02 oktyabr 2026 21:21
100

YAP VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı ölkənin keçdiyi tarixi mərhələyə, mövcud geosiyasi reallıqlara və qarşıdakı dövrün strateji prioritetlərinə kompleks baxışın ifadəsi kimi diqqəti cəlb edir. Çıxışın məzmunundan aydın görünür ki, qurultay yalnız siyasi təşkilatın fəaliyyətinin qiymətləndirildiyi tədbir deyil, həm də Azərbaycanın yeni reallıqlar şəraitində qarşıya qoyduğu məqsədlərin, təhlükəsizlik, iqtisadi inkişaf, xarici siyasət və sosial rifah məsələlərinin vahid strateji çərçivədə nəzərdən keçirildiyi mühüm siyasi platformadır. 

VIII Qurultayın əsas xüsusiyyətlərindən biri onun Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu yeni siyasi və geosiyasi şəraitdə keçirilməsidir. Bu baxımdan qurultay ölkənin son onilliklər ərzində keçdiyi yolun yekunlarının qiymətləndirilməsi ilə yanaşı, əldə edilmiş nəticələrin qorunması və yeni imkanların reallaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. 2020-ci ildə əldə edilmiş Zəfər və 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası Azərbaycanın müasir tarixində yeni mərhələ formalaşdırıb. Bu mərhələnin əsas xüsusiyyəti ondan ibarətdir ki, dövlət qarşısında artıq yalnız ərazi bütövlüyünün bərpası deyil, əldə edilmiş siyasi nəticələrin möhkəmləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dayanıqlı inkişafın sürətləndirilməsi və regionda yeni əməkdaşlıq mühitinin formalaşdırılması kimi vəzifələr dayanır. Prezident cənab İlham Əliyevin çıxışında Azərbaycanın hərbi-siyasi tarixinin müxtəlif mərhələləri arasında səbəb-nəticə əlaqələrinin qurulması da xüsusi diqqət çəkir. Dövlət başçısının təqdim etdiyi siyasi yanaşmaya əsasən, bugünkü nəticələrin formalaşması uzunmüddətli dövlətçilik strategiyasının, siyasi iradənin, institusional quruculuğun, iqtisadi potensialın və müdafiə imkanlarının ardıcıl şəkildə gücləndirilməsinin nəticəsidir.

Bu kontekstdə Yeni Azərbaycan Partiyasının 1992-ci ildə təsis edilməsi və Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın sonrakı inkişaf mərhələsinin əsas siyasi hadisələri kimi təqdim olunur. 1990-cı illərin əvvəllərində ölkənin üzləşdiyi mürəkkəb siyasi, iqtisadi və təhlükəsizlik problemləri fonunda dövlət institutlarının möhkəmləndirilməsi fundamental əhəmiyyət daşıyırdı. Həmin dövrdə iqtisadi tənəzzül, sosial problemlər, ərazi itkiləri, məcburi köçkünlük, daxili siyasi qarşıdurmalar və xarici təzyiqlər Azərbaycanın qarşısında ciddi çağırışlar yaratmışdı. Prezident İlham Əliyevin çıxışında bu mərhələyə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Çünki bugünkü dövlətçilik modelinin mahiyyətini anlamaq üçün həmin dövrün mürəkkəb reallıqlarının nəzərə alınması vacibdir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qarşıya qoyulan əsas məqsədlər dövlət idarəçiliyinin sabitləşdirilməsi, iqtisadiyyatın dirçəldilməsi, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi və müdafiə potensialının formalaşdırılması idi. “Əsrin müqaviləsi”nin imzalanması, xarici investisiyaların ölkəyə cəlb olunması və Azərbaycanın enerji strategiyasının formalaşdırılması sonrakı iqtisadi inkişaf üçün mühüm baza yaratdı. Eyni zamanda, Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin gücləndirilməsi və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hüquqi-siyasi mövqeyinin beynəlxalq gündəmdə daha ardıcıl ifadə olunması uzunmüddətli diplomatik fəaliyyətin mühüm istiqamətlərindən birinə çevrildi. Bu baxımdan çıxışda dövlətçilik, siyasi sabitlik, iqtisadi müstəqillik və hərbi potensial bir-birini tamamlayan strateji elementlər kimi nəzərdən keçirilir. Ərazi bütövlüyünün və suverenliyin bərpası yalnız hərbi imkanlarla izah edilmir.

