25 sentyabr 2026 11:50
99

Fransa və Almaniya Aİ-nin təhlükəsizlik sahəsində səlahiyyətlərinin genişləndirilməsinə qarşıdırlar

Fransa və Almaniya Avropa Komissiyasının (AK) təhlükəsizlik sahəsində səlahiyyətlərinin genişləndirilməsinə qarşı çıxış edirlər.

“İki sahil” xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri diplomatlara istinadla məlumat yayıb.

Onun məlumatına görə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen təxribat və kibertəhlükələrdən müdafiə üçün yeni alətlərin tətbiqi imkanlarını nəzərdən keçirir. Lakin Fransa və Almaniya kimi artıq qabaqcıl təhlükəsizlik və müdafiə institutlarına malik olan ölkələr Brüsselin öz səlahiyyətlərini genişləndirmək istiqamətində istənilən cəhdlərinə müqavimət göstərirlər.

Nəşr qeyd edir ki, Avropa Komissiyası Aİ-yə üzv ölkələrin daimi nümayəndələrinə hibrid təhdidlərə qarşı mübarizə sahəsində öz ideyalarını təqdim edəcək. AK-nin təhlükəsizlik strategiyası oktyabrın sonunadək dərc olunmalıdır. "Fransa və Almaniyanın komissiyaya təhlükəsizlik sahəsində daha çox səlahiyyət vermək istəyəcəyini təsəvvür etmək çətindir", – deyə nəşr mənbələrdən birinin fikrini sitat gətirir.

Birliyin digər ölkələri isə yeni vəsaitlərin ayrılması şərti ilə təhlükəsizliyin təmin edilməsi sisteminin miqyaslı islahatını dəstəkləyirlər.