18 sentyabr 2026 11:39
92

Bakıya dünyanın müxtəlif ölkələrindən 70-dən çox vəkil və hüquqşünas gələcək

EYBA-nın Bakı konfransında yerli vəkil və hüquqşünaslar üçün qeydiyyat başlayıb

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə 8–11 oktyabr 2026-cı il tarixlərində Bakıda keçiriləcək Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) payız konfransında (“EYBA Autumn Conference 2026”) yerli vəkil və hüquqşünasların iştirakı üçün qeydiyyat başlayıb.

“İki sahil” xəbər verir ki,  konfrans çərçivəsində Avropanın müxtəlif ölkələrindən gənc vəkillər, hüquqşünaslar və hüquq sahəsinin digər nümayəndələri Bakıda bir araya gələcəklər. Tədbirin əsas mövzularını süni intellekt, məlumatların mühafizəsi və rəqəmsal hüquqlar sahəsində baş verən son yeniliklər, habelə müxtəlif yanaşmalar təşkil edəcək. Həmçinin konfrans iştirakçılar arasında fikir və təcrübə mübadiləsi, eləcə də beynəlxalq peşəkar əlaqələrin genişləndirilməsi üçün imkan yaradacaq. 

Bildirmək istərdik ki, konfrans tamamilə ingilis dilində keçiriləcək. İştirak ödənişlidir və qeydiyyatdan keçən şəxslərə iştirak haqqı və ödəniş qaydası barədə məlumat elektron poçt vasitəsilə təqdim olunacaq.

Yerli vəkil və hüquqşünasların qeydiyyatı üçün son tarix 22 sentyabr 2026-cı ildir. Yerlərin sayı məhdud olduğundan qeydiyyat mövcud yerlər nəzərə alınmaqla həyata keçiriləcək.

Konfransın yekununda iştirakçılara onlayn iştirak sertifikatı təqdim olunacaq.

Xatırladaq ki, xarici iştirakçılar üçün qeydiyyat daha əvvəl başlayıb və hazırda dünyanın müxtəlif ölkələrindən 70-dən çox vəkil və hüquqşünas tədbirdə iştirakını təsdiqləyib.

Qeyd edək ki, EYBA təşkilatı Avropanın gənc vəkillərini bir araya gətirən qeyri-kommersiya qurumudur. Assosiasiya 23 may 1993-cü ildə Çex Respublikasının paytaxtı Praqa şəhərində yaradılıb və Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən gənc vəkillər və vəkil qurumları üçün vahid əməkdaşlıq platforması kimi çıxış edir. Hazırda EYBA 200 mindən çox gənc vəkil və vəkil qurumlarını təmsil edir. 

Assosiasiyanın fəaliyyətinin əsas istiqamətlərini gənc vəkillərin peşəkar inkişafının dəstəklənməsi, onların beynəlxalq əlaqələrinin genişləndirilməsi, təlim və təcrübə mübadiləsinin təşkili, habelə demokratiya, insan hüquqları, ədalət mühakiməsinə çıxış və qanunun aliliyi kimi fundamental prinsiplərin təşviqi təşkil edir.

2018-ci ildən EYBA Avropa Şurasının Beynəlxalq Qeyri-Hökumət Təşkilatlarının Konfransında iştirakçı statusuna malikdir.

Onu da bildirək ki, VK 29 aprel 2023-cü il tarixində EYBA-ya üzv qəbul olunub.

Kollegiyanın EYBA ilə əməkdaşlığının daha da inkişaf etdirilməsi çərçivəsində Bakıda keçiriləcək payız konfransı beynəlxalq peşəkar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və yerli hüquqşünasların Avropa hüquq ictimaiyyəti ilə birbaşa əlaqələrinin gücləndirilməsi baxımından əhəmiyyətli platforma olacaq.

Konfransla bağlı qeydiyyat:

https://docs.google.com/forms/d/e/1FAIpQLSfDHuDu4vHPHLpVjNITYUvo74yr8Rlq6SiMPeOxn9hCehAfsQ/viewform?pli=1