Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli və akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi sentyabrın 19-da görkəmli şərqşünas-alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət ediblər. XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri olan Aida İmanquliyevanın xatirəsi dərin ehtiramla anılıb, məzarı önünə əklil və gül dəstələri qoyulub.
“İki sahil” xəbər verir ki, İnstitutdan bildirilib ki, anım mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan şərqşünaslığında ərəbşünaslıq istiqamətinin mühüm inkişaf yolu keçdiyini söyləyib. O, bu sahədə ədəbiyyatşünaslığın əsasının görkəmli şərqşünas-alim Aida İmanquliyeva tərəfindən qoyulduğunu diqqətə çatdırıb. İsa Həbibbəyli çıxışında Aida İmanquliyevanın Azərbaycan ərəbşünaslığının inkişafında mühüm xidmətlər göstərdiyini, öz elmi fəaliyyəti ilə məktəb yaratdığını və mühacirət ədəbiyyatının tədqiqində yeni istiqamət formalaşdırdığını qeyd edib. Akademik bildirib ki, bu gün Aida İmanquliyeva elmi məktəbinin davamçıları onun tədqiqat ənənələrini uğurla inkişaf etdirirlər. Şərqşünaslıq və Ədəbiyyat institutlarında, eləcə də ölkənin digər elm və təhsil müəssisələrində ərəb məhcər ədəbiyyatı ilə bağlı araşdırmalar aparılır, dissertasiya və məqalələr hazırlanır, kitablar nəşr edilir.
AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva görkəmli alimin Azərbaycan şərqşünaslıq elminin inkişafında silinməz iz qoyduğunu bildirib. Akademik Gövhər Baxşəliyeva Aida İmanquliyevanın dəyərli elmi əsərləri ilə dünya ərəbşünaslığına mühüm töhfələr verdiyini, ərəb və Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqələrini və təsirini araşdıran ilk alimlərdən olduğunu qeyd edib. O, Aida İmanquliyevanın Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə yalnız alim kimi deyil, həm də bacarıqlı elm təşkilatçısı kimi fəaliyyət göstərdiyini vurğulayıb.
Akademik Gövhər Baxşəliyeva 34 il əvvəl – sentyabrın 19-da dünyasını dəyişən görkəmli alimin vəfatının Azərbaycan şərqşünasları üçün ağır itki olduğunu bildirib, alimlərimizin Aida İmanquliyevanın əziz xatirəsini daim uca tutduqlarını diqqətə çatdırıb.
Anım mərasimində Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlü, Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri professor Mehdi Kazımov və digər alimlər çıxış ediblər. Çıxışlarda Aida İmanquliyevanın zəngin elmi irsindən, Azərbaycan şərqşünaslıq elminin inkişafındakı xidmətlərindən və gənc şərqşünaslara göstərdiyi diqqət və qayğıdan bəhs olunub.
"Formula-1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir
Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulması müzakirə edilib