18 sentyabr 2026 15:05
89

Ağır vəziyyətdə Reanimasiya şöbəsinə daxil olan körpə həkimlərin dəstəyi ilə həyata qaytarılıb

16.06.2026-cı il təvəllüdlü qız körpə ağır gedişli suçiçəyi (varicella) və onunla əlaqəli ağırlaşmalar fonunda 31.08.2026-cı il tarixində Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasının Yenidoğulmuşların reanimasiyası şöbəsinə hospitalizasiya olunub.

Hospitalizasiya zamanı vəziyyəti ağır qiymətləndirilən və huşu aydın olmayan körpədə geniş yayılmış səpgilər, nekrotik dəyişikliklər və ağır tənəffüs çatışmazlığı müşahidə edilib. Körpə süni tənəffüs cihazına qoşulub və ona ağır parametrlərdə tənəffüs dəstəyi göstərilib. 

Uğurla tamamlanan reanimasiya tədbirlərindən sonra həkimlərin uzunmüddətli intensiv müalicəsi, fasiləsiz tibbi müşahidə və peşəkar yanaşması nəticəsində körpənin vəziyyətində müsbət dinamika əldə olunub. 

Müalicə nəticəsində vəziyyəti stabilləşən körpə 12 sentyabr 2026-cı il tarixində evə buraxılıb.