17 noyabr 2026 18:08
89

“Azərpoçt”un adından istifadə edilməklə yeni fişinq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) vətəndaşları “Azərpoçt” MMC-nin adından istifadə edilməklə həyata keçirilən yeni fişinq kampaniyası barədə xəbərdar edir.

“İki sahil” xəbər verir ki, bu barədə MKA məlumat yayıb.

Məlumata əsasən, kiberdələduzlar xarici nömrələr vasitəsilə istifadəçilərə “Təcili Çatdırılma Problemi Bildirişi” başlıqlı saxta SMS mesajları göndərirlər.

“Mesajlarda poçt indeksinin qeyd edilməməsi səbəbindən “dəyərli əşya” kimi təqdim olunan bağlamanın çatdırılmasının mümkün olmadığı bildirilir və ünvan məlumatlarının göstərilən tarix və saatadək yenilənməsi tələb olunur. Vətəndaşlara psixoloji təzyiq göstərmək məqsədilə mesajlarda əlavə xidmət haqlarının tutulacağı, bağlamanın 72 saat ərzində göndərənə qaytarılacağı və geri qaytarılma xərclərinin alıcının üzərinə düşəcəyi qeyd edilir. Fişinq mesajlarında “çatdırılma ünvanını təsdiqləyin” adı altında “ASAN Pay” xidmətinin adına bənzədilmiş saxta keçidlərdən (məsələn, asanvpay[.]cyou) istifadə olunur. Eyni zamanda, bildirişin təsdiqlənməsi üçün istifadəçilərdən mesaja “1” cavabını göndərmək tələb edilir. Bu üsul istifadəçinin aktiv telefon nömrəsindən istifadə etdiyini müəyyənləşdirmək və onu saxta keçidə yönləndirmək məqsədi daşıyır.

Saxta keçidə daxil olduqda istifadəçilərdən çatdırılma ünvanı, ad, soyad və mobil telefon nömrəsi kimi fərdi məlumatları təqdim etmək, növbəti mərhələdə isə guya çatdırılma xidmətinin haqqını ödəmək üçün bank kartı məlumatlarını daxil etmək tələb olunur. Nəticədə əldə edilən kart məlumatları vasitəsilə vətəndaşların bank hesablarındakı vəsaitlərin mənimsənilməsi riski yaranır.

MKA vətəndaşlara aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edir:

- “Azərpoçt” və digər rəsmi qurumların adından göndərilən bildirişlərin mənbəyini yoxlamaq, xarici ölkə kodlarına malik naməlum nömrələrdən göndərilən mesajlara şübhə ilə yanaşmaq;

- SMS və ya messencerlər vasitəsilə göndərilən şübhəli keçidlərə daxil olmamaq, xüsusilə .cyou, .top, .xyz və digər şübhəli domenlərə diqqət yetirmək;

- Naməlum nömrələrdən gələn mesajlara “1”, “Bəli” və ya digər təsdiq cavabları göndərməmək;

- “Azərpoçt”, “ASAN Pay” və digər xidmətlərin rəsmi veb-saytlarına daxil olarkən domen adlarının düzgünlüyünü yoxlamaq;

- Şübhəli veb-səhifələrdə şəxsi məlumatları, bank kartı rekvizitlərini (kart nömrəsi, bitmə tarixi, CVV/CVC kodu) və SMS vasitəsilə göndərilən birdəfəlik təsdiqləmə kodlarını daxil etməmək;

- Bağlamaların statusunu yalnız “Azərpoçt”un rəsmi veb-saytı (azerpost.az), ödənişləri isə “ASAN Pay”ın rəsmi platforması (asanpay.az) vasitəsilə yoxlamaq və həyata keçirmək”, - deyə qurumun məlumatında bildirilir.

Agentlik xəbərdarlıq edir ki, bank kartı məlumatları şübhəli səhifədə daxil edildiyi təqdirdə, dərhal bankla əlaqə saxlanılmalı, kart bloklanmalı və hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilməlidir.