Çin lideri Si Çinpinin sentyabrın 23-25-də ABŞ-a dövlət səfəri və onun Amerika prezidenti Donald Trampla danışıqları iki ölkəyə ikitərəfli münasibətlərdə yeni səhifə açmaq, onları yeni tarixi mərhələyə çıxarmaq imkanı verəcək.
“İki sahil” xəbər verir ki, bu barədə "Xinhua" agentliyinin baş məqaləsində deyilir.
Materialda qeyd olunur: "Bir görüşün Çin və ABŞ arasındakı münasibətlərdə bütün problemləri həll edəcəyini gözləmək qeyri-real olardı, lakin Si Çinpinlə Donald Trampın qarşıdakı sammiti özlüyündə irəliyə doğru mühüm addımdır. O, hər iki tərəfə 2026-cı ili tarixi etmək və Çin-Amerika münasibətlərində yeni səhifə açmaq üçün müstəsna dərəcədə mühüm imkan təqdim edir."
Nəşrdə o da diqqətə çatdırılır ki, Si Çinpinin dövlət səfəri Trampın may ayında Çinə səfərindən cəmi bir neçə ay sonra baş tutur. "İki dövlət başçısının yarım il ərzində qarşılıqlı səfərlər mübadiləsi aparması tarixi, epoxal əhəmiyyət daşıyır", – deyə "Xinhua" yazır.
Agentlik vurğulayır ki, iki liderin may ayındakı əvvəlki görüşü zamanı tərəflər "strateji sabitliyə əsaslanan konstruativ münasibətlər" qurmaq barədə razılığa gəliblər. Bu konsensus iki dövlətin "birgəyaşayışın düzgün yolunu axtardığı" bir vaxtda ikitərəfli əlaqələrin dəqiq kursunu müəyyən edir və ABŞ-Çin münasibətlərini qarşıdakı illər üçün dayanıqlı xəttə yönəltməyə imkan verən təməl rolunu oynayır.
Agentliyin fikrincə, iki nəhəng iqtisadiyyat arasındakı fikir ayrılıqları və sürtüşmələr qaçılmazdır, lakin onları bərabərhüquqlu əsasda məsləhətləşmələr yolu ilə tənzimləmək mümkündür.