25 sentyabr 2026 21:00
59

Auditorlar Palatasında 27 Sentyabr – Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

 

 

Sentyabrın 25-də Auditorlar Palatasında 27 Sentyabr – Anım Gününün altıncı ildönümünə həsr olunmuş onlayn qaydada tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan Auditorlar Palatasının sədri, professor Vahid Novruzov 27 sentyabr tarixinin xalqımız üçün adi bir təqvim günü deyil, kədər və qürur hisslərinin bir araya gəldiyi bir gün olduğunu, məhz həmin gün başlayan 44 günlük Vətən müharibəsində xalqımızın qəhrəman övladlarının torpaqlarımızın azadlığı uğrunda tarixi şücaət göstərdiyini qeyd edib. 

Bu gün Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə bəslənən sonsuz ehtiramın rəmzidir.

O, çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il 27 sentyabrın Azərbaycan Respublikasında Anım Günü kimi təsis edildiyini, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Hadrut, Suqovuşan qəsəbələri, yüzlərlə kənd, strateji yüksəkliklər və 2020-ci il noyabrın 8-də Qarabağın tacı olan Şuşa şəhərinin işğaldan azad edildiyini xatırladaraq, bu zəfərin köklərinin daha əvvəlki dövrlərə gedib çıxdığını vurğulayaraq bildirib ki, 1994-cü il 20 sentyabr tarixində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi” gənc müstəqil dövlətimizin iqtisadi əsaslarını formalaşdırmış, sonrakı onilliklərdə ölkəmizin hərbi və iqtisadi qüdrətinin təməlini qoymuşdur. 

Məhz bu təməl üzərində, Ulu Öndərin qoyduğu strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan V.Novruzov qeyd edib ki, 2020-ci ildəki əldə edilmiş qələbəmiz təsadüf deyil, illər boyu ölkəmizin Prezidenti tərəfindən aparılan ardıcıl və məqsədyönlü dövlət siyasətinin bəhrəsidir. 

O, Ali Baş Komandanın qətiyyəti, ordumuzun rəşadəti və bütün xalqın həmrəyliyi sayəsində Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunduğunu diqqətə çatdıraraq, bunun sadəcə hərbi qələbə ilə məhdudlaşmadığını, həm də milli iradənin və tarixi ədalətin bərpası olduğunu bildirib.

27 Sentyabr həm itirdiyimiz şəhidlərimizə görə hüzn, həm də 30 illik işğala son qoyan böyük Qələbənin, milli həmrəyliyin və qürurun başlanğıc günüdür.

Bu tarix cəmiyyətimizdə ordu-xalq-dövlət birliyinin təcəssümüdür. Gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi, milli qəhrəmanlarımızın xatirəsinin daim uca tutulması üçün ən vacib mənəvi təməllərdən biridir.

V.Novruzov vurğulayıb ki, cəbhəyə yollanan hər bir Azərbaycan əsgəri və zabiti təkcə torpaq uğrunda deyil, həm də ədalətin bərpası uğrunda vuruşub, tarix qarşısında öz müqəddəs vəzifəsini şərəflə yerinə yetirib.

Şəhidlərimizin əziz xatirəsi önündə ehtiramını bildirən V.Novruzov qeyd edib ki, onların qanı bahasına bu gün ərazi bütövlüyümüz bərpa olunub, dövlətimizin suverenliyi daha da möhkəmlənib. O, hər bir şəhidin adının xalqımız üçün müqəddəs olduğunu və onların xatirəsinin əbədi yaşadılacağını bildirib.

O, həmçinin, qazilərimizə minnətdarlıq borcumuzun olduğunu vurğulayaraq, onların iradəsinin və qəhrəmanlığının gənclik üçün örnək olduğunu, cəmiyyətin qazilərin rifahına daim qayğı ilə yanaşması gərəkdiyini bildirib.

