas prinsipləri sırasındadır. Azərbaycanın bütün ərazisi üzərində nəzarəti bərpa etməsi, əslində, beynəlxalq ictimaiyyət tərəfindən onilliklər boyu hüquqi baxımdan tanınmış vəziyyətin real müstəvidə təmin olunması demək idi” – deyən Sevinc Fətəliyeva əlavə edib ki, 20 Sentyabrın daha bir mühüm aspekti də var. Suverenlik yalnız dövlətin öz ərazisinə nəzarət etmək hüququ deyil, eyni zamanda, həmin ərazidə baş verən proseslərə görə məsuliyyət daşımasıdır. Konstitusiya quruluşunun tam bərpasından sonra Azərbaycanın qarşısında yeni tarixi vəzifə dayandı: azad edilmiş əraziləri ölkənin vahid siyasi, ictimai və institusional həyatının ayrılmaz hissəsinə çevirmək. 2023-cü ilin sentyabrından sonra baş verən mühüm hadisələr də məhz bu keçidi nümayiş etdirirdi. Həmin il noyabrın 8-də Vətən müharibəsində qazanılmış Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın Xankəndidə keçirilməsi mühüm tarixi hadisəyə çevrildi. Daha sonra şəhərdə prezident seçkiləri keçirildi, Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə Xankəndidə səs verdi. Bütün bunlar söhbətin artıq yalnız ərazi üzərində nəzarətdən deyil, dövlət institutlarının və ölkənin siyasi həyatının burada tam və normal fəaliyyətindən getdiyini nümayiş etdirirdi. Bu mənada 20 Sentyabrı həm yekun, həm də yeni başlanğıc nöqtəsi kimi qiymətləndirmək olar. Bu, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda apardığı uzunmüddətli mübarizənin tarixi yekunudur. Eyni zamanda, məhz bu tarixdən Qarabağın tarixində tamamilə yeni mərhələ başlayır. Artıq əsas məsələ ərazi üzərində nəzarətin bərpası deyil, regionun vahid Azərbaycanın tərkibində gələcəyinin necə qurulmasıdır.
“Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri gününün ayrıca təsis olunması da məhz bu kontekstdə xüsusi rəmzi məna daşıyır. 20 Sentyabr bu dörd şəhəri yalnız uzunmüddətli münaqişə dövrünün başa çatması ilə deyil, onların tarixində başlayan yeni mərhələ — dövlətçilik, inkişaf və dinc həyat mərhələsi ilə birləşdirir. Dövlətin qələbəsi yalnız başa çatan proseslərlə deyil, həmin qələbədən sonra yaradılan yeni reallıqla ölçülür. Bərpa edilmiş suverenlik bu gün Qarabağın artıq münaqişə predmeti deyil, Azərbaycanın vahid dövlət məkanının tamhüquqlu və ayrılmaz hissəsi kimi inkişaf etdiyi yeni siyasi-hüquqi zəmini formalaşdırıb”- deyə, deputat vurğulayıb.
Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri məmnunluq doğurur
Türk dünyasının yeni strateji erası təhlükəsizlik, iqtisadiyyat və mənəvi birlik