18 sentyabr 2026 12:08
122

Suverenliyimizin rəmzinə çevrilən 20 Sentyabr

Azərbaycan xalqının dövlətçilik tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız bir tarixi hadisə ilə məhdudlaşmır. Belə tarixlər xalqın keçdiyi mürəkkəb yolun, mübarizəsinin, qələbələrinin və gələcəyə olan inamının simvoluna çevrilir. 20 Sentyabr da məhz belə əlamətdar günlərdəndir. Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi ölkənin müasir tarixində mühüm hadisələrdən birinin dövlət səviyyəsində əbədiləşdirilməsi deməkdir.

2024-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Bu tarixin seçilməsi təsadüfi deyil. 2023-cü il sentyabrın 19-da başlayan və cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası təmin edilib. Sentyabrın 20-si isə bu tarixi prosesin başa çatdığı gün kimi Azərbaycan xalqının yaddaşına həkk olunub.

Azərbaycanın suverenliyinin bərpası uzun və ağır tarixi prosesin nəticəsidir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində torpaqlarımızın bir hissəsi işğal edilmiş, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin salınmışdı. İşğal olunmuş ərazilərdə yaşayış məntəqələri dağıdılmış, Azərbaycanın tarixi-mədəni irsinə ciddi ziyan vurulmuş, təbii sərvətlər talan edilmişdi. Xocalıda baş verən faciə isə xalqımızın yaddaşında dərin iz buraxan ən ağır hadisələrdən biri olaraq qalır.

İllər boyu Azərbaycan işğal faktının aradan qaldırılması, ərazi bütövlüyünün bərpası və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması istiqamətində məqsədyönlü siyasət həyata keçirdi. Diplomatik səylərlə yanaşı, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi də əsas prioritetlərdən biri oldu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tarixində yeni səhifə açdı.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu işğal altında olan bir sıra əraziləri azad etdi və ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticələr əldə olundu. Bu qələbə Azərbaycan xalqının milli həmrəyliyini daha da gücləndirdi, ordunun döyüş qabiliyyətini və əsgər-zabit heyətinin peşəkarlığını nümayiş etdirdi. Müharibə zamanı canlarını Vətən uğrunda fəda edən şəhidlərin qəhrəmanlığı isə xalqımızın yaddaşında əbədi yaşayacaq.

Lakin qarşıda hələ bir mühüm mərhələ qalırdı. 2023-cü ilin sentyabrında Qarabağ iqtisadi rayonunda baş verən silahlı təxribatların qarşısının alınması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun həmin ərazilərdə bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlanıldı. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi tədbirlər nəticəsində qarşıya qoyulan vəzifələr yerinə yetirildi. Sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa edildiyi elan olundu.

Beləliklə, 20 Sentyabr Azərbaycan tarixində yalnız təqvimdəki növbəti əlamətdar gün deyil, dövlətçilik baxımından xüsusi məna daşıyan bir tarixə çevrildi. Bu gün Azərbaycan dövlətinin öz ərazisində tam hakimiyyətinin və qanunun aliliyinin təmin edilməsini ifadə edən mühüm siyasi və hüquqi hadisə ilə bağlıdır.

Suverenlik hər bir dövlətin ən mühüm atributlarından biridir. Müstəqil dövlətin öz ərazisində qanunlarını tətbiq edə bilməsi, dövlət idarəçiliyini həyata keçirməsi və milli maraqlarını qoruması onun suverenliyinin əsas göstəricilərindəndir. Bu baxımdan Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ölkənin müasir tarixində mühüm mərhələ təşkil edir.

Bu gün Azərbaycan bayrağının ölkənin bütün ərazilərində dalğalanması dövlət suverenliyinin mühüm rəmzlərindən biri kimi böyük mənəvi məna daşıyır. Vaxtilə işğal altında olmuş torpaqlarda üçrəngli bayrağımızın ucaldılması xalqımızın illərlə gözlədiyi arzunun gerçəkləşməsini ifadə edir.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri