Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi və xarici siyasət əlaqələrinin şaxələndirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Bu siyasət çərçivəsində ölkənin regional və beynəlxalq əməkdaşlıq platformalarında iştirakının genişləndirilməsi, qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafı və milli maraqların beynəlxalq müstəvidə ardıcıl şəkildə müdafiəsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin güclənməsinə şərait yaradıb. Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunması və regional proseslərdə rolunun artması da bu siyasətin mühüm nəticələri sırasındadır. Ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu üzv qəbul edilməsi isə ölkənin regional əməkdaşlıq coğrafiyasının genişlənməsi, Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin institusional müstəvidə dərinləşməsi və Türk dünyası ilə inteqrasiya proseslərinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu qərar Azərbaycanın artan regional rolunun və Prezident İlham Əliyevin təşəbbüsləri əsasında formalaşan xarici siyasət kursunun nəticələrinin göstəricilərindəndir.
“İki sahil” xəbər verir ki, bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, dövlətimizin başçısının son illər müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının Zirvə toplantısına, “Avropa Siyasi Birliyi” Zirvə toplantısına və digər mühüm tədbirlərə xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın artan beynəlxalq nüfuzunun və beynəlxalq aləmdə yüksələn rolunun əyani göstəricisidir. Bundan əlavə, Prezident İlham Əliyev son illər Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində fəxri qonaq qismində iştirak edib. 2025-ci ilin noyabrında isə dövlətimiz bu platformanın tam hüquqlu üzvü qəbul olunub. Ölkəmiz üzv seçildikdən sonra bu platforma “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü” formatına çevrilib. Cənab Prezident oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilmiş Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə tam hüquqlu üzv kimi iştirak edib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrini xarakterizə edən amillərdən biri də yüksək səviyyəli qarşılıqlı səfərlərdir. Görüşdə çıxışı zamanı Prezident İlham Əliyev bununla bağlı deyib: “Son illərdə Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrimizi daha da gücləndirmək üçün qarşılıqlı niyyətimizi əks etdirir”. Nəzərə alaq ki, Azərbaycanla Türkmənistan dost və qardaş ölkələrdir. Ölkələrimizi tarixdən gələn ənənələr və dəyərlər birləşdirir. Müstəqillik illərində isə hər iki ölkənin güclü iradəsi nəticəsində qarşılıqlı əlaqələr daha da möhkəmlənib.
Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı mühüm yer tutur. Bu regionda daha çox türk dövlətləri yerləşir. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərməkdədir.
“Əməkdaşlığın əhəmiyyəti yalnız iqtisadi və nəqliyyat layihələri ilə məhdudlaşmır. Son illər Türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsi, ortaq mədəni və humanitar layihələrin həyata keçirilməsi, təhsil, elm və gənclər siyasəti sahələrində əməkdaşlığın genişləndirilməsi də Məşvərət Görüşünün gündəliyində mühüm yer tutur. Bu isə platformanın tədricən çoxtərəfli regional əməkdaşlığın kompleks mexanizminə çevrildiyini göstərir” – deyən YAP İdarə Heyətinin üzvü söyləyib ki, Prezident İlham Əliyevin Türkmənistana budəfəki səfər çərçivəsində də bir sıra tədbirlərdə iştirakı dövlətimizə və onun başçısına göstərilən ehtiramın ifadəsidir. Ümumiyyətlə, Azərbaycan və Mərkəzi Asiya xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.
Deputatın fikrincə, Mərkəzi Asiya dövlətləri də yaxın, dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Təsadüfi deyil ki, Vətən müharibəsində və ondan sonrakı dövrdə bu regionun ölkələri Azərbaycanın haqq işinə dəstək veriblər. Region ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb xüsusi vurğulanmalıdır. Eləcə də, Qazaxıstan tərəfindən Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin və Qırğızıstan tərəfindən Ağdamın Xıdırlı kəndində orta məktəbin tikintisi bunun göstəricisidir. Həmçinin, Türkmənistanın Füzuli şəhərində məscid inşa etməsi türk dövlətlərinin və xalqlarının Azərbaycan xalqı ilə həmrəyliyinin ifadəsidir.
“Bütün bunlar bir daha göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Bütövlükdə, bütün sahələr üzrə əlaqələrin inkişafı Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətləri əhəmiyyətli dərəcədə gücləndirir”, - deyə Pərvin Kərimzadə vurğulayıb.
Deputat onu da qeyd edib ki, Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün yekununda imzalanan Birgə Bəyannamədə ölkəmizin bu platformada tamhüquqlu iştirakı və 2026-cı il oktyabrın 15-də Bakıda keçiriləcək AQEM-in 7-ci Sammitinə hazırlıq yüksək qiymətləndirilib. Sənəddə tərəflər BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı gücləndirmək, suverenlik və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında regional təhlükəsizliyi təmin etmək, eləcə də terrorizm, mütəşəkkil cinayətkarlıq, kibercinayətkarlıq, qanunsuz miqrasiya və transsərhəd fövqəladə hallarla mübarizə sahəsində fəaliyyətlərini genişləndirmək əzmində olduqlarını təsdiqləyiblər. Enerji sahəsində isə tərəflər yeni layihələrin və xüsusilə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Mərkəzi Asiyadan Azərbaycan vasitəsilə Avropaya yaşıl enerjisinin ixracını nəzərdə tutan layihənin önəmini vurğulayıblar.
Azərbaycan Mərkəzi Asiyaya günəş kimi doğur: Prezidentin çıxışı Yeni Yol Xəritəsidir
Xəzər Azərbaycan və Türkmənistanı dostluq və qardaşlıq körpüsü kimi birləşdirir