Çıxışında 27 Sentyabrın xalqın vəhdətinin rəmzinə çevrildiyini də vurğulayan V.Novruzov qeyd edib ki, həmin gün bütün ölkə bir amal ətrafında birləşərək Vətənin bütövlüyü uğrunda mübarizəyə qalxıb və bu birlik tarixi Zəfərin əsas şərtlərindən biri olub.

O, yekunda bildirib ki, Anım Gününü qeyd etmək təkcə keçmişə hörmətin ifadəsi deyil, həm də gələcək qarşısında məsuliyyətin dərkidir – şəhidlərin xatirəsinə sadiq qalmağın yolu daha güclü, daha həmrəy Azərbaycan qurmaqdan keçir.

Tədbirdə Prezident İlham Əliyevin müharibə dövründəki fəaliyyətinə də geniş yer verilib. Qeyd olunub ki, dövlətimizin başçısı təkcə hərb meydanında deyil, diplomatik müstəvidə də uğurlu strategiya nümayiş etdirmiş, informasiya müharibəsində Azərbaycanın haqq səsini dünyaya çatdırmış, bütün xarici təzyiqlərə baxmayaraq xalqı ilə vəhdət nümayiş etdirmişdir.

Vurğulanıb ki, 44 günlük müharibədə Azərbaycan təkcə öz torpaqlarına qovuşmadı, eyni zamanda şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə və digər bölgələrimizdə dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərin də tarixi qisasını aldı.

"Qarabağ Azərbaycandır!" – deyən Prezidentin bu sözlərinin bir daha təsdiqləndiyi vurğulanıb.

Tədbir çərçivəsində Anım Gününün altıncı ildönümünə həsr olunmuş xüsusi videomaterial nümayiş etdirilib.

Daha sonra çıxış edən Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov, Sədrin elmi-metodik məsələlər üzrə müşaviri Qəşəm Bayramov, Palatanın üzvləri sərbəst auditorlar Nazim Axundov, Hafiz Əhmədov, Akif Ağayev, “ELVİ AUDİT FİNANS” MMC-nin direktoru Elxan İsmayılov, “Azel-Audit” MMC-nin direktoru Elzadə Süleymanova, sərbəst auditor İlham Süleyman, Auditorlar Palatasının İctimaiyyətlə əlaqə və informasiya şöbəsinin müdir müavini Nigar Əlisoy 27 Sentyabrın tarixi əhəmiyyətindən danışaraq dövlətimizin öz şəhidlərinin xatirəsinə hər zaman böyük ehtiramla yanaşdığını bildiriblər.

Məruzəçilər eyni zamanda çıxışlarında 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının tarixində əbədi həkk olunmuş şanlı səhifə olduğunu vurğulayaraq, bu Zəfərin gənc nəslə vətənpərvərlik və milli qürur hissini aşılamaq baxımından böyük tərbiyəvi əhəmiyyət daşıdığını bildirib. Qəşəm Bayramov isə şəhidlərimizin qanı bahasına qazanılan bu Zəfərin hər bir Azərbaycan vətəndaşına, xüsusilə də gənclərə, Vətənə sədaqətli olmaq öhdəliyi qoyduğunu qeyd ediblər.

Onlar peşəkar qurum olaraq Auditorlar Palatası kollektivinin şəhid ailələrinə və qazilərimizə hər zaman dəstək olacağını, milli həmrəylik ruhunun qorunub saxlanmasının hər kəsin üzərinə düşən mühüm vəzifə olduğunu vurğuladılar. Tədbir iştirakçıları yekdilliklə bildiriblər ki, Anım Günü xalqımızın yaddaşında əbədi olaraq iz buraxmış tarixi bir gündür və gələcək nəsillər bu Zəfərin qiymətini bilməli, onu qoruyub saxlamalıdırlar.

Tədbir Auditorlar Palatası kollektivinin şəhidlərimizin ruhu qarşısında ehtiram əlaməti olaraq baş əyməsi, Uca Yaradandan onlara rəhmət, qazilərimizə can sağlığı diləməsi ilə yekunlaşıb.