Burada iqtisadi dayanıqlıq, müdafiə sənayesinin inkişafı, diplomatik fəaliyyət, beynəlxalq tərəfdaşlıqlar və dövlət idarəçiliyinin institusional imkanları da mühüm rol oynayıb. Bu yanaşma Azərbaycanın inkişaf modelinin çoxkomponentli xarakterini göstərir. Qurultay çıxışının mühüm istiqamətlərindən biri də postmünaqişə mərhələsinin mahiyyətidir. Ərazi bütövlüyünün bərpası ilə yeni siyasi gündəm formalaşıb. Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi, infrastrukturun yenidən qurulması və regionun iqtisadi potensialının hərəkətə gətirilməsi bu gündəmin əsas elementlərindəndir. Çıxışda qeyd olunan rəqəmlər də prosesin miqyasını göstərir: Qarabağ və Şərqi Zəngəzurun inkişafına indiyədək 28 milyard manat vəsait yönəldilib, həmin ərazilərdə 96 min insan yaşayır, işləyir və təhsil alır, 48 yaşayış məntəqəsində məskunlaşma həyata keçirilib.

“Böyük Qayıdış” proqramı bu baxımdan yalnız sosial layihə deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün real və dayanıqlı məzmunla möhkəmləndirilməsinə xidmət edən strateji prosesdir. Yeni yaşayış məntəqələrinin salınması, yolların, enerji və kommunal infrastrukturun qurulması, məktəb və tibb müəssisələrinin yaradılması, məşğulluq imkanlarının genişləndirilməsi azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadi və sosial sisteminə inteqrasiyasını sürətləndirir. Çıxışın digər mühüm istiqaməti təhlükəsizlik məsələsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası təhlükəsizlik siyasətinin başa çatması anlamına gəlmir. Əksinə, müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər müdafiə imkanlarının daim gücləndirilməsini zəruri edir. Dünyanın müxtəlif regionlarında davam edən münaqişələr, yeni təhlükəsizlik çağırışları və beynəlxalq hüququn tətbiqi ilə bağlı problemlər dövlətlərin milli təhlükəsizlik strategiyalarına yenidən baxmasına səbəb olur. Bu reallıq Azərbaycanın hərbi potensialının inkişaf etdirilməsini dövlət siyasətinin uzunmüddətli istiqamətlərindən biri kimi gündəmdə saxlayır. Burada əsas məqam yalnız silahlı qüvvələrin maddi-texniki imkanlarının artırılması deyil, müdafiə sənayesinin inkişafı, hərbi texnologiyaların mənimsənilməsi, yerli istehsal imkanlarının genişləndirilməsi və təhlükəsizlik sisteminin müasir tələblərə uyğunlaşdırılmasıdır.

Eyni zamanda, çıxışda təhlükəsizliyin yalnız hərbi ölçü ilə məhdudlaşmadığı xüsusi olaraq vurğulanır. İnformasiya texnologiyalarının sürətli inkişafı, süni intellektin yayılması, kibertəhlükələr və informasiya müharibələri yeni risk kateqoriyalarını meydana çıxarıb. Bu şəraitdə informasiya savadlılığı, keyfiyyətli təhsil, tənqidi düşüncə və vətəndaşların informasiya mənbələrinə münasibətdə məsuliyyətli davranışı milli təhlükəsizlik məsələləri ilə daha sıx əlaqələnir. Təhsil məsələsinin ideoloji təhlükəsizlik kontekstində ön plana çəkilməsi də diqqətəlayiqdir. Müasir informasiya məkanında cəmiyyətlərin dayanıqlığı yalnız texnoloji imkanlarla deyil, insan kapitalının səviyyəsi ilə də müəyyən olunur. Savadsızlığın və informasiya manipulyasiyalarının yaratdığı risklərə qarşı ən effektiv mexanizmlərdən biri məhz bilik, təhsil və media savadlılığıdır. Bu yanaşma Azərbaycanın gələcək inkişafında təhsil siyasətinin strateji əhəmiyyətini bir daha nümayiş etdirir. Xarici siyasətlə bağlı səsləndirilən fikirlər Azərbaycanın çoxşaxəli tərəfdaşlıq siyasətinin davam etdiriləcəyini göstərir. Azərbaycan müxtəlif siyasi və iqtisadi mərkəzlərlə münasibətlər quraraq milli maraqlarını təmin etməyə və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməyə çalışır. Çinlə hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması, ABŞ-la Strateji Xartiyanın imzalanması, Avropa İttifaqının ayrı-ayrı üzv dövlətləri ilə strateji tərəfdaşlıq sənədlərinin mövcudluğu Azərbaycanın xarici siyasətində çoxtərəfli yanaşmanın tətbiqini göstərən nümunələr kimi təqdim olunur.

Azərbaycanın beynəlxalq təşkilatlarda fəallığının artması da bu siyasətin digər mühüm istiqamətidir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, Mərkəzi Asiya ilə siyasi, iqtisadi, nəqliyyat və enerji əlaqələrinin genişlənməsi, D-8-ə üzvlüyü və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığı ölkənin regional və beynəlxalq gündəmdə fəal iştirakını genişləndirən amillər sırasındadır. Xüsusilə Azərbaycanın coğrafi mövqeyindən irəli gələn üstünlüklər nəqliyyat və logistika siyasətinin xarici siyasətin mühüm alətlərindən birinə çevrilməsinə imkan yaradır.

