Azərbaycanın aqrar sektorunda hüquqi bazanın daha da təkmilləşdirilməsi və kənd təsərrüfatının inkişafına yönələn mexanizmlərin vahid çərçivədə formalaşdırılması istiqamətində mühüm addım atılır. Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanaraq ictimai müzakirəyə təqdim edilən “Aqrar sahə haqqında” qanun layihəsi fermerlərin fəaliyyətinin qiymətləndirilməsindən dövlət dəstəyi mexanizmlərinə, müqaviləli istehsaldan bazar intervensiyasına, torpaqların xırdalanmasının qarşısının alınmasından iqlim dəyişikliklərinə uyğunlaşmaya qədər bir sıra məsələləri əhatə edir.

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, yeni qanunun qəbul olunması ilə bir sıra mövcud qanunlar qüvvədən düşəcək. Onun sözlərinə görə, bu, aqrar sahəyə aid bütün qanunvericiliyin ləğv olunması anlamına gəlmir: “Yeni qəbul olunan “Aqrar sahə haqqında” qanun qüvvəyə mindiyi üçün “Taxıl haqqında”, “Çayçılıq haqqında”, “Pambıqçılıq haqqında” və “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanun qüvvədən düşür, ləğv olunur. Amma bu, bütün digər qanunların da ləğv olunması demək deyil. Sadəcə, bu dörd qanun ləğv olunur. Digər qanunvericilik aktları, məsələn, toxumçuluq haqqında və digər qanunlar isə qüvvəsini saxlayacaq.
Yeni qiymətləndirmə meyarları...
İqtisadçı yeni qanun layihəsində fermerlərin reytinq sisteminin yaradılmasını da diqqətçəkən məqamlardan biri kimi dəyərləndirdi. Qeyd etdi ki, layihədə “Aqrar məhsul istehsalçılarının reytinqi sistemi” anlayışı ayrıca müəyyən edilir: “Artıq burada fermerin iqtisadi və ictimai səmərəliliyi, resurslardan effektiv istifadə etməsi, dövlət dəstəyindən istifadə etməsi və sair kimi məsələlər bu anlayış çərçivəsində qiymətləndiriləcək”.
Eldəniz Əmirovun sözlərinə görə, layihədə müqaviləli istehsal sisteminə keçidlə bağlı da mühüm müddəalar yer alır. Onun fikrincə, bu mexanizm fermerə məhsulu istehsal etməmişdən əvvəl alıcı ilə məhsulun növü, miqdarı, keyfiyyəti, qiyməti və ya qiymətin müəyyənləşdirilməsi qaydası barədə razılaşmaq imkanı verəcək. Bununla yanaşı, kənd yerlərinin inkişafı məqsədilə istehsaldan əvvəl müqavilələrin bağlanması istiqamətinin genişləndirilməsi nəzərdə tutulur.
Dövlət dəstəyi yalnız subsidiya ilə məhdudlaşmır
İqtisadçı dövlət dəstəyi alətlərinin qanun layihəsində ayrıca çərçivədə müəyyənləşdirilməsini də irəliyə doğru atılmış mühüm addım hesab edir. O, bildirdi ki, subsidiya, güzəştli kredit, güzəştli lizinq, kredit faizlərinin subsidiyalaşdırılması, qrant, dövlət zəmanəti, birgə investisiyalaşdırma, aqrar sığorta, satış yerlərinin təşkili, informasiya və məsləhət xidmətləri, eləcə də dövlət-özəl tərəfdaşlığı kimi dəstək mexanizmləri layihədə öz əksini tapır.
Eldəniz Əmirov strateji əhəmiyyətli aqrar məhsulların istehsalına dövlət zəmanətinin tətbiqini də yeni istiqamətlərdən biri kimi qeyd etdi: “Zaman-zaman biz bunları tövsiyə etmişik, təklif etmişik. Mediada bununla bağlı müsahibələrim, görüşlərim olub. Bunun sadəcə bir zamanlar təsdiqlənməsini də qeyd edə bilərik”.
Bazarın sabitliyinə dövlət müdaxiləsi
Eldəniz Əmirov qanun layihəsində “bazar intervensiyası” anlayışının ayrıca müəyyən edilməsini də diqqətəlayiq hesab edir. Onun sözlərinə görə, bu mexanizm dövlətə fermerlərin iqtisadi maraqlarını və ərzaq təhlükəsizliyini qorumaq məqsədilə tələb-təklif münasibətlərinə müdaxilə etmək imkanı yaradır. Buraya dövlət tərəfindən məhsulun alınması, ehtiyatların yaradılması, məhsul anbarlarının saxlanması, subsidiyalaşdırma, sifarişlərin artırılması, azaldılması və ya ləğv olunması kimi tədbirlər daxildir.
İqtisadçı qeyd etdi ki, fermerlərin bazara çıxış imkanlarının genişləndirilməsi ilə bağlı məsələlər də qanun layihəsində öz əksini tapır. Onun sözlərinə görə, aqrar məhsulların yarmarkalarda, fermer marafonlarında, səyyar satış yerlərində, elektron platformalarda və digər satış məkanlarında reallaşdırılması ilə bağlı ayrıca hüquqi istiqamət formalaşır.
Xırdalanan torpaqların yaratdığı problemə yeni yanaşma
Eldəniz Əmirov torpaqların xırdalanması probleminin qarşısının alınmasına yönələn müddəaları da mühüm hesab edir. Onun qənaətinə görə, torpaq sahələrinin daha xırda hissələrə bölünməsi istehsalın rentabelliyini azaldır. Buna görə də qanun layihəsində torpaqların xırdalanmasının qarşısının alınması üçün vahid əkin konsepsiyası, konsolidasiya, konfederativləşmə və digər üsullar nəzərdə tutulur.
Qanunun nəticəsi icra mexanizmindən asılı olacaq
Həmsöhbətimizin sözlərinə görə, qanun layihəsində iqlim dəyişikliklərinə qarşı tədbirlər də öz əksini tapıb. Eldəniz Əmirov hesab edir ki, sənəd kifayət qədər geniş əhatəli olmaqla aqrar sektorun və aqrar emal sahəsinin inkişafı üçün yeni imkanlar yarada bilər. Bununla belə, əsas məsələ qanunun icra mexanizmlərinin düzgün qurulmasıdır: “Bu qanunun icrası və icra mexanizmi, yerlərdə tətbiq mexanizmi, eyni zamanda, icrasına nəzarət mexanizmi ədalətli olarsa və sui-istifadələrə yol verilməzsə, düşünürəm ki, bu, kənd təsərrüfatı, həm aqrar sektor, eyni zamanda, aqrar emal sektoru üçün faydalı olar”.
Nigar Orucova, "İki sahil"