19 sentyabr 2026 13:24
78

91 minə yaxın müəllim sertifikatlaşdırmadan uğurla keçib

Ümumi təhsil müəssisələrində sertifikatlaşdırma prosesi 2022-ci ildən başlayıb və ilk illərdə çox məhdud regional idarələri – bu, paytaxtı, Abşeronu və Sumqayıtı əhatə etmişdi. Sonra ölkənin bütün ümumi təhsil müəssisələrində çalışan müəllimləri əhatə etdi və bu il biz bu prosesi demək olar, tamamlamışıq. Bütün fənn müəllimləri, təxminən 104 minə yaxın ümumi təhsil müəssisəsində çalışan müəllim bu prosesdə iştirak edib. Sevindirici xəbərdir ki, müəllimlərin əsas hissəsi, yəni təxminən 91 minə yaxın müəllim bu prosesdən uğurla keçib və onların əməkhaqları diferensial qaydada artırılıb. Onlardan təxminən 20 minə yaxın müəllimin əməkhaqqı da yeni tədris ilindən etibarən artıq artımla hesablanmağa başlayıb, ayın axırında və növbəti aylardan onlar artıq əməkhaqqını artımla alacaqlar.

“İki sahil” xəbər verir ki, bunu  İctimai Televiziyada “Pressinq” verilişinin qonağı olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib. O deyib: “Burada iki yanaşma tətbiq olunur. Minimal keçid balı ilə prosesdən uğurla keçən müəllimlər 10 faiz əlavə əməkhaqqı alırlar, eyni zamanda, ən yüksək nəticə göstərən, 51 baldan yüksək bal toplayan müəllimlərimiz isə 35 faizlik əlavə almağa başlayırlar. Sertifikasiya prosesində dəyişikliklərdən biri də müəllimlərin əməyinin stimullaşdırılmasıdır. Əməkhaqqıya, rifaha təsir edən növbəti məsələ, ümumilikdə sistem üzrə müəllim şəbəkəsinin optimallaşdırılması ilə bağlıdır. Bildiyiniz kimi, 2022-ci ildən, sertifikasiyaya başladığımız ildən 2026-cı ilə qədər olan dövrdə, eyni zamanda, müəllimlərin dərs yükü də artıb. Ümumilikdə orta dərs yükü 18 saatdan 20 saata qədər artıb. Ölkə miqyasında baxsaq, bu artım özlüyündə də əməkhaqqının artımına səbəb olur”, - deyə o əlavə edib.