“Azərbaycan öz torpaqlarının azadlığı uğrunda ağır itkilər verib və buna görə də sülhü özü-özünə təmin olunan bir vəziyyət kimi qəbul edə bilməz.”
Bu fikirlər Brüsseldə yerləşən Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışı əsasında hazırladığı və nüfuzlu “EU Reporter” nəşrində dərc edilən analitik məqalədə bildirilir.
Qeyd olunub ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Qurultayındakı dərc edilən çıxışı yalnız partiya tədbiri çərçivəsində səsləndirilmiş nitq olmaqla məhdudlaşmırdı: "Çıxışda Azərbaycanın 2020-2023-cü illərdə döyüş meydanında bərpa etdiyi ərazi bütövlüyünü və suverenliyini bundan sonra necə qoruyub saxlayacağına dair strateji yanaşmalar və əsas fəaliyyət istiqamətləri öz əksini tapır, bu baxımdan çıxış proqram məzmunu daşıyırdı. Bu əsas mesajı üç sözlə ifadə etmək mümkündür: güc yolu ilə sülh.”
Çıxışdakı keçmişə nəzər yetirilən hissədə partiyanın təsis qurultayından və Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından başlayaraq, 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünün bərpasına qədər uzanan tarixi inkişaf xətti diqqətə çatdırıldı. Gələcəyə yönəlmiş hissədə isə qarşıda duran əsas vəzifələr müəyyənləşdirildi. Bu vəzifələr sırasında təhlükəsizliyin təmin edilməsi, ideoloji dayanıqlığın möhkəmləndirilməsi, müstəqil xarici siyasətin həyata keçirilməsi, iqtisadi və maliyyə sabitliyinin qorunması, enerji və nəqliyyat sahələrinin inkişaf etdirilməsi, sosial siyasətin gücləndirilməsi, habelə Böyük Qayıdış çərçivəsində məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi xüsusi yer tutdu.
İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm Zəfəri ilə başa çatsa da məğlub tərəfin arxasındakı qızışdırıcı dairələr Ermənistanı revanş götürməyə-yeni müharibəyə təhrik edirlər, yəni, altı ilə yaxın vaxt keçsə də möhkəm sülh hələ də yoxdur. Əslində sülh Azərbaycandan daha çox Ermənistana lazımdır. Çünki əgər hərbi əməliyyatlar başlayarsa Ermənistanın dövlət kimi varlığı sual altına düşər. Ancaq daşnak ideologiyası heç nəyə baxmadan ölkəni yeni qarşıdurmalara sürükləməkdə inad göstərir. Bu isə özünüməhvdən başqa bir şey deyil.
Məqalədə deyilir: "Azərbaycan sülh istəyir və bu məqsədlə danışıqlar aparır. Eyni zamanda, ölkə öz təhlükəsizliyini regionda və dünyada qeyri-sabitliyin davam edə biləcəyi ehtimalı üzərində qurur. Gələcəkdə yarana biləcək təhdidlərin yalnız hərbi yolla deyil, həm də ideoloji təsirlər vasitəsilə meydana çıxa biləcəyi nəzərə alınır".
Müəlliflər Azərbaycanın ərazi bütövlüyünü hədiyyə olaraq əldə etməməsinə xüsusi diqqət çəkərək vurğulayıblar ki, ölkə buna ağır və böyük itkilərlə müşayiət olunan davamlı mübarizə nəticəsində nail olub.
Məqalə müəllifləri Azərbaycan Prezidentinin çıxışında bu qələbələrin mürəkkəb və gərgin geosiyasi şəraitdə əldə olunması fikrinə də toxunublar. Bildirilib ki, Ermənistan münaqişə müddətində ATƏT-in Minsk qrupunun həmsədrləri də (Fransa, Rusiya və ABŞ) daxil olmaqla, güclü dövlətlərin dəstəyinə malik idi. Lakin həmin dövlətlər, təxminən üç onillik ərzində, münaqişənin həllinə nail olmaq əvəzinə, onun dondurulmuş vəziyyətdə saxlanması ilə nəticələnən prosesə rəhbərlik etmişdilər. Lakin bu dəstək Ermənistanı məğlubiyyətdən xilas etmədi və Azərbaycanın qarşıya qoyduğu məqsədlərə çatmasına mane ola bilmədi. Bakı hazırda bu nəticəni qlobal əhəmiyyət daşıyan bir presedent kimi təqdim edir: Orta güclü bir dövlət beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, onun ərazisi ilə bağlı dörd qətnaməni öz hərbi qüvvələri hesabına reallaşdırdı. Halbuki həmsədrlər və bəzi başqaları işğalçı Ermənistana təzyiq etmək əvəzinə Azərbaycana öz ərazilərini hərbi yolla azad etməsini qadağan edirdilər. Sual oluna bilər ki, Ermənistan hərbi yola əl atanda niyə çəkindirmədiniz, əksinə, ruhlandırdınız? Onlar belə düşünürdülər ki, azərbaycanlılar 40-50 ildən sonra Qarabağın azadlığını yaddan çıxararlar. Ayrı-seçkilik, dini təəssübkeşlik və ikrah doğuran ikili standartlar açıq surətdə tətbiq olunurdu. Ona görə də himayə göstərilən Ermənistanın qudurğan başçıları yola gəlməyi-ərazilərimizdən geri çəkilməyi xəyallarına belə gətirmirdilər. Açıq görünürdü ki, otuz il davam edən münaqişə yalnız hərbi yolla həll oluna bilər. Elə oldu. Azərbaycanın xalq-dövlət və ordu birliyi münaqişəni cəmi 44 günə həll etdi.
Lakin dediyimiz kimi, bunu qəbul etməyən erməni lobbisi və xarici pozucu dairələr bu gün də Azərbaycanla yeni müharibə təhdidindən əl çəkmirlər. Onlar erməni cəmiyyətinin taleyi ilə oynayırlar. Lakin baş nazir Nikol Paşinyan İkinci Qarabağ müharibəsində “ağzı əziləndən” sonra hərbi əməliyyatların bərpa olunmasından qaçır. Bu səbəblərə görə Paşinyan “nal-mıx” siyasətindən əl çəkə bilmir. Ancaq bunun da bir sonu olacaq.
Vəli İlyasov, “İki sahil”