Bu baxımdan Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycanın geoiqtisadi əhəmiyyətini artıran əsas layihələr sırasında yer alır. Çıxışda Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin orta müddətdə 30 milyon tona çatdırılması ilə bağlı hədəfin səsləndirilməsi nəqliyyat infrastrukturunun yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, ölkənin regional bağlantılardakı rolunu gücləndirən strateji faktor kimi qiymətləndirildiyini göstərir.

Enerji siyasəti də Azərbaycanın yeni geosiyasi reallıqlarda mövqeyini müəyyənləşdirən əsas amillərdən biridir. Neft və qazla yanaşı, neft məhsulları, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələrin istehsalı və ixracı Azərbaycanın enerji sektorunun çoxşaxəli strukturunu formalaşdırır. Enerji təhlükəsizliyinin milli təhlükəsizliklə sıx bağlı olduğu müasir şəraitdə Azərbaycanın enerji infrastrukturu və ixrac imkanları ölkənin regional və beynəlxalq əməkdaşlıqdakı roluna təsir göstərən mühüm faktorlardır. Bununla paralel olaraq, iqtisadi siyasətdə investisiya cəlbediciliyinin qorunması, maliyyə dayanıqlığının gücləndirilməsi və qeyri-neft sektorunun inkişafı əsas məsələlər olaraq qalır. Çıxışda son iki Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış kontraktların ümumi dəyərinin 20 milyard dollardan çox olduğu, ölkənin xarici borcunun ÜDM-ə nisbətinin 5,6 faiz təşkil etdiyi və valyuta ehtiyatlarının 90 milyard dollara çatdığı bildirilir. Bu göstəricilər Azərbaycanın iqtisadi siyasətində maliyyə sabitliyinin və investisiya imkanlarının əhəmiyyətini nümayiş etdirən rəqəmlər kimi təqdim olunur. İqtisadi siyasətin sosial nəticəsi isə əhalinin rifahının yüksəldilməsi ilə ölçülür. Minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması ilə bağlı verilən açıqlama sosial siyasətin iqtisadi inkişaf strategiyasının mühüm komponenti olduğunu göstərir. Burada əsas məsələ iqtisadi artımın sosial rifaha çevrilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsidir. Beləliklə, VIII Qurultayda səsləndirilən fikirlər Azərbaycanın qarşısında duran vəzifələrin artıq əvvəlki dövrlərdən fərqli məzmun daşıdığını göstərir. Əgər əvvəlki mərhələlərdə əsas strateji məqsəd ərazi bütövlüyünün və suverenliyin bərpası idisə, hazırkı mərhələdə əsas məsələ əldə edilmiş nəticələrin möhkəmləndirilməsi, dayanıqlı sülhün təmin olunması, iqtisadi imkanların genişləndirilməsi, insan kapitalının inkişaf etdirilməsi, təhlükəsizlik potensialının qorunması və Azərbaycanın regional əməkdaşlıq imkanlarından daha geniş istifadə etməsidir.

Bu mənada Yeni Azərbaycan Partiyasının VIII Qurultayı həm keçmişin siyasi yekunlarının təqdim edildiyi, həm də gələcəyə yönəlmiş strateji prioritetlərin müəyyənləşdirildiyi siyasi platforma kimi xarakterizə olunur. Çıxışın ümumi məntiqi göstərir ki, dövlətçilik xəttinin əsas dayaqları – milli maraqların qorunması, siyasi sabitlik, iqtisadi müstəqillik, güclü müdafiə potensialı, fəal xarici siyasət və sosial inkişaf – bir-birindən ayrı deyil, vahid dövlət strategiyasının qarşılıqlı tamamlayan istiqamətləridir. Azərbaycanın qarşısında dayanan yeni mərhələ daha mürəkkəb və çoxşaxəli çağırışlarla xarakterizə olunur. Bu mərhələdə hərbi qələbənin siyasi, iqtisadi və sosial nəticələrinin dayanıqlı inkişaf modelinə çevrilməsi xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurun bərpası, “Böyük Qayıdış”ın genişləndirilməsi, nəqliyyat və enerji imkanlarının artırılması, investisiyaların cəlb edilməsi, insan kapitalının gücləndirilməsi və beynəlxalq tərəfdaşlıqların şaxələndirilməsi Azərbaycanın yeni inkişaf gündəminin əsas istiqamətlərini təşkil edir. Prezident cənab İlham Əliyevin VIII Qurultaydakı çıxışının əsas siyasi məzmunu da məhz bu keçidlə bağlıdır: əldə edilmiş tarixi nəticələrin qorunması və onları uzunmüddətli dövlət inkişafının yeni mərhələsinə çevirmək. Bu baxımdan qurultayda səsləndirilən tezislər yalnız bu günün reallıqlarına deyil, Azərbaycanın qarşıdakı illərdə qarşısında duran strateji hədəflərə də işıq salır.

Tahir Mirkişili,

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü